Zakir Qaralovun yaxınlarına ev tikdi, həbs edildi və özünü asdı...

8d681c8f487025d2ca9ecdb875270f0c

Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Zaur Zahir oğlu Hüseynov özünü asıb. Penitensiar Xidmətin mətbuat xidmətindən bildiriblər ki, intihar xəbərini təkzib və təsdiq etmirlər, hər hansı bir şərh vermirlər. “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Zaur Hüseynov Zakir Qaralov baş prokuror vəzifəsində olarkən barəsində ittihamedici hökm çıxarılıb. Onun həbsinə səbəb isə Zakir Qaralovun yaxınlarının və o dövrdə Baş Prokurorluğun Maddi-Texniki Təminat şöbəsinin rəisi olmuş general Niyaz Məmişovun inşa etdirdiyi binalara görə pulunu tələb etməsi olub. Bu səs-küylü iş 2018-ci ildə məhkəmədə araşdırılarkən Zaur Hüseynov özünün və tanışları Emil Ənvər oğlu Yüzbəyov və əmisi oğlu Əlisultan Vaqif oğlu Yüzbəyovların günahsız olduğunu deyirdi. Bildirirdi ki, həbsləri və onlara verilən ittihamlar qondarmadır, sifarişlidir.

Zaur Hüseynov Xaçmaz sakini olan Əlisultan Yüzbəyov, onun əmisi oğlu Emil Yüzbəyovla birlikdə mühakimə olunurdu. Onlar Baş Prokurorluğun İdarə rəisi Niyaz Məmişovun qızını, nəvələrini öldürməklə təhdid etməkdə, həmçinin onun qardaşı, bizneslə məşğul olan Tərlan Məmişovu hədələməkdə ittiham edilirlər. İttihamda yazılıb ki, 3 nəfər təqsirləndirilən dəstə yaradıb, “sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tərlan Məmişov və onun yaxın qohumlarına məxsus əmlakı ələ keçirmək məqsədilə onların öldürülməsini planlaşdırıblar”.

Təqsirləndirilən şəxslər isə ittihamı qətiyyətlə rədd edirdilər. Deyirdilər ki, Tərlan Məmişovun adının bu cinayət işinə niyə daxil edildiyi, ümumiyyətlə, onlara məlum deyil, onun bu işə heç bir aidiyyəti yoxdur. İttihama görə, Zaur Hüseynov Niyaz Məmişova “Whatsapp” proqramı vasitəsilə mesaj yazıb, ondan əvvəlcə 200 min, daha sonra 1 milyon dollar pul istəyib. Məhkəmədə Zaur Hüseynov isə Niyaz Məmişova mesaj yazıb pul istəməsini təkzib etməmişdi. Bildirmişdi ki, məsələ ittihamda yazıldığı kimi deyil. Məqsəd Məmişovların pulunu ələ keçirmək yox, Niyaz Məmişovun ona borclu olduğu pulu almaq olub. Zaur Hüseynov Baş Prokurorluğun şöbə rəisi üçün Xaçmazda ev tikintisinə rəhbərlik edib, iş icraçısı olub. Zaur Hüseynovun dediyinə görə, uzun müddət Niyaz Məmişovla işləyib. Niyaz Məmişov prokurorluğun keçmiş rəhbərliyinin yaxın qohumları üçün də ona ev tikdirib. Sonuncu işin başa çatmasına az qalmış Niyazi Məmişov onlara pul verməkdən imtina edib. Təxminən 40 minlik borc yaranıb. Zaur Hüseynov bildirib ki, o da istifadə etdiyi tikinti materiallarını nisyə aldığından həmin adamlara borcu yaranıb. Adamlar borclarını istəyəndə isə çıxılmaz vəziyyətə düşüb. Niyaz Məmişov da pulu ödəmək istəməyib. Zaur Hüseynov məhkəmədə demişdi ki, Niyaz Məmişovun qardaşı Tərlan Məmişovun adını bu işə qoşmaqla istintaq orqanı hadisənin başvermə səbəbini ört-basdır eləmək istəyib.

Məhkəmədəki çıxışından sitat:

“Belə qələmə verirlər ki, Tərlan Məmişov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə ondan pul almaq istəyiblər, qardaşını da bu işə qoşublar. Əgər elədirsə, niyə Tərlan Məmişova yox, Niyaz Məmişova göndərilib mesaj? Çünki məsələ onunla bağlı olub. O, işlətdiyi ustaların, evinə sərf olunan materialların pulunu verməkdən imtina etdiyinə görə narazılıq yaranıb. Tərlan Məmişovun bu işə aidiyyəti bircə odur ki, vaxtilə qardaşını Zaur Hüseynovla o tanış edib. Vəssalam...”

Məhkəmə Zaur Hüseynova 13 il 6 ay, Yüzbəyovlara isə 10 il cəza verib.  Zaur Hüseynov 2019-cu ilin oktyabrın 1-də, Prokurorluq günü Zakir Qaralova və onun baş kassiri Məmişova etiraz əlaməti olaraq ölüm aclığı da keçirmişdi. Tələb edirdi ki, barəsində tərtib edilmiş saxta, qondarma cinayət işinə xitam verilsin.

Zaur Hüseynovun himayəsində 3 uşaq vardı.

Əlaqəli xəbərlər