“BƏLKƏ DİN ÜZRƏ VİTSE-PREZİDENT VƏZİFƏSİ OLSUN?…” – Sabiq deputatdan din dərsləri təklifinə sərt reaksiya

Alqis Hesenoglu2006201801“Orta məktəblərdə dini dərslər keçiriləcəksə… Mütəxssislər gərəkdir. Mütəxəssislər isə ya yoxdur, ya da kifayət qədər deyil. Onda nə etməli?”

Araz.az-ın məlumatına görə, sabiq deputat Alqış Həsənoğlu orta məktəblərdə din dərslərinin keçirilməsi barədə müzakirələrə həsr etdiyi “Facebook” statusunda bunları yazıb.

A.Həsənoğlu belə təkliflərə sərt və ironiyalı reaksiya verib: “İlk növbədə yada dini təhsil verən İlahiyyət İnstitutu düşür. Deməli, orta məktəbləri mütəxəssislərlə təmin etmək üçün bu institutun fəaliyyətini genişləndirmək lazımdır.

Təbii ki, tələbə qəbulunun sayını artırmaq qaçılmazdır.

Tələbələrin sayı artacaqsa, müəllimlərin sayı artmalıdır.

Tələbə-müəllim heyəti böyüyürsə, sözsüz ki, institutun binası böyüməlidir, büdcəsi atrmalıdır. Və sair.

Orta mktəblərə dini tədris edən mütəxəssislər cəlb edəndən sonra təklif vermək olar ki, məktəblərdə dini məsələlər üzrə direktor müavini ştatı yaradılsın. Necə ki, icra hakimiyyətlərində ictimai-humanitar şöbənin dini işlər üzrə müavini var.

Beləcə, təsərrüfatı əməlli-başlı genişləndirmək mümkündür…

Sonra da məsələ qaldırmaq olar ki , maarif şöbələrində dinin tədrisi məsələlərinə cavabdeh olan bölmə yaradılsın.

Sonra da təklif vermək olar ki, Təhsil Nazirliyində dinlə bağlı müvafiq struktur təşkil edilsin.

Bir az da keçəndən sonra demək olar ki, bəlkə dini məsələlər üzrə vitse-prezidentlik vəzifəsi təsis olunsun?…

Mənim üçün maraqlıdır, həm də aydın deyil ki, bu nə tendensiyadır?

Amma bir şey aydındır ki, bu, cahilliyə qarşı çıxan maarifçilik xətti deyil, “yaşıl bazar” açmaqdır…”

“AzPolitika”

Əlaqəli xəbərlər