Masallı səhiyyəsinin tarixinə qara ləkə olaraq hopan, artıq "ulduzunun söndüyu" deyilən baş həkimdən daha bir ŞİKAYƏT

WhatsApp Image 2020-04-22 at 01.16.30.jpg

ŞİKAYƏTÇİ: "Qorxub-çəkinmədən məndən 3000 manat rüşvət tələb edən, digər pasiyentlərinə də "qan ağladan" Cəlil Nəzərov və ətrafındakılar rayonda sağlamlıq düşməni kimi ad çıxarıblar!"

Ölkə səhiyyəsində aparılan islahatlar belə bu sistemdəki durumu düzəldənə oxşamır -- hara baxsan, insan sağlamlığının əksi olan mühit, problem və nöqsan görürsən. Bu şəbəkədəki müəssisələr üçün görkəmi göz oxşayan inzibati və xidməti binaların ucaldılmasına, adları cəlbedici özəl tibb ocaqlarının getdikcə çoxalmasına baxmayaraq, ictimai narazılıq doğuran çatışmazlıqlar həllini tapmır ki, tapmır. Digər tərəfdən, ötən illər ərzində ölkənin səhiyyə sistemini, eləcə də bu şəbəkəyə aid müəssisələri vicdanla nəzarətdə saxlamağı və vətəndaşlarımızın sağlığına qalmağı bacaran, bu önəmli işə ömrünü sərf etmək istəyən rəhbər şəxsləri görməyimizin müşkül məsələyə çevrilməsi bu xoşagəlməzliklərin başlıca səbəbi kimi izah olunur. Konkret desək, səhiyyə sistemindəki nəzarətsizlik fürsətindən yararlanan vəzifə sahiblərinin işlərini şəxsi maraqları çərçivəsində qurmaları, əhaliyə göstəriləcək yüksək keyfiyyətli tibbi xidmət qarşısında əbədi əngəl olaraq qalmaqdadır. Səhiyyə şəbəkəsini bazara çevirməklə, bəlaya sürükləyən belə kreslo sahiblərinin imkansız vətəndaşlarımızı azara salmaları göz qabağından gedənə də oxşamır. Bunun acı nəticəsidir ki, istər dövlət, istər özəl tibb müəssisələri hələ də normal vəziyyətdə deyil, onlara rəhbərlik edənlərdən artan vətəndaş narazılığı isə, artıq, özünün pik həddinə çatıb.
Xoşagəlməz əməlləriylə hədsiz vətəndaş narazılığı yaradan belə vəzifə sahiblərindən biri də, 2002-ci ildən Masallı kimi önəmli bir cənub bölgəsinin səhiyyə şəbəkəsinə və Mərkəzi Xəstəxanasına rəhbərlik edən Cəlil Nəzərovdur. Tutduğu bu önəmli vəzifələr hesabına törətdiyi müxtəlif qanunsuzluqlara görə, adı həmişə kütləvi informasiya vasitələrində, sosial mediada və sosial şəbəkələrdə daha çox hallandırılan bu şəxsin rayon səhiyyəsinin acınacaqlı durumda olub, saymaqla qurtarmayan neqativliklər məngənəsində çabalamasının əsas günahkarı olması danılmazdır.
WhatsApp Image 2020-04-22 at 01.16.43.jpgEtibarlı mənbələrin və şikayətçilərin iddialarına görə, o, aldığı rüşvətlərlə, etdiyi korrupsiya əməlləri hesabına o qədər varlanıb ki, artıq heç kəsi saymır, gerçəyi belə görmək istəmir.
Milyoner baş həkimin dövlətin pullarını necə taladığı göz qabağındadır. Mənimsədiyi vəsaitlər və yığdığı rüşvət hesabına varlanan bu şəxsin adının, cənub bölgəsinin imkanlı şəxsləri sırasında öndə olması, yuxarılarda belə hamıya məlumdur. Onlar da yaxşı bilirlər ki, qazandıqları Cəlil Nəzərovun ğözünü elə örtüb ki, qanunlarımızı ayaq altına alıb, tapdalamaqdan belə çəkinmir -- ağlına gələn saxtakarlığa əl qoyur. Belə olan halda, yalnız bu qənaətə gəlmək olur ki, rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi vəzifələrini tutan və toxunulmaz bəlaya çevrilən Cəlil Nəzərov fəaliyyətindəki müxtəlif qanun pozuntularına, həyata keçirdiyi maxinasiya və mənimsəmə əməliyyatlarına dair açıqlamalarla uzun zamandır medianın gündəmindən düşmürsə, onun belə əməllərinə qarşı yuxarılardan reaksiyalar yoxdursa, deməli, onu qoruyub, arxasında duran, əl-qolunun daha geniş açılmasına böyük imkanlar və münbit şərait yaradan hansısa "güclü qüvvə" var. Elə, Cəlil Nəzərovun özü də, ölkədə böyük nüfuza və hörmətə sahib adlardan sui-istifadəni çoxdan əlində silah kimi tutub, bu adlarla hamını hədələməklə, nüfuzlarına ləkə gətirməkdən çəkinmir. Rayon səhiyyəsində xoşagəlməz fəaliyyəti ilə hamını narazı salan bir insanın belə şəxslərin adını, öz qanunsuz əməlləri ilə yanaşı hallandırması qəbulolunmaz, "Mənim arxamda prezidentdən də güclü adamlar dayanır! Onlar mənim ən yaxınlarımdır!” -- deməsi isə, yolverilməzdir. Ölçüb-biçmədən işlətdiyi belə çaşdırıcı ifadələri, haqlı olaraq çoxsaylı narazılıqlar formalaşdırsa da, baş həkim öz çirkin niyyətindən əl çəkənə oxşamır. Onun qanunsuz əməllərinə ölkə mediasında geniş yer verilməsinə, bu yazılarda onun mənimsəmələrinin danılmaz faktlar olaraq ortaya qoyulmasına yuxarı orqanların biganə münasibətləri heç cür başa düşülən deyil. Hələ onu demirik ki,
mədə xərçəngi xəstəliyindən müalicə olunmaqdan ötrü Türkiyəyə davamlı olaraq gedib-gəlməsi barədə söz-söhbət gəzən Cəlil Nəzərovun Respublika Patoloji Anatomiya Birliyində işləyən narkoman oğlu Xalidin bir neçə ay bundan öncə qumarda 300.000 (üç yüz ) min dollar uduzaraq, girov saxlanıldığı barədə xəbərlər, hətta Prezident Aparatına çatsa da, bu biabırçılığa da "göz yumuldu". Bu bir yana, onun, qanunsuz yollarla topladığı pullarla, -- yerli camaatın dediyinə görə, -- oğlunun qumarda uduzduqlarını bağlaması üçün çalışdığı barədə məlumatlara belə yuxarılardan reaksiya olmadı.
Yuxarıda sadaladıqlarımız, həm uzun zamandır dövlətə bu yollarla külli miqdarda ziyan vuraraq, havayı pullar qazanmaqla, gerçəkdən bir möcüzəyə çevrilən, həkimi, orta və kiçik tibb işçisi qarışıq, ümumilikdə min nəfərə yaxın tibbi heyətə malik rayon səhiyyəsinə, eləcə də 10 korpusdan ibarət Masallı Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edən Cəlil Nəzərovun qanunsuz əməlləri, həm rüşvətin hökmran olduğu kritik durumlu bu böyük məkanda, həm də onun nəzdində fəaliyyət göstərən rayon səhiyyə şəbəkəsinə daxil Ağciyər Xəstlikləri Xəstəxanasında, Boradigah və Kalinovka yaşayış məntəqələrindəki 2 kənd sahə xəstəxanasında, 30 kənd həkim və 28 tibb məntəqəsində baş verənlərlə bağlı ölkə mətbuatında gedən kəskin tənqidi xarakterli yazıların qısa xronologiyasıdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu yöndən hazırladığımız materialları araz.az saytında da dərc etmişik. Haqqında nələri yazmamışıq?! Konkret olaraq, Masallı səhiyyəsində acınacaqlı durum yaradan səbəblərə, əksəriyyətini redaksiyamıza ünvanlanan şikayət məktubları əsasında hazırladığımız tənqidi materiallarda, eləcə də geniş araşdırma yazılarımızda dəfələrlə toxunmuşuq. Xüsusi olaraq qeyd etmişik ki, Azərbaycan səhiyyəsində aparılan son islahatların belə buradakı durumu düzəltməyə gücü çatmır. Amma, nə faydası?! Ortada nəticə olmayıb, necə deyərlər, “çax-çaxı baş ağrıtsa da, dəyirman öz işində olub" həmişə. Böyük tibbi heyətlə rayon əhalisinə xidmət əsas vəzifəsi olan bu tibb ocağının hazırki iş prinsipi və buradakı mövcud durum heç kəsin ürəyincə deyil. Rüşvətin məkan saldığı və hökmranlıq etdiyi bu böyük tibb müəssisəsindəki şəraitin hərtərəfli pis olması, üstəlik, ağır haqq tələbləri pasiyentləri olduqca narahat edir. Baş həkimdən tutmuş, həkimlərin, eləcə də orta və kiçik tibb işçilərinin, bu xəstəxanaya pulsuz üz tutan xəstələrlə davranışda kobudluğa yol vermələri, onları hər addımda acılamaları qanqaraldıcıdır. Xəstələr, həm də ona görə narazıdırlar ki, dövlətin Masallı səhiyyəsinə ayırdığı bütün vəsaitləri təyinatı üzrə xərcləməyən baş həkim, bunun əvəzini, faktiki olaraq, işçilərinin əliylə onlardan çıxır. Onun tələbinə uyğun hərəkət edən həkimlər, xəstələri açıq-aşkar soymasalar, heç işə başlamırlar da.
Masallı sakinlərinin özlərinin dedikləri kimi, Oqtay Şirəliyevin səhiyyə naziri olduğu bu dövr isə, Cəlil Nəzərovun “qızıl erası” sayıla bilər. Ortada iddiaya bənzər belə bir fikir formalaşması məhz ona görədir ki, o, rayon səhiyyəsinin rəhbəri postunda, baş həkimi olduğu Mərkəzi Xəstəxana qarışıq, onun nəzdində fəaliyyət göstərən bütün tibbi müəssisələri bazara çevirməsinə baxmayaraq, hələ də cəzasız qalmaqdadır. Durumun yaxşılaşdırılması üçün ayrılan dövlət vəsaitləri baş həkimin cibinə axdığından, haram yeyinti ağrısı hər addımda hiss olunur. Heç olmasa, xəstələrdən alınan milyonların cüzi bir hissəsini, bu tibb ocağındakı şəraitin, az da olsa yaxşılaşdırılmasına sərf etmək, rəhbərin yadına belə düşmür.
Əvvəlki kimi, Mərkəzi Xəstəxana nəzdindəki qəsəbə və kənd sahə xəstəxanaları, ilkin tibbi yardım məntəqələri,.. baş həkimin ağlasığmaz haqq tələbi ucbatından, hələ də özlərinə gələ bilmirlər. Əslində, daha çox uçuq-sökük daxmaya bənzəyən bu tibb məntəqələrinin özlərinə yardım lazımdır. Di gəl ki, bu yararsız kənd sahə xəstəxanalarının və tibb məntəqələrinin hesabına, Cəlil Nəzərovun hər il yüz minlərlə manat dövlət vəsaitini saxta yollarla hesabdan silərək, mənimsədiyi üzə çıxır.
Ən dəhşətlisi odur ki, bu önəmli vəzifələrin sahibi, bölgədə özünü sahibkar və narkotacir kimi də, elə, Oqtay Şirəliyev nazir olandan tanıda bilib. Rayon sakinləri arasında gəzən söz-söhbətlərə görə, o, eyni zamanda, yaşadığı kəndi ətrafındakı həmin meşələrdə narkotik bitkilər becərtdirməkdən də çəkinmir. Onun rayon səhiyyəsinin problemlərindən çox sahibkarlıqla məşğul olması, səhiyyədən şəxsi varidatını artırmaq üçün vasitə olaraq istifadə etməsi, etdiyi saysız-hesabsız saxtakarlıqlar nəticəsində əldə etdiyi külli miqdarda bu pulları yaratdığı çoxşaxəli biznes şəbəkəsinin inkişafına yönəltməsi isə, çoxları kimi, öz nazirinə də sirr deyil. Bu, ona işarədir ki, "daşdan yun qırxmaqla", böyük pullar qazanmağı bacaran Cəlil Nəzərov Oqtay Şirəliyevlə də "dil tapmağı" bacarıb; Elə, buna görədir ki, ortada, Masallıda "Mərkəzi Xəstəxana" adlı bazar açan bu önəmli vəzifələr sahibinin özbaşınalığından cana doyanların, nazirin və nazirliyin adlarına ünvanladıqları sayı-hesabsız şikayətlərə, heç olmasa, bircə dəfə də olsun, yaxşı yöndən verilən cavab yoxdur.
Masallı rayon Mərkəzi Xəstəxanası qarışıq, onun tabeçiliyindəki obyektlərə tez-tez baş çəkən müvafiq dövlət qurumlarının və Səhiyyə Nazirliyinin məsul işçiləri, buralardakı olduqca acınacaqlı vəziyyətin şahidi olduqdan sonra, heç olmasa, yaxşılığa doğru hansısa bir qərar qəbul etməyiblər. Sanki qorxudan ürəkbulandıran hər şeyin yanından gözüyumulu keçiblər. Hətta, onlar, Cəlil Nəzərovun fəaliyyəti ilə bağlı edilən şikayət xarakterli vətəndaş müraciətlərinin, məktub və ərizələrin Səhiyyə Nazirliyinin qapısından içəri keçməsinə imkan verməyiblər. Bir sözlə, indiyədək Cəlil Nəzərovu əyri yolda dayandıran tapılmayıb.
Böyük pullar qazanmağı bacaran Cəlil Nəzərovun çoxşaxəli biznes şəbəkəsi indi özünün çiçəklənmə dövrünü yaşayır, getdikcə şaxələnərək, günü-gündən böyüyür. Bu şəbəkəyə əkin-biçin sahələri, bağ-baxça, ferma qarışıq, restoran, kafe, habelə öz kəndi olan Ninəlov ətrafındakı meşəlikdə tikdirdiyi və artıq əxlaqsızlıq yuvası kimi tanınan "Qəmo” istirahət mərkəzi, aptek, rayon Mərkəzi Xəstəxanasının iki addımlığında tikdirdiyi özəl klinika... daxildir. Xəstəxananın giriş qapısının ağzında tikilib istifadəyə verilən ictimai iaşə və ticarət obyektləri də ona məxsusdur. Həmin obyektlərin bəziləri müxtəlif adamların adlarına rəsmiləşdirilsə də, hamısı Cəlil Nəzərovundur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, baş həkim Mərkəzi Xəstəxananın bir çox əməkdaşlarını, --ortada onların razılıqları olmasa da, -- özəl klinikasına müxtəlif işlərə cəlb etməklə, əməklərini istismar etməkdən belə çəkinmir. “Nə qazanırıq, nə verək?!” - deyə, bu qanunsuzluqlara etiraz edən həkim və tibb işçiləri isə, sonda baş həkimin qəzəbinə tuş gəlir, işdən çıxarılacaqları ilə hədələnirlər. Cəlil Nəzərov, hətta onun iş prinsipinə etiraz edənlərə qarşı, təhqiramiz ifadələr işlətməkdən də çəkinmir. Onsuz da, baş həkimin sərtrəftar insan olduğunu hamı bilir. Acıladığı həkim və tibb işçiləri, işlərini itirmək qorxusundan, onun xoşagəlməz hərəkətlərinə göz yummağa məcburdurlar. Yaxşı bilirlər ki, onun arxasında duran var. Belə olmasaydı, ona haqqı başa salmaq bu qədər çətin olmazdı.
Deyilənlər, bu günlərdə Masallıdan araz.az xəbər portalının redaksiyasına daxil olan daha bir şikayətçi məktubunda da, öz əksini tapıb. Boradigah qəsəbəsindən olan 65 yaşlı Əlikram Əlixan oğlu Mustafayev müəllifi olduğu həmin məktubunda xüsusi olaraq onu vurğulayır ki, Cəlil Nəzərov Masallı üçün daha önəmli olan bu vəzifələri ələ keçirəndən, məqsədi yalnız bölgə səhiyyəsini iflic etməyə, əhali sağlamlığına ciddi zərbəyə yönəlib. Ağsaqqal şikayətçinin bu yöndən yazdıqları, demək olar ki, bu yaxınlarda araz.az-da dərc etdiyimiz kəskin tənqidi xarakterli bir yazımızda, eləcə də inanılmış mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlarda göstərilən faktların daha bir təsdiqidir. Həm şikayətçinin məktubunda, həm də həmin yazımızda qeyd olunduğu kimi, rəhbəri olduğu xəstəxanaya medianın daxil olmasına qadağa qoyan Cəlil Nəzərov 2002-ci ildə bölgədəki hakimiyyət böhranından istifadə etməklə, bu önəmli vəzifə postuna sahib çıxıb. Öncədən rayon Mərkəzi Xəstəxanasında uroloq, sonra isə, şöbə müdiri vəzifəsində işləyən bu arzuolunmaz şəxsin daxilində baş həkim olmaq istəyi, hələ, 1993-cü ilin yayında ölkənin cənub bölgəsindəki “Talış-Muğan Respublikası” qarmaqarışıqlığı dönəmində, bu qarışıqlığın baiskarı Əlikram Hümbətova bəslədiyi itaət və ehtiramla birgə baş qaldırıb. Arzusunun həyata keçib, istəyinə qovuşmasına isə, rayonun adları yaxşı yöndən hallandırılmayan keçmiş vəzifə sahibləri yardımçı olublar. Arzuolunmaz rəhbər də, öz növbəsində, onlara söz verib, vəd etdiyi kimi, rayon səhiyyəsinin büdcə vəsaitlərini aram-aram talayaraq, haqq-hesab düzənini pozmayıb və beləcə, yardımçılarının xüsusi rəğbətini qazanıb.
2013-cü ilin avqust ayında, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə, 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilən və 10 korpusdan ibarət olan bu tibb ocağı əsaslı təmir edilərək, keyfiyyətli tibbi xidmət göstərməsi üçün, 223 min nəfərlik bölgə əhalisinin istifadəsinə verilərkən, hətta lazımi bütün tibbi avadanlıq və preparatlarla tam təmin olundu. Təmirdən sonra belə deyilirdi ki, korpuslarda yeni quraşdırılan KT, müasir rentgen, flüoroqrafiya, USM müayinə, exokardioqrafiya, hemodializ və ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcək. Lakin rayon səhiyyəsindəki mövcud durum indiyədək deyilənlərin əksini göstərir. Bu böyük tibb müəssisəsinin ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınsa da, burada müasir işıqlandırma sistemi quraşdırılsa da, xəstəxanada hələ də sonu işıqlı müayinə və müalicədən əsər-əlamət yoxdur. Uzun və üzücü təmirdən sonra, burada xəstə əlindən tərpənmək mümkün olmasa da, tibbi personalın göstərdiyi xidmət heç bir işə yaramır. Edilən yararsız müayinə və müalicələr səbəbindən, bura böyük ümidlərlə üz tutan xəstələrə ümidli sağlamlıq sevinci bəxş edilmir. Ümidsizlərin etdikləri şikayətlər isə, əvvəllər olduğu kimi, yenə cavabsız qalır.
Saytımız vasitəsilə ölkə başçısına, Birinci vitse-prezidentə, eləcə də səhiyyə nazirinə və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayan Əlikram Mustafayev öz məktubunda, həm də Masallı səhiyyə sistemi “pərdəsinə bürünərək”, etmədiyi qanunsuzluq qoymayan Cəlil Nəzərovun
başına gətirdiyi oyunlardan yazıb.
1977-ci ildən əmək fəaliyyətinə başlayan və 20 il dövlət iaşə obyektlərində işləyib, 1996-cı ildə xəstəliyi ilə əlaqədar işdən çıxan şikayətçi bildirir ki, bu barədə onun əmək kitabçasında qeydlər də var: "2000-ci ildə miokardın infarktı diaqnozu və ürək işemik xəstəliyinin diabeti debyutu ilə xəstəxanaya daxil olmuşam. O vaxtdan, daimi olaraq, terapiya keçirirəm. Çünki, əvvəlcədən də qeyd etdiyim kimi, ürək işemik xəstəliyi, ekvivalent təngnəfəslik deyilən stenokardiya gərginlik formasıkoronar arteriyaların aterosklerozu və ön mədəciklərarası arteriyası, sol mədəciyin fisfunksiyası, ikinci dərəcəli şəkər diabeti, insulinterapiya, subkompensasiya, dislipideniya, hiperurkemiya, ağ ciyərin ağır dərəcəli xroniki obstiktiv xəstəliyi mənim əsas diaqnozlarımdır. Bundan başqa, ağır ürək əməliyyatı keçirmişəm və ürəyimə "stend" qoyulub. Hazırda da dərmanlar hesabına yaşayır, lakin, heç yerdə işləmədiyimə və pensiya almadığıma görə, dərman almağa pul tapmıram. Hətta kömək üçün dəfələrlə Masallı Mərkəzi Rayon Xəstəxanasına etdiyim müraciətlərim belə nəzərə alınmayıb. Əvəzində, mənim özümdən külli miqdarda pul istəyiblər.
Pensiya üçün tələb olunan sənədlərimi verməyən, üstəlik, özümün təqdim etdiyim lazımi sənədlərimi belə üstümə tullayan və heç nəyə məhəl qoymayan baş həkim Cəlil Nəzərovun özü deyir ki, gedib hara istəsəm şikayət edə bilərəm. Onsuz da, xeyri olmayacaq, onun xətrinə dəyib, adi söz deyən, ona nəsə edən tapılmayacaq, çünki, özünün dediyinə görə, arxasında güclü adamlar dayanır. Elə, bu səbəbdəndir ki, məndən qorxub-çəkinmədən rüşvət tələb edən xəstəxana rəhbəri deyir ki, deyilən pulu verməsəm, pensiyamı qəbirdə görəcəm. 64 yaşlı xəstə bir adama qarşı belə bir haqsızlıq və ədalətsizlik əsl cinayət deyilmi?!. Hələ onu da bildirmək istəyirəm ki, Cəlil Nəzərov xəstəliyə görə pensiya almaq istəyən yüzlərlə rayon sakinindən yüksək məbləğdə pul alsa da, onları illərlə süründürür. Özü qaçıb, xəstəxananın xəlvəti guşələrində gizlənsə də, ortadakı vasitəçilər adamlarla üz-göz olurlar".
Əlikram Mustafayev məktubunda onu da xüsusi qeyd edir ki, şəkər xəstəsi kimi qeydiyyatda olsa da, qanuni olaraq ona çatacaq dərmanları da xəstəxana tərəfindən ona verilmir. Bildirir ki, rayon səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri kimi, ilk növbədə, tibb müəssisələrinə dərmanların alınması zamanı yol verilən maxinasiyaları göstərmək lazımdır: "Cəlil Nəzərov satışı qadağan və qeydiyyatdakı güzəştli kateqoriyadan olan xəstələrə pulsuz verilmək üçün Mərkəzi Xəstəxananın aptekinə daxil olan bahalı dərmanları, dövlətdən oğurladığı pullar hesabına, elə, bu tibbi müəssisənin iki addımlığında tikdirdiyi özəl klinikasında, şəxsi aptekində və şəriki olduğu digər apteklərdə satdırmaqdan da çəkinmir. Bu sahədən mənim kimi narazı digər sakinlərin şikayətlərinə baxan isə, yoxdur. Baş həkimin belə iyrənc spekulyasiyaları təkcə dərmanlar üzərində bitmir. Onun tərəfindən digər əməliyyatlar zamanı da çeşidli maxinasiyalara daha çox yol verilir, qaimə sənədlərində şişirdilmiş qiymətlər göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları, xəstəxana üçün alınan zaman, müvafiq sənədlərdə onların qiymətləri iki-üç, bəzən üç-dörd dəfə artıq göstərilir. Bütün bunlar azmış kimi, rayonun tibb müəssisələrində, Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar da, kobud şəkildə pozulur. Xəstəxana rəhbərliyi, hətta, qeydiyyatdakı güzəştli kateqoriyadan olan xəstələrə pulsuz dərmanların verilməsinə də qadağalar qoyur, onların digər tibbi yardımlarına belə göz dikir. Üstəlik, Mərkəzi Xəstəxanaya məxsus olan müasir tibb aparatlarını, digər bahalı avadanlıq və ləvazimatları yaxınlıqdakı özəl klinikasında yerləşdirməklə də, istədiyini etməyi bacarır. WhatsApp Image 2020-04-22 at 01.18.49.jpg
Məni istənilən vaxt evimdə belə yoxlatdıra bilərlər. Necə bir çətin durumda yaşamağım vicdanı olan hər bir kreslo sahibinə təsir edə bilər. Yerli səhiyyənin başında duranlar isə, mənə deyirlər ki, onlar mənim kimi xəstələrdən belə pul tələb etməlidirlər. Çünki nazirlik onlardan pul tələb edir və onlar aldıqları rüşvəti, sonda toplayıb, nazirə çatdırırlar
Nazirin adıyla onlar pul toplayır, rüşvət hesabına yalan sənədlər verirlər. Həqiqət budur ki, bu gün xəstə kimi pensiya alanların hamısı yoxlanılsa, onların doxsan faizində xəstəlik tapılmaz və onlar üçün qoyulan diaqnozların tamamilə yalan olduğu üzə çıxar. Bu, danılmaz faktdır!
Mən dəfələrlə nazirliyə şikayət etmişəm. Sonuncu dəfə mənə nazirlik tərəfindən göndəriş də verilib. Həmin göndərişlə bütün yoxlamalardan keçmiş əm, lakin RMX-da məni aldadıb, səthi diaqnoz yazaraq, nazirliyə göndəriblər. Nazirlikdən isə, şikayətimə cavab gəlib ki, guya, bu qədər xəstəliyim pensiya üçün yetmir. Ümumiyyətlə, ağır durumda olsam da, məcburiyyətdən, Masallı ilə paytaxt Bakının arasında qalmışam. Hətta, ötən ilin sentyabr ayında rayon icra hakimiyyəti başçısının qəbulunda da olmuşam. O da göstəriş verdi ki, vicdan çərçivəsində mənə köməklik edilsin. Şəxsən bu dəqiqə baş həkim Cəlil Nəzərovdan və hamının onun "sağ əli" kimi tanıdığı həkim-kardioloq İlqar Ramizoğlundan asılı vəziyyətdə qalmışam. Onlar əlbir olub, insan taleyi ilə alver edirlər, çünki, çoxları kimi, mənim də taleyim onların əllərindədir. İnsan taleyi ilə oynamaqdan heç qorxmurlar da. Belə çıxır ki, onlar, insanlara münasibətdə ölkə başçısının göstəriş və tələbələrinə məhəl qoymurlar. Başları "pul alverinə" elə qarışıb ki, gözləri heç nəyi görmür, ağır xəstələr belə veclərinə deyil, insanlığa aid bütün kriteriyaları unudublar. Onlar xstələrə qanunla pulsuz çatacaq dərmanları belə onlara vermək istəmirlər. Rayonun Həsənli, Köçəkli və digər kəndlərindən adlarını yalandan əlil qoyan vasitəçilərin sözləri və istəkləri ilə, yüksək rüşvət hesabına, kimə gəldi pensiya təyin edirlər".
Şikayətçi məktubunun sonunda ölkə başçısından kömək istəyir: "Cənab Prezident! İndi xahiş edirəm, mənə cavab verin, əgər, ölkədə Sizdən də səlahiyyətli kimsə varsa, deyin, mən ona müraciət edim. İnanır və ümid edirəm ki, mənim Sizə təkrar yazdığım bu müraciətimə ciddi şəkildə təcili reaksiya göstərəcək, ölkədə Sizin nüfuzunuza xələl gətirən belə harın və qudurğan vəzifəli şəxslərin layiqli cəzalarını almaları üçün aidiyyatı qurumlara öz ciddi göstərişlərinizi verəcəksiniz. Mən, artıq, xəstəxanaya gedib, müayinədən keçməyə güc belə tapmıram. Xahiş edirəm, məni yoxlayıb, tibbi müayinədən keçirərək, diaqnoz qoyacaq komissiya üzvlərinin evimə gəlmələrinə göstəriş verəsiniz! -- deyərək, bir daha onu diqqətə çatdırır ki,
ümumiyyətlə, haqqı çatmadan qanunsuz təqaüd və yardım alanların sayı, bu bölgədə çoxluq təşkil edir; Cavanı qocaltmaq, sağlama xəstə, əlil “donu geydirmək” üçün, əlin cibə girməsi kifayətdir. Ta ki, baş həkimin stolu üstünə 2000-dən 3000 manatadək və ondan çox “şirinlik” qoya biləsən".
Şikayətçi Əlikram Mustafayevin də müraciətinin sonunda qeyd edildiyi kimi, hazırda ölkəmizin səhiyyə sistemində bu cür fəaliyyət göstərən səhiyyə işçilərimiz çoxdur və onlar cəmiyyətimiz üçün təhlükəyə çevrilmək üzrədir. Onlara qarşı qanun çərçivəsində vacib tədbirlər görülməsi mütləqdir!
Yazının davamı olacaq. Qanunlar çərçivəsində, qarşı tərəfin mövqeyini dərc etməyə də hazırıq.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər