MƏNƏVİ SARSINTILARA MƏRUZ QALAN HƏRBÇİ ZABİT İCRAÇILARI CİDDİ FAKTLARLA İTTİHAM EDİR --

726809AD 4F65 4D49 95DE A7EC2865EFCD

Nizami HÜSEYNOV: "BİLMİRƏM, BU ÇƏTİN VAXTLARIMDA MƏHKƏMƏ İCRAÇILARININ BAŞIMA AÇDIQLARI OYUNLARDAN ÇIXMAĞIN YOLLARINI AXTARIM, YOXSA ALİMENT ÖDƏYİM?!"

Aliment anlaşılmazlığı ətrafında  yaranan çoxsaylı problem və qalmaqallar bu mövzunu gündəmdən salmır ki, salmır. Ölkəmizdə sayı gündən-günə artan boşanmaların yaratdığı həyacan siqnalları yanında, aliment ödənişindəki mövcud xoşagəlməzliklər də həmişə özünə xüsusi yer tutur. İctimaiyyətin bütün təbəqəsini əhatə edən talesizlərin inzibati həbsə məruz qalması və cinayət məsuliyyətinə cəlb edilməsi barədə həyacan dolu xəbərlərin durmadan artması belə xoşagələn olmur. Adını və soyadını bu yazımızın sərlövhəsində çəkdiyimiz şəxs də, bu xoşagəlməz mühitin əziyyətini başqa formada çəkən həmin talesizlərdən biridir. Özü, Azərbaycan Silahlı Qüvvələri tərkibindəki qüsursuz qulluğuna görə, çoxsaylı hərbi mükafatlara layiq görülən və Milli Orduda həmişə ehtiyacı duyulan mühəndis hərbi-uçot ixtisaslı peşəkar mütəxəssis olmasına baxmayaraq, bu sistemdə tüğyan edən problemlər onun da başına olmazın oyunlar açıb.


Bəs, aliment təyini və icrası prosesləri zamanı qanun çərçivəsindəki hansı meyarlar əsas götürülməlidir ki, aliment ödəyən tərəf, bu yazının qəhrəmanı kimi, həmin xoşagəlməzliklər məngənəsində incidilib, mənəvi sarsıntılara məruz qalmasın? Bu sualın tam cavabı olaraq, onun, araz.az saytının əməkdaşları ilə bölüşdüyü dərd-sərinin qısa təfərrüatına baxmaq kifayətdir...

ŞƏRƏFLİ XİDMƏT YOLUNDA GÖZLƏNİLMƏZ MANEƏ, QANUNSUZLUĞUN KƏSKİN AĞRILARI VƏ...

47 yaşını yenicə tamamlayan mayor rütbəli bu hərbçi-mütəxəssis 1989-cu ilin payızında doğulub, boya-başa çatdığı İmişlidən həqiqi hərbi xidmətə çağırılıb və xidmət dövründəki uğurlarıyla Rayon Hərbi Komissarlığının adına nüfuz gətirənlərdən olub. Sonra, o, Rusiya Federasiyasındakı Nijni Novqorod Ali Hərbi İnşaat-Mühəndislik Məktəbinə daxil olub və 1993-cü ildə, oranı da, müvəffəqiyyətlə bitirib. O vaxtdan üzübəri, düz 26 il, Milli Ordu sıralarında ona verilən hərbi tapşırıqları şərəflə yerinə yetirməkdən qürur duyub.
Vətənə xidmət borcunu ləyaqətlə yerinə yetirdiyi həmin vaxtlar səhhətini ciddi problemlərlə üz-üzə qoyacağı Nizami Hüseynovun ağlına belə gəlməyib. Bunun nə demək olduğunu, yalnız, 2011-ci ildən səhhətində yaranan ağrılar, 2016-cı ilin yazında daha da kəskinləşərkən bilib. Xidmət keçdiyi hərbi hissə komandirinin 25.04.2016-cı il tarixli müraciət-göndərişi əsasında, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli həkimləri onu hərtərəfli müayinə edərək, hərbi xidməti dövründə aldığı ciddi xəstəliyin diaqnozunu ortaya çıxararkən, deyilənlər özünə də tam məlum olub. Onda, psixoemosional gərginliklər zamanı ürək nahiyəsində başlayan kəskin ağrıları birbaşa funksional ürək çatışmazlığı yaratdığından, o, elə, bu hospitalda da dəfələrlə ambulator və stasionar müayinə və müalicədən keçib. Bu prosesin uzun çəkməsi və müsbət nəticə verməməsi səbəbindən, -- özünün ciddi etirazlarına baxmayaraq, -- hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün, bütün sənədləri toplanaraq, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinə göndərilib. Sonda, hərbçi-mütəxəssisin ürək nahiyəsindəki kəskin ağrılardan, ümumi halsızlıqdan, fiziki hərəkət zamanı təngnəfəslikdən, ürəkdöyünmədən əziyyət çəkdiyi Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Statlı Hərbi-Həkim Komissiyası tərəfindən çıxarılan qərara qeyd olunub. Hərbi qulluğa, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılığı barədə komissiyanın rəyi isə, ona verilən 26.05.2016-cı il tarixli Xəstəlik Haqqında Şəhadətnamədə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" kimi göstərilib. Onu da qeyd edək ki, komissiya heyəti bu rəyini, Respublika Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamə"yə qoşma olan "Xəstəliklər cədvəli"nin müvafiq maddəsinin tələbi əsasında imzalayıb. Mayor Nizami Hüseynovun özü Milli Orduda xidmətini davam etməkdə israrlı olsa da, elə, həmin diaqnozla 2016-ci ildən ehtiyata buraxılıb. Həmin ilin 20 noyabrından isə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən, 39 il 15 gün xidmət müddətinə görə, ona, təminat xərcliyinin yüz faizi məbləğində əmək pensiyası təyin edilib. Respublika prezidentinin müvafiq sərəncamı əsasında, 2018-ci ilin mart ayının 1-dən isə, onun sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı ilə bərabər, rütbə maaşı, xidmət illərinə və məharət dərəcəsinə görə faiz əlavələri, ərzaq payı əvəzinə kompensasiyası da artırılaraq, cəmi təminat xərcliyi 1015,75 manata çatdırılıb. Göstərilən tarixdən pensiyasını artan bu məbləğdə almasına baxmayaraq, o vaxtdan indiyədək, onun və ailə üzvlərinin dolanışığı olduqca çətinləşib: Ehtiyatdakı hərbçi-mütəxəssis nəinki müalicəsi ilə məşğul ola bilmir, hətta ailəsini normal dolandırmaqda belə acizdir.
Nizami Hüseynovun özünün dediyinə görə, onu belə bir çətinlik məngənəsində sıxma-boğmaya salan əsas günahkar Ədliyyə Nazirliyinin birinci dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovdur: "O, İmişli rayon İcra və Probasiya Söbəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyi qısa müddət ərzində, başıma müsibətlər gətirib. Sözün həqiqi mənasında, rəis əvəzinin qanun çərçivəsinə sığmayan və mənə qarşı sərt zərbəyə çevrilən bəd əməllərinin kəskin ağrısı, həmin vaxtdan mənə, orduda keçdiyim şərəfli xidmət yolunun sonuna yaxın bir maneəyə çevrilən ciddi xəstəliyimin kəskin ağrılarından betər təsir göstərir. Bu ağrılarının kəskinliyi, özüm qarışıq, xoş həyat naminə ikinci dəfə qurduğum ailəmin digər üç üzvünü də yamanca incidib, narahat edir. Məhz, normal yaşayışımız yolunda əngələ çevrilən bu və digər qanunsuzluqları aradan qaldırmaq üçün, qanunun bu istiqamətli bütün tələblərini öyrənmək məcburiyyətində qalmışam. Artıq, sabit məbləğdə və aylıq qazancın bir hissəsindən tutulan, uşaqların yaşayış minimumuna uyğun olaraq, hesablanan alimentə aid bütün məsələlərdə hansı meyarların əsas götürüldüyünü həmin icra məmurundan yaxşı bilirəm. Bundan sonra bir daha mənə məlum olub ki,
Ruhin Xəlilov rəis əvəzi olaraq, məndən xəbərsiz haqqımda verdiyi qərarları, barəmdə bir çox idarələrə yazdığı məktubları bir məmur kimi yox, mənimlə düşmən mövqeyində olan bir şəxs kimi imzalayıb. Törətdiyi belə əməllərə görə, onun gec-tez qanun çərçivəsində cavab verəcəyinə şübhəm qalmır!
Onunla görüşəndə də, demişəm ki, mənə qarşı düzgün mövqedə olmaması ona baha başa gələcək. Nə olsun, belə qanunsuz işlərinə etiraz etdikdə adamı eşitmək, bu qanunsuzluqları aradan qaldırmaq istəməyib. "Burda mənəm, Bağdadda kor xəlifə!" xülyası ilə hərəkət etməsi, atdığı hər addımdan məlum olub. Sanki işlərini qanunlarımızın tələbləri çərçivəsində qurmaqda heç vaxt maraqlı olmayıb.
Ona dəfələrlə demişəm ki, bu gün sabit məbləği 160 manat olan aliment, əmək qabiliyəti və maddi imkanı olan valideyndən uşaqların sayına görə tutulur. Və mən heç vaxt bundan imtina etməmişəm. Çünki qanunvericiliyin
"əmək qabiliyyətin varsa, uşaqlarını saxlamalısan!" tələbini yaxşı bildiyim və bütün uşaqlarıma eyni gözlə baxdığım üçün, birinci həyat yoldaşımdan olan iki oğluma görə, aliment ödədiyim vaxtlar ortada heç bir problemin yaranmasına imkan verməmişəm. Uşaqların anası ərə gedəndə və mən onu məhkəməyə verəndə isə, qanunun tələblərinə uyğun olaraq, aliment ödənişini dayandırıb, veriləcək məhkəmə hökmünü gözləmişəm. Ruhin Xəlilov isə, bu müddətə görə, mənə görünməmiş borc kəsib. Ancaq bilməyib ki, o vaxt borc barədə məhkəməyə müraciət edilir ki, aliment ödəməli olan şəxs, yəni mən, qərəzli formada bundan boyun qaçırım. Məndə isə, heç vaxt belə hal olmayıb. Yeri gəlmişkən, onu da deyim ki, Ruhin Xəlilov borc haqqında qərarın çıxarılması üçün, rayon məhkəməsinə də müraciət etməyib. Ortada bu barədə qanuni bir qərar da yoxdur. O, bunu, qanunsuz tərtib etdiyi adi bir məktubla müəyyənləşdirib. Bu qanunsuzluğa baxmayaraq, artıq məndən həmin borc məbləğinin yarıdan çoxu avtomatik tutulub. Buna, mənə pensiya kəsən həmin dövlət idarəsi rəhbərliyinin, məndən xəbərsiz, nədən imkan verməsi də, başa düşülən deyil. Yanlarında olanda, onlar kimi, mənim də rütbə sahibi olmağıma fikir belə verməyiblər. Hətta, Ruhin Xəlilov kimi, mənə hədə-qorxu gəlməkdən də çəkinməyiblər. Görünür, bu işin qanunsuz həllini onlardan tələb edənlər elə səlahiyyət sahibidirlər ki, onların bir sözünü iki eləmək də mümkünsüzdür. Belə deyilsə, onda, Ruhin Xəlilov böyük məbləğdə olan borcu mənim əleyhimə necə hesablayıb və iki uşağa görə, məndən, ayda 850 manat məbləğdə aliment pulu necə tutulur?!
Onu da deyim ki, talesiz atalar da coxdur, bir çox hallarda işləmədikləri üçün, aliment verə bilmirlər. Bir çoxlarının rəsmi iş yerləri olmur, müəyyən sahələrdə qeyri-rəsmi işləsələr də, qazancları az olduğu üçün, ödəniş edə bilmirlər. Ümumiyyətlə, aliment ödəyən tərəfin maddi vəziyyətinin pisləşməsi, yenidən ailə qurması, eyni zamanda qarşı tərəfin maddi vəziyyətinin yaxşılaşması nəticəsində, əvvəl kəsilən məbləğ məhkəmə qaydasında azaldıla da bilər. Çünki uşağı saxlamaq təkcə aliment verən tərəfin yox, hər iki valideynin borcudur. Hamı yaxşı bilir ki, ölkəmizdə çox vaxt uşaq anada qalır. Bir müddət sonra uşaq böyüyür, ana da özünə yüksək qazanclı bir iş qurur və ya yüksək maaşlı bir işdə işləyir. Bu zaman ata alimentin azaldılması üçün, məhkəməyə müraciət edə bilər. Yekun qərarı isə, hakim verir. İndi, mən də yaxşı bilirəm ki, uşaqların anası ərə getdikdən sonra, özünə yüksək gəlirli şəxsi təsərrüfat yaradıb. Utandığımdan, mən dediyim tələblə hakimə müraciət edib, belə bir qərar cixartdirmaq istəməmişəm. Məhkəməyə isə, ona görə müraciət etmişdim ki, uşaqlarımı özümə qaytarmaq və aliment ödənişini xətm etmək üçün, qərar çıxarsın. Lakin keçmiş həyat yoldaşımın yuxarı vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyində işləyən qohumları və rəis əvəzi Ruhin Xəlilov hakimin düzgün qərar çıxarmasına imkan vermədilər. Göstərdiyim heç bir vacib halı nəzərə almadan, hakim icraçının siqnalıyla həmin işi baxılmamış saxladı. İndiyədək, əlimə bu gözlənilməz qərarın surətini belə ala bilmirəm!".

...İCRAÇI SİQNALIYLA ÇIXARILAN MƏHKƏMƏ HÖKMÜNÜN ACI NƏTİCƏSİ

Xaricdə aliment ödəməyə ata və anadan ibarət hər iki tərəf borclu olsalar da, bizdə daha çox kişilər aliment ödəyən tərəf kimi tanınırlar. Bu sistemdəki bütün məsələlər isə, “Azərbaycan Respublikasının Ailə Məcəlləsi”nin tələbləri əsasında tənzimlənir. Bu Məcəllənin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə baxmayaraq, demək olar ki, hər gün aliment ödənişiylə bağlı xoşagəlməz xəbərlər eşidirik. Nəinki qanunlarımızın, hətta ölkəmizdəki real həyatın tələblərinə uyğun gəlməyən belə hallar bu sistemdəki xoşagəlməz problemlərin sayını da günbəgün artırır. Cəmiyyətin, bunun əziyyətini çəkən talesiz təbəqəsinin nümayəndələrinin başlarına bu yolda nələrin gəldiyi də, göz qabağındadır!
Bu xoşagəlməz hallar məngənəsində əziyyət çəkən Nizami Hüseynov övladın ata və ya anadan uzaq düşməsini talenin işi kimi qəbul etdiyini deyir: "Ata və ananın həyatda başına çox şey gələ bilər, lakin övlad heç vaxt onu dünyaya gətirənlərin yadından çıxmamalıdır. Bir ata kimi, öz övladlarımı saxlamağa borclu olduğumu gözəl bildiyimi və bundan heç vaxt imtina etmədiyimi dəfələrlə demişəm. Yaxşı bilmişəm ki, aliment, mənim birinci həyat yoldaşımdan olan oğlanlarıma qanun tələblərinə uyğun verdiyim dolanacaq xərcləridir. Çünki aliment uşaqlar üçün kəsilir. Əgər onlardan ayrı olan ata, onların problemləri ilə vaxtında maraqlanmasa, sonra, onları tərbiyə etmək olduqca çətin olur. Aliment ödənmədikdə onların maddi vəziyyəti, normal saxlanması olduqca çətinləşir.
Bir qayda olaraq, boşanma prosesi zamanı uşaqlar anaları ilə qalmağa üstünlük verirlər. Elə, mənim 2002 və 2004-cü illər təvəllüdlü iki körpə oğlum da, 2001-ci ildə rəsmi nigaha daxil olub, 2007-ci ildə İmişli Rayon Məhkəmənin qətnaməsi ilə boşandığım analarını seçdilər. İmişli Rayon Məhkəməsi tərəfindən 23 iyul 2007-ci il tarixində verilmiş icra sənədinə əsasən, iki uşağıma görə, işlədiyim və yaşadığım Xızı rayonundan 2017-ci ilədək hər ay qazancımın və başqa gəlirlərimin üçdə bir hissəsi miqdarında aliment pulunu könüllü olaraq, keçmiş həyat yoldaşımın hesabına köçürdüm. Ortada heç bir problem də olmadı. Mən daim usaqlarımla maraqlandım. Bunların nə demək olduğunu yaxşı bildiyimdən, həmişə onların digər əlavə problemlərini də həll etdim. Bir daha deyirəm, hamı yaxşı bilir ki, qanun tələbləri çərçivəsində aliment ödənilməsi zamanı, heç vaxt uşaqlarımı çətinliyə salmamışam.
Siz də yaxşı bilirsiniz ki, bir qayda olaraq, o şəxslər aliment ödəməkdə çətinlik çəkirlər ki, onların maddi imkanları olmur. Mənim isə, məhkəmə qərarı ilə, iki uşaq üçün kəsilən alimenti yuxarıda dediyim tarixədək vaxtlı-vaxtında ödəməkdə heç vaxt çətinliyim olmayıb. Elə, həmin vaxt, uşaqların anası yenidən evlənərək, başqa yaşayış məntəqəsinə köçdüyü və ana nənələri Rusiyaya getdiyi üçün, oğlumun biri yanıma qayıdaraq, mənimlə qalmaq istədiklərini bildirdi. Mən, uşaqlarımın valideyin himayəsindən məhrum olduğunu nəzərə alıb, 2018-ci ilin yanvar ayında iki cavabdehi -- analarını və ana nənələrini məcburiyyətdən İmişli Rayon Məhkəməsinə verdim ki, övladlarımı rəsmi qaydada mənə qaytarmaq və onların saxlanılması görə, aliment öhdəliyimə xitam vermək barədə qərar çıxarsın. İddiam əsasında, İmişli Rayon Məhkəməsinin, eləcə də İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının verəcəkləri qətnamə və qərarları gözlədiyimdən, bir müddət aliment ödənişini dayandırdım...".
Nizami Hüseynovun özünün dediyi kimi, aliment ödənişindəki çətinlik və qalmaqallar Ədliyyə Nazirliyinin birinci dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov İmişli rayon İcra və Probasiya Söbəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyi vaxtdan başlayıb. O, öncə, məhkəmənin getdiyi vaxtda, iddiaçı Nizami Hüseynovun xəbəri olmadan, icra sənədlərini onun yaşadığı Xızı rayonunun İcra və Probasiya Şöbəsindən, İmişli rayonunun eyniadlı idarəsinə gətizdirib. Sonra, atanın başına oyunlar açmağa başlayıb. Biz də qeyd edirik ki, məhkəmədə hökm verməli olan hakimin, yuxarıda göstərilən heç bir halı nəzərə almadan, icraçı siqnalıyla, gözlənilmədən bu işi baxılmamış saxlaması ən böyük qanunsuzluqdur. Səbəb də odur ki, Ədliyyə Nazirliyinin bu işçisi İmişlidə vəzifə icra etdiyi müddət ərzində, atanı uşaqlara və aidiyyatı rayon qurumlarına elə qorxunc təqdim edib ki, hətta özü ata yanına gələn övladı, bu dəfə də, ana nənəsiylə qalmaq istədiyini məhkəmə və komissiya heyətlərinə bildirib. Elə, bu səbəbdən, məhkəmə və komissiya əvvəlki kimi, yenə ananın xeyrinə addımlar atıb. Üstəlik, Ruhin Xəlilov 2018-ci ilin avqust ayınadək atanın ödənilməmiş aliment borcunun 6446,16 manat təşkil etdiyi və həmin məbləğin təcili ödənilməsi üçün, onun ümumi pensiya pulundan ayda 70 faiz -- 850 manat tutulması barədə gülünc bir məktub da tərtib edərək, pensiya verən dövlət qurumuna göndərib. Bir sözlə, qanunsuz bir məktubla bu işi "yoluna qoya bilib". Halbuki, bu ödənmənin həyata keçirilməsi üçün, ortada əvvəlki icra sənədi üzrə çıxarılan qanuni rəsmi qərar və ya hökm olmalı, həm atanın yeni ailəsinin digər üç üzvünün minimum yaşayış məbləğləri, həm də onun özünün müalicə xərcləri nəzərə alınmalıydı. Təəssüf ki, deyilənlər ortada yoxdur və bu qanunsuzluğa baxmayaraq, artıq, həmin borcun yarıdan çoxu atadan tutulub. Bu, hansı qanuna, hansı reallığa uyğun olub, demək olduqca çətindir. Yalnız onu demək asandır ki, ataların aliment verməsi ilə bağlı qanunlarda edilən dəyişikliklər də, bu sistemdə getdikcə çoxalan problemlərin həllinə təsir etmir. Və hazırda aliment ödənilməsiylə bağlı daha çox bölgələrdə yaşanan xoşagəlməz problemlərin əsas günahkarları da, elə, qanunsuz hərəkətlər etməkdən çəkinməyən Ruhin Xəlilov kimi icra məmurlarıdır.
Ehtiyatda olan zabit yuxarıda deyilənlərlə bağlı xüsusi olaraq onu da vurğulayır ki, indiyədək hər ayın pensiya pulundan ona qalan 300 manatın çox hissəsini müalicəsinə xərcləyir. Ailənin dolanışığı üçünsə, ortada heç nə qalmır: "Səlahiyyət sahibi olan icra məmurları mənimlə elə davranıblar ki, sanki dövlətin öz zabitinin aylıq xərcləri üçün ayırdığı bu pulu, onların şəxsi ciblərindən çəkmişəm.
Qanun icazə versəydi, Ruhin Xəlilov və onun adamları məni həbs də etdirərdilər. Onun yanında olarkən, bunu acıqla, açıq şəkildə mənə deməkdən belə çəkinmədi. Mən isə, ona, yalnız bunu demişəm ki, öz övladlarımı saxlamağa borclu olduğumu gözəl bilirəm və bundan heç vaxt imtina etmirəm də. Qanun tələbləri çərçivəsində əvvəllər aliment ödədiyim zaman heç bir problemim də olmayıb. Lakin onun məndən xəbərsiz, gizli şəkildə icra sənədlərimi Xizıdan İmişliyə aparması və özbaşına, kobud qanun pozuntulu belə bir məktub yazması, hər şeyi alt-üst edib. Deməli, vicdanı yoxdur ki, mənim ailəmdə olan digər iki körpə uşağın və həyat yoldaşımın taleyi onu narahat etməyib. Axı, məhkəmə də qərar çıxaranda və hökm verəndə belə vacib nüansları həmişə nəzərə alır. Ruhin Xəlilov rəis əvəzi işləyəndə isə, bunları nəzərə almadan, bütün planlarımı alt-üst edərək, ödəmə qabiliyyətimi ciddi şəkildə sarsıdıb. Dəhşət odur ki, Rubin Xəlilovun qanunsuz yazdığı bu məktub, az qalib, ikinci ailəmin dağılmasına səbəb olsun.
Axı, "kor-kor, gör-gördür" -- ortada heç nə qalmır. Siz deyin, ailəmi hansı pulla dolandırım?! Rəis əvəzi bu məktubunu yazarkən, hətta ərzaq payı əvəzinə mənə çatan 64 manat kompensasiya pulumu da, həmin 850 manatın içinə daxil edib. Buna isə, qanunlar qəti şəkildə icazə vermir.
Ruhin Xəlilovun yanında olarkən, işimiz məhkəmədə olduğu üçün, qanunla aliment ödənişini dayandırdığımı dedim. Bu səbəbdən, borc haqqında yazdığı belə bir məktubun qanunsuz olduğunu bildirdim. Dedim ki, aliment ödəyənə belə bir şəraitdə borc və cərimə məhkəmə qərarı ilə kəsilir. Ümumiyyətlə, onun məhkəmə və qəyyumluq işlərinə müdaxiləsi qanunsuzdur. Buna görə, o, tezliklə həm Ulu Tanrı, həm də qanun qarşısında cavab verəcək. Bu zaman, yenə də, qorxmadan üstümə qışqırıb, kobud tərzdə əcəb elədiyini deməkdən çəkinmədi. Üstəlik, uşaqların anasının nazirlikdə və rayon rəhbərliyində qohumlarının olduğunu, onların bir sözünü iki eləməyin mümkünsüzlüyünü deməklə, məni hədələyərək, qorxutmaq istədi. Onun dediyinə görə, guya, onlar arxaları çox möhkəm və heç kimin bata bilmədiyi kreslo sahibləridir. Onlardan hamı çox qorxur, dediklərini yerinə yetirməyənlər isə, çox sərt şəkildə cəzalandırılır. Onda, Ruhin Xəlilov bu boyda borcu üstümə buna görə qoyduğunu deməkdən belə çəkinmədi. Onu da deyim ki, Ruhin Xəlilov bu vəzifədə az işləməsinə baxmayaraq, mənim kimi, yüzlərlə imişlilinin də başına belə oyunlar açıb. Onun tərəfindən incidilən şəxslərin bu barədə yuxarılara yazdıqları şikayət xarakterli məktubların sayı-hesabı olmayıb. Elə, bu səbəbdən də, o, tezliklə bu vəzifədən uzaqlaşdırılıb və nazirlikdəki keçmiş işinə qaytarılıb".

ALİMENT ÖDƏNİŞİNDƏ YARADILAN SÜNİ ÇƏTİNLİKLƏR VƏ...

Nizami Hüseynov bu işlə bağlı müxtəlif instansiyalara, hətta ona pensiya kəsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin rəhbərliyinə, eləcə də Ədliyyə Nazirliyinin İmişli rayonu üzrə kuratoru Mirağa Seyidova da İttiham xarakterli şikayətlər göndərib. Həmin məktublarını alanlar indiyədək susqunluqlarını pozmayıb. Əli hər yerdən üzüldüyündən və övladlarının taleyi üçün narahat olduğundan, Ədliyyə Nazirliyinin özündə Mirağa Seyidovla görüşməyə qərar verib. Nazirlik binasındakı daxili telefonla kuratorun oturduğu şöbəyə etdiyi saysız-hesabız zənglərlə, onu zorla qəbul otağına gətirə bilib və gətirdiyinə də, peşiman olub.
"Məni qəbul edərkən, Ruhin Xəlilov kimi, özünü elə apardı ki, sanki dünya onun da vecinə deyil. Qəbul otağına
düşəndən altına stol çəkib, oturmaq belə istəmədi -- elə, tələsdiyini deyirdi! Birtəhər, Ruhin Xəlilova dediklərimi, ona da təkrarladım. Sonda, ona, sadə bir sualım oldu ki, nədən, ünvanına yazdığım şikayətlərimlə maraqlanıb, bu anlaşılmazlığı yoluna qoymaq istəmir?! Cavab vermək əvəzinə, başını bulayıb, heç nə demədən qapını açaraq, qəbulu başa vurdu, otağına qalxdı. Niyə gəldi, nədən getdi, başa düşmədim: Siz deyin, bir dövlət məmurunun bu cür anlaşılmaz hərəkətlər etməsinə nə ad vermək olar?!
Adam bundan sonra nə edəcəyini də bilmir. Çünki dövlətin əksər idarələrində adamla belə rəftar edirlər. Zəng vurub, dərdimi demək istəyəndə, telefonlarımı qapadir, yanlarında olanda, ağıllarına gələni danışır, məni hədələməkdən belə çəkinmirlər. Hətta, mənə pensiya kəsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində oturan vəzifə sahibləri də, məni qəribə tərzdə dəfələrlə hədələyiblər. Mənim onlarla idarə rəhbərinin ünvanlarına yazdığım şikayətlərimin çoxuna cavab verilməyib, bir-ikisi isə, başdansovdu cavablandırılıb. Bir sözlə, nə heç kəs ortaya çıxıb, bir kəlmə xoş söz deyib, nə də ki, şikayətlərimə başa düşülən tərzdə cavab verən tapılıb. Anlamaq istəməyiblər ki, bu gün Silahlı Qüvvələrin daha çox ehtiyac duyduğu hərbçi-mütəxəssis nədən ehtiyatdadır?! Mənimsə anladığım odur ki, onlar bunu qəsdən edirlər, mənim və mənim kimilərin ölməyimizi güdürlər. Bu xəbəri səbirsizliklə gözləyirlər elə bil: Ölək ki, mənim kimi xəstə zabitlərin dolanışıq və müalicə xərclərimizdən birdəfəlik qurtulsunlar.
İllərlə xidmət edib, igidliyə görə mükafatlandırılmışıq, sağlamlığımızı ortalığa qoyub, xəstəlik tapmışıq. Gəl ki, dərdimizi deməyə imkan vermirlər. Mən inanıram ki, yuxarıda oturanlar dərdimizi bilmirlər -- aşağıda oturanlar hər şeyi ört-basdır etdiklərindən, səsimiz gedib onlara çatmır! Axı, yuxarıların bizə qarşı səmimi münasibətləri olmasaydı, problemlərimiz dövlət hesabına yoluna qoyulmazdı. İndi qanun çərçivəsinə sığmadan verilən bu cür icra sənədləri ucbatından, niyə, mənim kimi, onlar da dostdan, qohumdan kömək, yardım gözləməlidir?l Axı, səhhətimizdəki problemlər getdikcə qurtarmaq əvəzinə, belə haqsız rəftarlar girdabında günbəgün ağırlaşır, sanki canımızla əlləşirik, ayaqlarımız şişərək tutulur, yerimə qabiliyyətimizi belə itiririk.
Bu boyda dövlətin idarələrinin öz zabitlərinə qarşı belə kobud münasibətləri başa düşülən deyil. Adam gedir dərdini desin, heç nəyə görə, onu hədələməkdən də çəkinmirlər. Eşidirəm ki, zabit həmkarlarımdan neçəsi ilə belə rəftar olub deyə, elə, müalicə dövründə dünyalarını dəyişiblər. Halbuki onlar bu dövlətə hələ çox lazım olardılar, əgər idarələrdə qanun çərçivəsinə və insanlığa uyğun xoş münasibətlər görsəydilər. Bu gün həyatda olanlar, mütləq, sabah Milli Ordumuzun hansısa bir vacib işinə gərəkli olacaqlar.
Bir də ki, bu gün xəstə zabitinə sahib çıxmayanlar, o, sabah öləndən sonra, onun övladlarına da sahib çıxmazlar. Axı, hamı imkan daxilində həyatda qalıb, balalarını da böyütmək istəyir," -- deyə, əlacsız halda olan həmsöhbətimiz, ötən ilin əvvəllərindən onu narahat edən bu suala tutarlı cavab axtardığını da, söylədiklərinə əlavə edir: "Bilmirəm, qanunla müəyyən edilən alimenti ödəyim, yoxsa, icra məmurlarının başıma açdıqları borc oyunundan çıxmağın yollarını axtarım?!".

...ZABİTİN RAHAT YAŞAMASINA İMKAN VERMƏYƏN DİGƏR ÇÖZÜLMƏZ PROBLEMLƏR

Ciddi xəstəlik ucbatından ehtiyata göndərilən bu zabitin gündəlik üzləşdiyi problemlər məngənəsində sıxıntı keçirdiyi göz qabağındadır. Aliment anlaşılmazlığı kimi, həmin problemləri də, onun rahat yaşamasına imkan verməyən ciddi səbəblərdir. Məsələn, o, yaxşı bilir ki, indiyədək yaşamağa evinin olmaması, onun həlli müşkül görünən və bu çətin vaxtında həyatına narahatlıqlar qatan ən böyük problemi, bundan sonra da, heç cür çözə bilməyəcəyi çətinliyidir. İndiyədək həyat yoldaşı və iki azyaşlı uşağı ilə bərabər, Xızı rayonunun Giləzi qəsəbəsindəki hərbi şəhərcikdə qaldığı mənzilləri olduqca bərbad vəziyyətdədir. Ümumiyyətlə, bu şəhərciyin özündə belə rahat yaşamaq üçün normal şərait yox dərəcəsindədir. Xeyli əvvəl, burada necə dəhşətli bir partlayışın olduğunu, yəqin ki, siz də xatırlayırsınız?! O vaxtdan burada adi bir təmir, abadlıq işi belə aparılmayıb. Elə, burada daha çox diqqətdən yayınmayan da, hər yandakı uçuq-sökük görüntülərdir.
Ehtiyatdakı hərbçi zabit kimi, Nizami Hüseynovun istədiyi rayonda mənzil növbəsinə durmasına bütün qanunlarımız icazə verir. Di gəl ki, Abşeron Rayon İcra Hakimiyyətinə etdiyi müraciətləri saysız-hesabsız bəhanələr ucbatından indiyədək qəbul edilməyib. Mənzil növbəsinə yaxın buraxılmayan xəstə zabiti, həm də evsiz-eşiksiz övladlarının gələcək taleləri daha çox narahat edir. Yaxında, uşaqların oxuması üçün məktəb binasının yoxluğu da, daha bir problemdir. Hətta onları çox uzaqdakı məktəbə aparıb, gətirmək üçün, nazirlik tərəfindən indiyədək nəqliyyat da ayrılmayıb. Nizami Hüseynov və onun həyat yoldaşı kimi, digər hərbçi ata-analar da, azyaşlı uşaqlarını özləri dərsə aparıb, gətirməyə məcburdurlar -- vaxt imkanları oldu, olmadı!
Əslində, hər addımda rastlaşılan bu və bu kimi neqativliklərin tezliklə bu boyda ölkənin daha ciddi Müdafiə Nazirliyi və digər aidiyyatı dövlət qurumları tərəfindən ətraflı araşdırılıb, həll ediləcəyinə, bir vaxtlar, cənab mayor inamını itirmirdi. Bu yazıda göstərilən bu və bu kimi ciddi məsələləri indiyədək tam təfərrüatı ilə ictimailəşdirməsinə də, ona, elə, bu inamı icazə verməyib. Lakin yazıda göstərilən həmin ciddi məsələlərə yuxarılardan indiyədək normal münasibət öyrənə bilməməsi, onun gələcəyə ümidlərini tam puça endirib: "Uzun illər hərbi qulluqda işlədiyimə görə, yaxşı bilirəm ki, bu məsələlərin ictimailəşdirilməsi dövlət və hakimiyyət adına yaxşı hal deyil. Lakin hakimiyyət strukturlarında oturan Ruhin Xəlilov və Mirağa Seyidov kimi bir çox məmurların vətəndaş taleyinə belə laqeyd münasibətləri, məni bu addımı atmağa vadar etdi. Bizim qarşımızda duran ən önəmli və müqəddəs vəzifə dövlətimizin müstəqilliyini qorumaqdır. Vəzifəsindən asılı olmayaraq, hər kəs bu istiqamətdə öz məsuliyyətini dərk etməli və bilməlidir ki, etdiyi hər bir qanunsuz hərəkətinə görə, vaxt gələcək, qanun qarşısında cavab verəcək. Bu məsələlərdə məni ən çox narahat edən də, bu məsuliyyəti dərk etməyən kreslo sahiblərinin məsuliyyətsiz hərəkətləridir.
Fürsətdən istifadə edib, qəzetiniz, saytınız vasitəsilə təkrar olaraq, cənab Prezidentə müraciət edir və ondan xahiş edirəm ki, onun adına ünvanladığım müraciətlərimin araşdırılmasına, həmçinin adını çəkdiyim qurumların rəhbərlərinin mənim və ailə üzvlərimin əleyhinə etdikləri belə qanunsuzluqları tezliklə aradan qaldırmalarına ciddi göstərişlər versin!"
Yazıda qaldırılan ciddi məsələlərlə bağlı, adını çəkdiyimiz dövlət idarələri əməkdaşlarının mövqeyini yayımlamağa hazır olduğumuzu da bəyan edirik.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər