“Qarabağda savaşı biz uduzmadıq, bizi uduzdurdular...” - Arif Paşa

arif-pasa.jpg“Amma bizlərin döyüşçü, savaşçı olaraq ümidsiz olmağa haqqımız yoxdur…”

28 il öncə bu gün – 1 oktyabr 1991-ci il tarixdə Azərbaycanın ilk müdafiə naziri general-mayor Valeh Bərşadlı hərbi hissə yaradılması haqda 1 nömrəli əmr imzalayır. Bu, Ermənistanla həmsərhəd Laçın rayonunda Ərazi Özünümüdafiə taborunun yaradılması haqda əmr olur və beləliklə, Azərbaycan Mlli Ordusunun təməli qoyulur.


Bu haqda Moderator.az əməkdaşına danışan sonradan 27 mat 1992-ci ildə alaya çevrilmiş Laçın taborunun qurucusu və komandiri polkovnik Arif Paşa “Bir daha azad olunmuş Laçında- işğalçı ölkə ilə sərhəddəki eyni məkanda Azərbaycan oğullarından ibarət alayın “Əsgər marşı”nın sədaları altında addımlayacağına inanırsınızmı?” sualını belə cavablandırıb:

“Əlbəttə, o günün gələcəyinə inanırıq. Doğrudur, bu günkü gerçəklikdə torpaqların tezliklə azad olunacağından danışmaq çətindir. Amma bizlərin döyüşçü, savaşçı, Azərbaycan zabiti olaraq ümidsiz olmağa haqqımız yoxdur. Biz taborumuzu o illərdə hələ ayaqda duran sovet sisteminin təzyiq və təqibləri altında Laçın camaatının, Xalq Cəbhəsi fəallarının, ayrı-ayrı rəhbər şəxslərin minbir əziyyəti sayəsində qurduq. Sonradan alaya çevrilmiş bu taborun yaradılmasında əməyi keçən hər kəsi sayğı ilə anır, şəhid olanlara və dünyasını dəyişənlərə rəhmət diləyirəm...

 

Təəssüf ki, kənar müdaxilələr, xüsusən xarici kəşfiyyatların, Azərbaycanın yeni yaranan Müdafiə Nazirliyinin baş qərargah rəisi vəzifəsində oturub Rusiya “QRU”-sunun tapşırıqlarını yerinə yetirən Şahin Musayev kimilərin açıq-gizli təxribatları nəticəsində bizim yeni formalaşan ordunun, o cümlədən Laçın alayının gördüyü işlər boşa çıxdı. Bir çox insanlar bu cür gerçəkləri bilmir və Qarabağ müharibəsi, o cümlədən Laçında, alayımız ətrafında baş verən proseslər, rayonun işğalı və s. barədə bilib-bilmədiklərini danışırlar. Ancaq həmişə deyirəm:Laçın alayına kənar müdaxilələr olmasaydı, hər şey başqa cür olacaqdı... Bir sözlə, biz Qarabağ savaşını uduzmadıq, bizi uduzdurdular...”

Sultan Laçın

Əlaqəli xəbərlər