“AZDRAMA"DA NƏ BAŞ VERİR?-QOCAMAN AKTYORLAR OD PÜSKÜRDÜ

azerpasa-nemet.jpg

“Bu, Azərpaşa Nemət tərəfindən həyatını səhnəyə qurban vermiş qocaman aktyorlara qurulmuş bir tələdir, bu bir hegemonluqdur, dərəbəylikdir...”
“Azdrama”da yaşlı nəsil aktyorların halı yenə də dramatikləşib. Belə ki, “Təzadlar”a qəzetinə zəng edərək məlum səbəbdən adının çəkilməsini istəməyən sənət adamlarından bir neçəsinin veridiyi məlumata görə, teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətov bu yaxınlarda yaşı 70-i keçmiş aktyorlardan ərizə yazmaqlarını tələb edib.

Bəs Azərpaşa Nemətov «Azdrama»nı 100 illik yubileyinə nə ilə aparır?

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən teatr öz yaradıcılıq potensialına uyğun olaraq hərəkət etməli və bu yubileyə töhfələr verməlidir: “Amma çox təəssüf ki, bu töhfələr yox dərəcəsindədir. 100 illiyə ən azı 3-4 tamaşa ilə getmək lazım olduğu halda, ümumiyyətlə, heç bir yeni tamaşa hazırlanmayıb. Oktyabrda isə Akademik Milli Dram Teatrının 100 illiyi qeyd ediləcək... Teatrın bu səviyyəyə gəlib çatmasının səbəbkarı isə teatrın direktoru, bədii rəhbəri Azərpaşa Nemətovdur. Məhz onun təyin edildiyi 4 il müddətində bütün rejissorlar, dramaturqlar qapı arxasında qoyulub – nə onları teatra dəvət edib, nə də tamaşa verib. Yalnız bir nəfər müstəsna olmaqla - Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Cəlil Məmmədquluzadənin 150 illiyinə “Dəli yığıncağı” tamaşasını hazırlayıb və bu yaxınlarda primyerası keçiriləcək… 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin Dekreti ilə Azərbaycan Dövlət Teatrı statusu yaranıb. Bu status da bizim teatrın tarixidir. Gələn ay bizim teatrın 100 illiyi tamam olacaq. Qeyd edək ki, teatrda abu-hava direktorun hegemonluğu üzərində qurulub. O, teatrın nə yaşlı nəslini, nə də gənc nəslin inkişafını fikirləşmir. Onun nə repertuar siyasəti, nə də repertuar planı barədə anlayışı yoxdur. Əvvəllər teatrda 3-4 rejissor olardı. Biri məşq edib tamaşanı təhvil verdikdən sonra, digəri səhnəyə qalxardı. Aktyorlar da bir rejissorun tamaşasında məşq etdikdən sonra, digərinin tamaşasının məşqində rollarını oynayardılar...».
Başqa bir narazı aktyor isə telefon zəngində bildirdi ki, teatrda böyük canlanma, qaynama vardı – sənət qaynaması, sənət inkişafı. Bütün bunlardan bu gün əsər-əlamət qalmayıb. Nə yeni bir tamaşa hazırlanır, nə də məşq edilir...

«Azərpaşa Nemətov bizi məcbur edir yazaq ki, xahiş edirəm ki, məni yaş həddimə görə 1 illik müqaviləyə salasınız…»

...Teatrın gələcək taleyi isə sual altındadır, bu idarəçiliklə ümidverici proqnoz demək mümkün deyil. Əlbəttə, zaman-zaman bu hala aktyorlar da öz aralarında etiraz ediblər. Lakin... İndi isə “Azdrama”nın direktoru və bədii rəhbəri Azərpaşa Nemətov teatrın yaşlı nəslini 1 illik müqaviləyə cəlb etmək üçün ərizə yazmağa məcbur edir. Həmin ərizədə biz yazmalıyıq ki, xahiş edirəm ki, məni yaş həddimə görə 1 illik müqaviləyə salasınız. Axı bu hansı qanunda yazılıb ki, biz öz əlimizlə özümüzü 1 illik müqaviləyə salaq. Yaxud, əgər müqavilə iki tərəf arasında bağlanırsa, ərizə nəyə lazımdır? Axı müdiriyyət tərəfə müqavilənin şərtlərini açıqlamalıdı, biz də həmin şərtlərlə tanış olub qərarımızı verməliyik. Müqavilə sistemi bütün Azərbaycanda var. Lakin Əmək Məcəlləsində Qanunun 10-1.2. maddəsində qeyd edilib ki, 65 yaşına çatmış işçinin müqaviləsi 5 il müddətinə uzadıla bilər. 10-1.3.maddəsində isə qeyd edilib ki, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Lakin bu bənddən irəli gələn tələbləri də müdiriyyət işçilərdən gizlədir. Hazırda direktor 16 nəfər aktyorun ərizəsini tələb edir. Bunlardan 6 nəfəri xalq, 8 nəfəri əməkdar artistdir. Cəmi 2 nəfərin fəxri adı yoxdur…».

Bəs səhnədə yaşlı rolları kimlər oynamalıdır?

Oxucumuz-şikayətçi aktyor əlavə edir: «…Bir nüansı da qeyd edək ki, müqavilədə müddətli və müddətsiz sözləri də var. Direktor bunu da gizlədib və bəzilərindən yuxarıda bildirdiyimiz formada ərizə almağa nail olub. Bəyəm ərizə almaqla müqavilə bağlamaq eynidirmi? Xeyr! Vaxtilə bu qanunu qəbul edənlər fikirləşməyiblər ki, elm, mədəniyyət, təhsil sahələri xalqın mənəvi qidasıdır, mənəviyyatıdır. Necə ola bilər ki, səmərəli ixtiraları ilə fəaliyyət göstərən alimi işindən uzaqlaşdırasan ki, onun 70 yaşı var? Və yaxud da, tamaşalarda oynayan, xalqın sevgisini və rəğbətini qazanan saglam və işlək, səsi və fiziki görünüşü yararlı olan aktyoru məgər yaşına görə müqavilə qorxusu altında qoymaq, onu işdən uzaqlaşdırmaq olar? Sadaladıqlarım həm səhiyyə, həm də təhsil sahələrinin işçilərinə də aiddir. Təcrübəli və savadlı şəxsləri işdən uzaqlaşdırmaq olarmı? Bəs sabah bizi səhnədə kim əvəz edəcək, gənc nəsil kimdən öyrənəcək, yetişəcək? Roolarda yaşlı obrazlar olur, onları kimlər oynamalıdır? Nəsibə Zeynalova son nəfəsinə kimi səhnədə oldu və elə qaynana rolunu, son dövrlərədək oynayırdı. Belə çıxır ki, cavanları qrimləyib belə rollara cəlb edəcəklər??? Teatrda çalışan aktyor yaradıcıdı, yaradandır. Dramaturq adi bir rol yazır, amma ona can verən, ruh verən, fəlsəfəsini, beynini qoyan isə aktyordu. Tamaşaçı aktyor sayəsində həmin o surəti görür, bəyənir, sonra isə o surəti canlandırana təşəkkürünü bildirir, aktyor sayəsində həmin qəhrəmanı sevir, yaxud nifrət edir... Teatr aktyoru canlı yaradandır. Bu kino aktyoru deyil, hər gün səhnədə canlı olaraq rol ifa etmək, tamaşaçı ilə canlı ünsiyyətdə olmaq deməkdir. O, tamaşaçının nəfəsini, duyumunu hiss etmədən rolunu ifa edə bilməz...».

«Bu, Azərpaşa Nemət tərəfindən həyatını səhnəyə qurban vermiş qocaman aktyorlara qurulmuş bir tələdir, bu bir hegemonluqdur, dərəbəylikdir...”

Digər bir qocaman aktyor isə daha sərt danışdı: «…Biz yaşı 70-i keçmiş, xüsusi xidmətləri olmuş aktyorların 1 illik müqaviləyə cəlb edilməsi və bunun üçün ərizə tələb edilməsini müdiriyyətin hegemonluğu kimi qəbul edirik. Və düşünürük ki, aktyorlar müqaviləyə cəlb edildikdən bir il sonra o, istədiyi şəxsi “müqavilə vaxtı bitib” adı altında işdən uzaqlaşdıra bilər. Bunun üçün də onun əlində müqavilə bəhanə olmuş olacaq. Biz onu məhkəməyə verə bilərik, lakin o, bizdən aldığı ərizəni göstərib, söyləyəcək ki, “o, özü məndən onu 1 illik işdə saxlamağı” xahiş edib. Bu bir tələdir, bu bir hegemonluqdur, dərəbəylikdir... Əgər biz gənc aktyorlar olsaydıq və bizə özümüzü doğrultmaq üçün müəyyən müddətə bağlanmış müqavilə imzalatsaydılar, bu bizə pis təsir etməzdi. Lakin ömrünün 50 ilini və daha çoxunu teatra həsr etmiş, hətta oranın havasına belə öyrəşmiş, tamaşaçının nəfəsi ilə, istiliyi ilə qızınan, yaşayan biz aktyorları səhnədən uzaqlaşdırmaq, müqavilə qorxusu ilə yaşatmaq nə dərəcədə düzgündür? Onsuz da heç bir aktyor yaşından asılı olmayaraq əgər səhnədə rollarını ifa edə bilmirsə, ayağa qalxıb teatra gələ bilmirsə, onu müqavilə adı altında səhnədən uzaqlaşdırmaq lazım deyil. Həmin aktyor özü ərizəsini yazıb teatrla vidalaşacaq, səhhəti ilə məşğul olacaq. Lakin bu gün yaşlı nəslin nümayəndələrini, böyük teatr məktəbi keçmiş insanları müqavilə ilə imtahana çəkmək, onları il bitənəcən psixoloji basqı, qorxu altında saxlamaq aktyorları diri ikən öldürmək deməkdir. Həyəcandan müxtəlif xəstəliklərə tutulmaları deməkdir. Bu baxımdan aktyoru səhnədən kənara atmaq olmaz. Çox təəssüf ki, bu hal yalnız bizim ölkəmizdədir, başqa ölkələrdə aktyorlar üçün yaş senzi yoxdur. Rusiyada aktyorlar var ki, yaşlarının çox olmasına baxmayaraq səhnədə oynayıblar. Məsələn, Vladimir Abramoviç Etuş, İnna Mixaylovna Çurikova və digərlərini misal çəkə bilərik. Onlar ömürlərini səhnəyə həsr etmiş insanlardı. Bizdə isə əksinədir, deyirlər ki, yox, Əmək Məcəlləsi qəbul olunub, siz filan maddəyə görə işdən azad olunmalısız. Əgər aktyor saglamdırsa, işinin öhdəsindən gəlirsə, niyə onu işdən uzaqlaşdırmağa çalışırsınız? Niyə bizi sağ -salamat ikən evimizdə oturub ölümümüzün sonun gözləməyə məcbur edirsiniz? Aktyoru mənəvi cəhətdən öldürürsünüz, gərəksiz əşya kimi kənara tullayırsınız. Onlara həyəcanla işdən uzaqlaşırılacağı, əmrinin divardan asılacağı günü gözlədirsiniz... Axı biz aktyorlar yaradanıq, onu səhnədən atmaq olmaz. Bu aktyorun məhvi deməkdir... Düşünürük ki, aktyorların, eyni zamanda elm, təhsil, səhiyyə sahəsində çalışanların baş bəlasına çevrilmiş “yaş senzi” məsələsinə ölkə başçısı, cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva münasibət bildirərlərsə, bizləri bu bəladan qurtarmış olarlar”.
Xatırladaq ki, neçə illər öncə də müqavilə məsələləri Azərbaycan Akademik Milli Teatrının aktyorlarını müdiriyyətdən narazı salmışdı. Və o zaman rejissorlarla da müqavilə məsələsi gündəmdəydi. Bu isə öz növbəsində xeyli sayda rejissoru teatrdan incik salmışdı. Bir zamanlar “yaş” məsələsini bəhanə edənlər bir çox aktyorlarımızı teatrı tərk etməyə vadar etdi - Zərnigar Ağakişiyeva, Məcnun Hacıbəyov, Kubra Əliyeva kimi aktyorlarımız da necə deyərlər, “üzü sulu” teatrdan getdilər, tamaşaçılar isə onları aktyor kimi itirdi...
***
Görünən odur ki, zaman keçdikcə təcrübələrdən dərs götürmək əvəzinə, teatrda yenə də “köhnə hamam, köhnə tas” prinsipi davam etməkdədir.
Yaranmış vəziyyət həqiqətən də narahatlıq doğurur… Problemə münasibətini öyrənmək üçün tetrın direktoru, barəsində ittihamlar səsləndirilən Azərpaşa Nemətovun iş telefonuna neçə dəfədir zəng vururuq, lakin cavab verən yoxdur. Çox istərdik ki, hörmətli direktor həm qaldırılan məsələyə münasibətini bildirə… Həm də soruşmaq istərdik ki, teatrın 100 illik yubileyi ilə bağlı Prezidentin sərəncamı vardır. Bununla bağlı hansı tədbirlər görülür, hansı yeni tamaşalar, hansı rejissorların tamaşaları hazırlanır?

Direktorun 4 il əvvəlki «Tetrda sülh yaradacağam…» vədi və baş tutmayan sülh…

Xatırladırıq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətov düz 4 il əvvəl-11 sentyabr 2015-ci ildə mətbuat konfransı keçirmişdi. Təzə direktor deyir: «…Bu teatr mənim doğma teatrımdır və çalışacağam ki, mənə həvalə olunan işin öhdəsindən layiqincə gəlim. Bu müddət ərzində aktyorlarla görüşüb onların ürək sözlərini dinləmişəm. Aktyorları həmişə sevmişəm və hər zaman da sevəcəyəm. Hesab edirəm ki, teatrın inkişafında aktyorun böyük rolu olub. Teatrın adı onilliklər boyu rəhbərliklə bağlı olub. İstəyirəm mən olmayanda da desinlər ki, Azərpaşa Nemətovun da belə bir tetrı olub… Mən də bu teatra dava salmaq üçün deyil, teatrı əvvəlki zirvəyə qaldırmaq üçün gəlmişəm. Teatr səhnədir və səhnədə gözəl tamaşalar oynanılmalıdır. Mən çalışacağam teatrda sülh yaradım…”.
Amma qocaman aktyorların şikayətindən görünür ki, deyəsən, hələ də sülh əldə olunmayıb… Bundan sonra isə olacağına böyük şübhələr var…
JASMİN

Əlaqəli xəbərlər