20 gün öncə Azərbaycanda siyasi təsisatların dövlət qeydiyyatının yeni mərhələsi açılıb və artıq, 59-CU PARTİYA RƏSMƏN QEYDƏ ALINIB

WhatsApp Image 2020-05-09 at 15.01.54.jpg

İLLƏR ÖNCƏ TƏSİS OLUNMUŞ MÜSTƏQİL XALQ PARTİYASINA DA, ƏDLİYYƏ NAZİRLİYİ TƏRƏFİNDƏN QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ TƏQDİM OLUNUB

"Təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu öyrənildikdən sonra, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən son iyirmi gün ərzində 4 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsi, heç şübhəsiz ki, ölkəmizdə siyasi təsisatların qeydiyyata alınmasında yeni mərhələnin açıldığına dəlalət edir. Bu, həm respublikamızdakı mövcud çoxpartiyalı dövlət quruluşunun daha da təkmilləşdirilməsi yolunda yeni bir addımın atıldığının sübutudur, həm də, tezliklə, ölkəmizdəki mövcud siyasi sistemin yeni konfiqurasiyasının formalaşacağına tam əminlik yaradır. Bütün bunların isə, siyasi müstəvidə münasibətlərin daha sağlam zəmində qurulmasına xidmət edəcəyinə şübhə yeri qoymur. Məndəki belə bir siyasətçi əminliyi ona görədir ki, Azərbaycanda uzun zamandan bəri hansısa yeni bir siyasi partiyanın qeydiyyata alınmasını görmürdük və birdən-birə dörd yeni partiyanın dövlət qeydiyyatına alınması, doğrudan da, bu baxımdan olduqca maraqlı göründü!..".

Münasibət xarakterli yuxarıdakı açıqlama, illər öncə təsis edərək, sədri kimi iki dəfə qurultayını keçirdiyi Müstəqil Xalq Partiyasına da, uzun müddətdən sonra, yəni, 2020-ci ilin may ayının 7-sində dövlət qeydiyyatına alınması barədə Ədliyyə Nazirliyinin 58 saylı qeydiyyat şəhadətnaməsini alan Əflan İbrahimova məxsusdur. Partiya sədri bu ciddi məsələyə münasibət bildirərkən onu da deyib ki, ölkəmizdə yaranan yeni siyasi partiyaların dövlət qeydiyyatına alınmasına, illər keçdikdən sonra, yenidən start verilməsi çox müsbət bir haldır və bu, ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir: "Açıq-aydın görünür ki, dünyanın hər yerindəki kimi, Azərbaycandakı bu gərgin məqamlarda da, siyasi düşüncə sahibləri tərəfindən yaradılan yeni siyasi partiyaların dövlət qeydiyyatlarının uzun müddətdən sonra
yenidən baş tutması, birbaşa, milli maraq və mənafelərimizə hesablanıb. Hakimiyyətin yüksək ranqlı təmsilçiləri tərəfindən belə bu prosesə yüksək qiymət verilməsi dediklərimin daha bir sübutudur. Bu, həm də artıq ölkəmizdə yaranmağa başlayan yeni siyasi münasibətlərin təzahürü kimi də özünü büruzə verir və cəmiyyət tərəfindən də yüksək dəyərləndirilir. Tam əminəm ki, fərqli siyasi baxışlarına baxmayaraq, milli dövlətçilik mənafeyindən, dövlət maraqlarından çıxış edən siyasi qüvvələrlə mövcud hakimiyyətin dialoqunun hazırda daha da dərinləşməsi, üstəlik, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam zəmində qurulmasına xidmət edəcək. Çünki təqdirəlayiq addım kimi dəyərləndirilən bu prosesin cəmiyyətin ümumi inkişafına hesablanması şübhəsizdir və bütün deyilənlər onu göstərir ki, artıq, siyasi münasibətlərdə yeni bir dönəmə start verilib.
Yeri gəlmişkən, yuxarıda dediklərimə bir haşiyə olaraq onu da qeyd etmək istəyirəm ki, milli maraq və mənafe məsələsini, biz də, partiyanı yaratdığımız ilk gündən, Məramnamə və Nizamnaməsində göstərdiyimiz kimi, qarşımıza əsas məqsəd və vacib şərt olaraq qoymuşuq".
Onu da qeyd edək ki, Ədliyyə Nazirliyi
yuxarıda göstərilən tarixdə siyasi fəaliyyətinə rəsmən icazə verməsi barədə qərar qəbul edib, Azərbaycandakı 59-cu partiyanı da dövlət qeydiyyatına alaraq, qeydiyyat haqqında 59 saylı şəhadətnaməni onun rəhbərinə təqdim edib. Xatırladaq ki, bu nazirlik bir müddət əvvəl, aprelin 16-sında da, daha iki siyasi partiyanın -- Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının dövlət qeydiyyatı ilə bağlı müraciətlərinə də müsbət cavab verərək, onların qeydiyyata alınmaları barədə qərar qəbul etmişdi. Yeri gəlmişkən, onu da bildirək ki, qeydiyyata almanın bu yeni mərhələsində şəhadətnamə alan bu partiyaların iqtidaryönlü və yaxud müxalifət mövqeli olmasının əsas şərt olaraq götürülməməsi açıq-aydın hiss olunur və bu, son vaxtlar iqtidarla müxalifət arasında yaranmağa başlayan yeni siyasi münasibətlər sisteminin tezliklə cəmiyyətə daha yaxşı təsir bağışlayacağına, artıq ölkəmizdə yeni siyasi sistemin oturuşmağa başladığına
tam əminlik yaradır. Həm də ona görə ki, siyasi qütblər arasında dialoq məsələsinin gündəmdə olması, artıq hamımıza məlumdur. Şəxsən ölkə başçısının özü də bir neçə dəfə iqtidarla müxalifət arasında sağlam əməkdaşlığın olmasına zərurət olduğunu səmimiyyətlə bildirib.
Bütün bunları biz çoxdan arzulayırdıq, istəyirdik ki, ümumilli məsələrlə bağlı bizim iqtidarla müxalifət arasında da birlik olsun, fikir ayrılığı hökm sürməsin, çünki siyasi münasibətlərdə sağlamlıq məsələsi daha çox istədiyimiz və ürəyimizdən olacaq bir siyasi mənzərə təsiri bağışlayır hamımıza. Elə, dünyanı silkələyən koronavirus pandemiyasının Azərbaycanda da yaratdığı bu gərgin dönəmdə siyasi partiyaların qeydiyyata alınmasına start verilməsini də, dediyim prosesin davamı sayıram.

Rüfət RƏHMANOĞLU,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər