“Ədəbiyyat adamları müxtəlif olur: Kimi qarnını fikirləşir, kimi də xalqı, dövləti...”

firudin-celilov.jpgFirudin Cəlilov: “Oljasın məni görən kimi ilk dediyi söz bu oldu: Qarabağla bağlı vəziyyət necədir?”
Ölkəmizdə səfərdə olan Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov Qarabağ münaqişəsinə, bu münaqişənin doğurduğu fəsadlara diqqət çəkib, ədəbiyyat adamlarını Qarabağ probleminə biganə qalmamağa səsləyib.

Ədəbiyyat adamlarının Qarabağ probleminə maraq göstərməsi bu problemin mövcud statusu baxımından nəyisə dəyişə bilərmi? Belə bir baxış Qarabağ münaqişəsinin ədalətli həlli baxımından nə dərəcədə zəruridir?

Moderator.az-a açıqlama verən sabiq təhsil naziri, professor Firudin Cəlilov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ədəbiyyat adamları müxtəlif olur: Kimi qarnını, qazancını fikirləşir, kimi də xalqı, dövləti... Sizə O.Süleymanovla bağlı bir fakt deyim. 1996-cı ildə türk aydınlarının Parisdə qurultayı keçirildi. Hər ölkədən bu qurultaya bir neçə tanınmış ziyalı dəvət etmişdilər. Oljas həmin vaxt İtaliyada səfir işləyirdi. Onu bu ölkədən dəvət etmişdilər. Çngiz Aytmatov da bu qurultayda idi. Azərbaycandan isə mənimlə Anarı dəvət etmişdilər. Həmin qurultayda Oljas məni görən kimi gəlib qucaqladı və ilk sözü bu oldu ki, Qarabağla bağlı vəziyyət necədir? Yəni O.Süleymanov bu məsələni bu gün qaldırmır. Qarabağ onu 90-cı illərdən narahat edən bir məsələ idi. Oljas kimi aydınalr, ədəbiyaytçılar, ziyalılar tək-təkdir. Oljas yalnız Qazaxıstanın deyil, bütün türk dünyasının ən sevimli yazarıdır. Onun “Az-ya” kitabı o vaxt əl-əl gəzirdi və tarixşünaslıqda böyük dönüş yaratdı. Yəni demək istədiyim budur ki, Qarabağla bağlı bu sözü hər bir ziyalı deyə bilər. Amma Oljasın deməyinin böyük əhəmiyyəti var. Çünki onun çəkisi ağırdır. Oljası Azərbaycana kim dəvət edib bilmirəm. Onunla görüşmək imkanım olmayıb. Görüşsəm, xalqımızın adından mən də ona öz təşəkkürümü bildirəcəm”.

Seymur ƏLİYEV

Əlaqəli xəbərlər