Masallı rayonu hərraca çıxarılıb, satılır (FOTO)

18342B9A 7FAA 4754 9000 E758DCAE2235

Masallı ölkənin ən böyük kənd rayonlarından biridir. Problemə keçməzdən əvvəl qeyd edək ki, Boradigah-Masallı yolunun üstündə yerləşən kəndlərdə iqtisadi vəziyyət digər kəndlərə nisbətən bir qədər yüksəkdir. Bu kəndlərin sakinlərinin bir çoxu Rusiyada və Bakıda ciddi biznesə malikdirlər. Bu kəndlər mühüm əhəmiyyətli şossenin üstündə yerləşdiyi üçün bu mühüm yolun kənarında ticarət obyektləri tikmək kimi imkanlara sahibdirlər. Buna görə də bu yolun kənarındakı ərazilər yerli məmurların qazanc yerlərinə çevrilib. Müstəqilliyin son illərində artıq yol kənarındakı bütün torpaqlar məmurlar tərəfindən ayrı-ayrı şəxslərə satılıb. İndiki məmurlar bu yolun kənarında torpaq bitdiyi üçün artıq bilmirlər nəyi satıb qazanc əldə etsinlər. Rayon sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, artıq yolun kənarında olan abidələrin, məktəblərin, bağçaların, kitabxanaların ərazisini satmağa başlayıblar.

Bir müddət əvvəl bu yolun Qızılavar kəndi ərazisində, yol kənarındakı Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan möhtəşəm abidə ağır texnikanın köməyi ilə bir gecədə əhalidən xəbərsiz yerlə-yeksan edildi və torpağı ticarət obyektinin inşası məqsədi ilə satıldı. Lakin bu yeri satmaqdan əvvəl özlərini sığortalamaq üçün kənd sakinlərinin 20 nəfərindən abidəni sökmək üçün “xahiş” məktubu almaq və digər bir görünməz yerdə kiçik bir abidəni elə alıcının vəsaiti ilə tikməyi də unutmayıblar. Hazırda kənd əhalisinin şikayəti əsasında rayon prokurorluğu cinayət işi açmağa məcbur olub, lakin hələ də cinayətkarlar saxlanılmayıb.

Bir müddət əvvəl məmurlar bu kənddə yerləşən ümumi orta məktəbi də ləğv edib, kənddəki digər tam orta məktəbə birləşdirdilər. Kənddə yerləşən ləğv edilmiş məktəbin ərazisinin satılması planlaşdırılır. Kənddə olan tam orta məktəbin isə şosse və kənd yolları ilə sərhədi boyunca bütün torpaqlar isə çoxdan vətəndaşlara satılıb. Hazırda Qızılavar kənd tam orta məktəbi tamami ilə dükanların, çayxanaların əhatəsindədir və ora daxil olmaq üçün bir dar cığır mövcuddur.

Bir müddət öncə Bədəlan kənd uşaq bağçası güya yararsız olduğu üçün həmin kənddə yerləşən tam orta məktəbin bir korpusuna köçürüldü. Əhalini inadırdılar ki, bina qəzalıdır və o təmir olunandan sonra uşaq bağçası yenidən əvvəlki binasına köçürüləcək. Lakin bunun əvəzində tam orta məktəbin əsas tədris korpusunu məktəbdən alıb oranı uşaq bağçası kimi uyğunlaşdırıb təmir etdilər. Məktəb şagirdlərini isə məktəbin yardımçı otaqları kimi nəzərdə tutulan digər korpusuna köçürtdülər. Hansıkı layihədə həmin korpus sinif otaqları kimi nəzərdə tutulmamışdı. Bu azmış kimi məktəbin bir hissəsini və ona bitişik torpağını də əhatəyə alıb uşaq bağçasına verdilər. İndi məktəbin transformator, çirkab su anbarı, yanğın su anbarı, sanitar qovşaqlar, qazanxana və ən əsası transformator olan hissəyə birbaşa daxil olmaq olmur. Məktəbin ehtiyat çıxışlarından biri isə ümumiyyətlə bağlandı. Ən böyük problem isə odur ki uşaq bağçasına girmək üçün əvvəl gərək hökmən məktəbin ərazisinə daxil olasan. Məktəb darvazası bağlı olan zaman isə bağçaya giriş mümkün deyil.

Bu günlərdə isə şosse kənarındakı uşaq bağçası naməlum hərrac yolu ilə satıldı. Bu dəfə də özlərini sığortalamaq üçün təhlükəsizlik tədbiri görməyi unutmayıblar. Güya binanı alan sahibkar orda özəl uşaq bağçası yaradacaqmış. Uşaq bağçasının binası satılan zaman ona xeyli torpaq sahəsi də əlavə edilib. Hansıkı bu toprpağın bir qismi qonşuluqda yerləşən 71 saylı Masallı kənd Seçki Dairəsinin inzibati binasına aiddir. Hazırda DSK-nın binasının kənarından avtomobilin keçməsi mümkün deyil və binanın bir metrliyində artıq tikiləcək hasarın təməli də qazılıb. Satılmış keçmiş bağça binasının girişini daraldan, son ildə ləğv edilən kənd kitabxana binasının da ara sakitləşəndən sonra satılması planlaşdırılır. Çünki həmin ləğv edilmiş kitabxananın binası həmin sahibkara satılmasa həmin yerdə şosse yoluna baxan möhtəşəm ticarət obyekti tikmək mümkün deyil. Bağça, kitabxana binası satmaq bu kənddə problem olmamaldıır, çünki illər öncə kənd mədəniyyət evi ləğv edilib torpağını vətəndaşlara satmaq mümkün olmuşdu…

Masallıdan redaksiyamıza daxil olan şikayətlərlə bağlı araşdırmalarımız davam edir.

Murad Əhmədov

AzToday.az

Əlaqəli xəbərlər