Gələcək kitabdan səhifələr- Köçəklidən başlanan Vətən yolu və yaxud, ölüm şahə qalxıb kişnəyən yerdə...

1617525505 168916114 1132350580561709 2078176196789211660 n

Cənub.az”dan xatırlatma: Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və Masallı Təhsil Fondunun təşkilati dəstəyi ilə həmyerlimiz yazıçı - jurnalist Nurəddin Ədiloğlu Vətən müharibəsində şəhid olmuş masallılıların döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” adlı xatirə kitabını nəşrə hazırlayır. Kitaba 51-i Masallıda  və 11 -i ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan şəhidlər haqqında məqalələr toplusu daxil ediləcək. “Cənub.az” saytı müəllifin  mayor Anar Novruzov (Ərkivan),Vətən Müharibəsi Qəhrəmanı polкovniк-leytenant Ramiz Cəfərov (Ağakişibəyli), əsgər Əsəd Əsədli (Çayqıraq), əsgər Şahin Ağayev (Öncəqala), əsgər Ruslan Abbasov (Xırmandalı), əsgər Şaiq Kəlbiyev (İsgəndərli),  Vətən Müharibəsi Qəhrəmanı gizir İntiqam Əsgərli (Viləş), əsgər Əbdülrza Rəfibəyli (Boradigah) və əsgər Əlisa Əliyev (Qızılağac) haqqında bədii-publisistik yazılarını oxuculara təqdim edib. Növbəti yazı baş gizir İntiqam Abbasovun (Köçəkli) döyüş yoluna həsr olunub.

                                    

                                                       Baş gizir İntiqam Abbasov

İntiqam Yavər oğlu Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köçəkli kəndində anadan olub. 1985-1996-cı illərdə Sərhəddin Rəhimov adına Köçəkli kənd tam orta məktəbində təhsil alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən sonra birillik gizir hazırlığı kursu keçərək müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. 6 il Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə gizir rütbəsində tank komandiri kimi vəzifə borcunu yerinə yetirib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2017-ci ildə baş gizir rütbəsinə layiq görülən İ.Abbasov qüsursuz xidmətlərinə görə dəfələrlə diplomlar, fəxri fərmanlar və medallarla təltif edilib.

 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın 7 kəndinin azad edilməsində sücayət göstərib. Sentyabrın 29-da cəsur gizir Füzulidə strateji yüksəkliklərdən birinin geri alınması zamanı aldığı qəlpə yarasından şəhid olub. Masallı rayonunun Köcəkli kəndində dəfn olunub.

    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

                                                             ***

                                                               Ən şərəfli və qürurlu peşə

 

...İntiqamın Vətənə sonsuz məhəbbəti,  elə-obaya bağlılığı və sevgisi doğma Köçəklidən başlamışdı. Orta təhsil aldığı məktəb şəhid Sərhəddin Rəhimovun adını daşıyırdı. Sərhəddinlə başqa digər həmkəndliləri Ceyhun , Fəttah da Birinci Qarabağ savaşında şəhid olmuşdular. Böyük qardaşı Əlirza isə ağır yaralanmışdı. Kim bilir, bəlkə İntiqamın hərbçi olmaq istəyi düşməndən intiqam almaq hissindən yaranmışdı?! O, məktəbdə riyaziyyat fənnini yaxşı mənimsədiyinə görə hamıdan seçilirdi. Müəllimləri, bir parta arxasında oturduğu şagird yoldaşları, yaxınları onun riyaziyyatçı olacağını düşünsələr də, o, öz taleyini şərəfli hərbçi peşəsinə bağladı. Həqiqi hərbi xidmətdən sonra Müdafiə Nazirliyinin “Gizir hazırlığı kursu”na qəbul olundu. Sevib-seçdiyi peşənin müqəddəsliyindən hər zaman qürur duydu. Hərbi təlimlərdə silah və texnikadan istifadə etməyi, döyüş taktikasını mükəmməl öyrəndi. Qızı Xədicə, oğlu Əli ataları ilə fəxr edirdilər. 2006-cı ildən İntiqam xidmətini Pereküşkül hərbi şəhərciyində davam etdirirdi. Piyadaların Döyüş Maşınının (BMP) komandiri olan İntiqam Abbasov Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif edilmişdi, 2016-cı  ildə Aprel döyüşlərində şücaət göstərmişdi. Azərbaycan Silahlı Qüvvələrinin baş giziri kimi yaxasını “Qüsursuz xidmətə görə” III, II və I dərəcəli medallar bəzəyirdi... Allaha ibadət etiyinə, namaz qıldığına görə xidmət etdiyi hərbi hissədə “Hacı” titulu qazanmışdı. Hər dəfə yolu doğma Köçəkliyə düşəndə İntiqam kənd qəbristanlığında əzizlərinin və şəhidlərin məzarlarını bir-bir ziyarət edərdi. Ceyhun Yaqubov, Fəttah Şamıyev, 2000-ci ildə hərbi xidmətdə həlak olan Gülhüseyn Orucov... Baş daşları yan-yana olan Sərhəddin və Əli Rəhimovlar əmioğlu idilər. Əli 2014-cü ildə təmas xəttində baş verən döyüşlər zamanı həlak olmuşdu. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif edilən Əlinin 19 yaşı vardı.  İntiqam hər dəfə bu şəhid məzarlarının önündə dayanıb ruhlarına dua oxuyanda ürəyində düşmənə sonsuz nifrət hissi oyanardı...

                                                       Ölüm şahə qalxıb kişnəyən yerdə...

...Sentyabrın 24-də qızı Xədicənin Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsinə daxil olması xəbərini eşidəndə İntiqam çox sevinmişdi. Ömrünün 23 ilini hərbi peşəyə həsr edən 42 yaşı baş gizir ilk övladının tələbə adını qazanması münasibətilə evində təşkil olunan qonaqlıq məclisində iştirak edən günün ailəsi ilə son görüşü olacağnı ağlına da gətirmirdi.  Müəllimlik peşəsini seçən qızı Xədicəyə söz verdi ki, tezliklə məzuniyyətə çıxacaq, onu daxil olduğu ali məktəbə özü aparacaq, gedib-gələcəyi yolları öyrədəcək. Amma...

   Sentyabrın 27-də işğalçı erməni faşistləri tərəfindən Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Ağdərə istiqamətlərində Milli Ordumuzun mövqelərini iriçaplı silahlardan, ağır artilleriyadan atəşə tutulanda İntiqam “öncə Vətən” deyib dərhəl hərbi hissəyə dönməyə qərar verdi. Həyət yoldaşı Sifayi xanım deyir ki, bizimlə vidalaşanda İntiqam Kərbala şəhidi həzrət İmam Hüseynə salavat və salam gətirdi. Sanki müqəddəs bir yola - əbədiyyət yoluna çıxdığını bilidi. Bilirdi ki, bu müqqəddəs YOL onu Qarabağa - şəhidlərimizin qısasını almağa aparır. Bu yol mərdlik, cəsurluq, vətənpərvərlik yolu idi. Bu yol qəhrəmanlığa və şəhidliyə yüksəliş idi... Qatıldığı hərbi hissə əks-hücum zamanı düşmənin canlı qüvvəsini və döyüş texnikasını məhv edə-edə Füzulinin, Cəbrayılın bir neçə kəndini, strateji yüksəklikləri azad etməyə nail oldu. Qaraxanbəyli kəndində son döyüşündən qabaq İntiqam qaynı Kamran Əbilova zəng edib: “Bu savaş ölüm-qalım savaşıdır, nəyin bahasına olursa, olsun torpaqlarımızı geri almalıyıq, əgər şəhid olsam, uşaqlar sənə əmanət olsun...” demişdi. Qardaşı Sədinin dediyinə görə, İntiqam sentyabrın 29-da sübh namazından sonra şəhadətə qovuşub.

                                                    Şəhid oğluna layla çalan Həqiqət ana...

  Həqiqət Şıxverdi qızının boya-başa çatdırdığı 4 oğlunun hər biri Vətənə övladlıq borcunu sədəqətlə yerinə yetirmişdi. İntiqam isə anasının qulluğunda həm də qız övladı kimi durmuşdu. Şəhid balası son mənzilə yola salınan o payız günü göz yaşlarından köynək geyən ana layla deyirdi. O gün Həqiqət özü sanki anası ağlayan Vətən idi... İntiqamın beşiyinin başında çaldığı layla ilə şəhid balasını yola salırdı: 

                                   Laylay dedim, can dedim,

                                     Yuxudan oyan dedim...

    İntiqmın doğma övladlarından nigaran RUHU da ana laylasının sehrində rahatlıq tapırdı. O gün qəhərman 

İntiqmın nəşi Vətən yoluna çıxdğı doğma Köçəklidə “Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!”, “Ən böyük əsgər, bizim əsgər” nidaları altında uğrunda canınını fəda etdiyi torpağa əmanət edildi. Böyük izdihamla keçirilən dəfn mərasimində baş gizir İntiqam Abbasovun tabutunun büküldüyü Azərbaycan bayrağını Masallı rayon İcra Hakimiyyətini başçısı Şahin Məmmədov şəhidin məktəbli oğlu Əli Abbasova təqdim edəndə dedi: “Sizin atanız Vətən uğrunda şəhid olub. Onun ruhu qarşısında hər birimiz baş əyirik.” Əli  müqəddəs bayrağı öpərək gözlərinin üstünə qoydu. Artıq İntiqam təkcə öz övladlarının yox, boy atdığı Köçəkli kəndinin adını dillər əzbəri eləmişdi. Bəli, Vətən şəhid övladlarının hesabına yaşayırsa, deməli onu göz bəbəyi kimi qoruyanlar var.  Azərbaycanın ərazi bütövlüyü uğrunda minlərlə Vətən oğlunun sayəsində qazandığımız qələbədə baş gizir İntiqam Abbasovun da payı vardı. Bu gün hər birimiz Vətən torpaqlarımızın azadlığı yolunda canını əsirgəməyən İntiqam kimi igidlərə borcluyuq... Şəhid məzarının önündə deyildiyi kimi, hər bir Azərbaycan gənci öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir...

                                               İntiqamın ömrünün davamı olan xatirələr... 

Millət vəkili Məşhur Məmmədovun köməkçisi Hekayət Nəzərovla Köcəkli kəndində olarkən şəhidin ailə üzvləri ilə görüşdük, oğlu şəhid olandan bir neçə günsonra infark keçirmiş Həqiqət ananı kənd tibb mətəqəsinin həkimi Fəzail Mehdiyev müayinə edirdi. İntiqam barədə xatirələrini danışmaq nə qədər ağır olsa da qardaşları Əlirza, Sədi və Ramin onunla fəxr elədiklərini söyədilər. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Əlirzanın oğlu Zaur Əhədli də Vətən müharibəsində başından qəlpə yarası almışdı.

 

 İntiqamın oğlu Əli atası ilə özünün həyat hekayəsini bizə qürur hissi ilə danışır: “Sinif yoldaşlarıma həmişə atamın məni hərbi döyüş maşınlarına baxmağa apardığından bəhs edərdim. Atam dəfələrlə Bakıda Azadlıq meydanında keçirilən paradlarda öz hərbi döyüş maşını ilə öndə gedərdi...”

    ...İşdən evə gələndə namaz qılıb, ibadət edəndən sonra övladlarını öpüb-oxşayanda İntiqam onlara başlarını dik tutmağı tövsiyyə edərmiş. Şəhidin tələbə qızı Xədicə təhsil xərclərinin Masallı Təhsil Fondu tərəfindən ödəniləcəyini razılıqla dilə gətirdi. Bildirdi ki, ali təhsil müəssisələrində pedaqoji təhsil alan imkansız və şəhid ailələrinin qızlarına fondun maddi və mənəvi dəstək göstərməsi alqışa layiqdir. Xədicəyə “Şah İsmayıl” kitabını hədiyyə etdik, çox sevindi: “Mən Azərbaycan tarixini, Şah İsmayıl haqqında yazılanları həvəslə oxuyuram” dedi. İntiqamın kiçik qardaşı Ramin dedi  ki, Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə kompleksi inşa olunur. Tikintisi kənd xeyriyyə cəmiyyətinin təşəbbüsü və xeyirxah insanların köməyi ilə reallaşan abidədə kəndin bütün şəhidlərinin adları və şəkilləri həkk olunacaq. Onu da qeyd edək ki, Masallı şəhərinin mərkəzində və kəndlərində Birinici və İkinci Qarabağ müharibəsinin şəhidlərinin adlarının əbədiləşdirilməsi və xatirələrinə ucaldılan abidə kompleksləri onların ruhuna hörmət və ehtiramın təcəssümüdür. Əbədiyyətə qovuşmuş igid və qəhrəman döyüşçülərimizin xatirəsinin əziz tutulması onların doğmalarının və bütün rayon sakinlərinin böyük razılığı ilə qarşılanır.

Nurəddin ƏDİLOĞLU

Əlaqəli xəbərlər