Keçmiş klub müdirindən nazirə şikayət-10 il dövlətə ziyan vurub...

1613848742 665551
 
Cəlilabad rayon Muğan kənd sakini, ikinci qrup əlil Ağayev Hidayət İsgəndər oğlu saytımıza şikayət məktubu göndərib. H.Ağayev məktubunda Muğan kəndinin keçmiş klub müdiri Abbasov Asif Qüdrət oğlunun fəaliyyətindən mədəniyyət naziri Anar Kərimova şikayət edib. Şikayətçi keçmiş klub müdirinin 10 il dövlətə ziyan vurduğunu iddia edir.
Müraciətdə deyilir:
Hörmətli cənab nazir!
Mən Ağayev Hidayət İsgəndər oğlu Cəlilabad rayon Muğan kəndində anadan olmuşam. İkinci qrup əliləm. Uzun müddətdir ki, Muğan kənd bələdiyyəsində işləyirəm. Lakin bələdiyyədə edilən saxtakarlıqlar nəticəsində məndən xəbərsiz məni yer quruluşcu vəzifəsindən azad edərək yerimə Abbasov Asif Qüdrət oğlunu təyin ediblər. Təbii ki, bununla bağlı mən artıq məhkəməyə və prokurorluğa şikayət etmişəm. 
Sizə müraciət etməkdə məqsədim Abbasov Asif Qüdrət oğlunun Cəlilabad rayon Mədəniyyət Mərkəzinin himayəsi altında dövlətə vurduğu ziyan haqdadır.
 Abbasov Asif Qüdrət oğlu Cəlilabad rayon Muğan kəndində saxta, kağız üzərində 2007-ci ildə yaradılan mədəniyyət klubunun müdiri təyin olunub. O, həyat yoldaşı Abbasova Mətanət Ağalar qızını isə kluba xadimə təyin edib. Bu adam həyat yoldaşı ilə birlikdə 10 il, yəni 2017-ci ilə kimi dövlətdən maaş alıb. Hansı ki, adı çəkilən Muğan kənd klubunun bu illər ərzində heç bir fəaliyyəti olmayıb.  Klubun nə stol, stulu, nə orkestrı, nə də dirijoru olub. Bütün bu saxtakarlıqlara isə Cəlilabad Mədəniyyət Mərkəzi birbaşa himayədarlıq edib. 
Daha sonra isə sakinlərin şikayətindən sonra heç bir fəaliyyəti olmayan klubun saxta fəaliyyəti də dayandırılıb. Bu klub isə bu illər ərzində guya Muğan kənd icra nümayəndəliyinin binasında yerləşib. 
Hörmətli cənab nazir!
Sizdən xahişim odur ki, bununla bağlı Cəlilabad rayon Mədəniyyət Mərkəzində araşdırma aparılması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. A.Abbasovun 10 il ərzində həyat yoldaşı ilə birlikdə dövlətdən maaş alması birbaşa korrupsiya faktıdır. 10 il dövlətə ziyan vuran bu adamın məsuliyyətə cəlb edilməsini sizdən xahiş edirəm. 
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
Redaksiyadan: Məsələylə bağlı yazıda adları hallanın şəxslərin də mövqeyini işıqlandırlamağa hazırıq.
Miq.Az

Əlaqəli xəbərlər