Koronavirus qripi demək olar yoxa çıxarıb – “Associated Press”

qrip vaksini

Fevral adətən qripə yoluxmaların ən yüksək həddə çatdığı və klinikaların qrip xəstələri ilə dolduğu aydır. Ancaq bu mövsüm ABŞ-da qrip virusu demək olar yoxa çıxıb və ölkədə son onilliklərdə qripə yoluxmanın ən aşağı həddi qeydə alınıb.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Associated Press” agentliyinin yaydığı materialda belə deyilir.

Bildirilir ki, COVİD-19 infeksiyası əleyhinə görülən tədbirlər (maska taxılması, məsafə saxlanması, təhsilin virtual şəkildə aparılması, səyahət qadağaları və s.) qripin qarşısının alınmasında mühüm rol oynayıb.

Eyni zamanda çox güman ki, koronavirus qrip virusunu və digər zərərli bakteriyaları sıxışdırıb, ona görə də qripə yoluxmalar azalıb.

ABŞ-ın Miçiqan Universitetinin qrip infeksiyası üzrə eksperti doktor Arnold Monto “Associated Press”ə deyib ki, hələlik qripin zəifləməsinin mexanizmini tam dərk etmək olmur, amma virusun bir növünün digər növü üzərində üstünlük qazanması qanunauyğunluğu var və böyük ehtimalla indi söhbət bu qanunun təsirindən gedir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin əməkdaşı Linnett Brammer bildirib ki, hazırda Amerikada son onilliklərin ən zəif qrip mövsümü hökm sürür.

“Associated Press” vurğulayır ki, qrip uzun müddətdir ən təhlükəli infeksion xəstəlik sayılır, ona görə indiki göstəriciləri heyrətamiz hal kimi qəbul etmək gərəkdir.

ABŞ-da son illərdə qrip virusu 600-800 min insanın xəstəxanalara düşməsinə və 50-60 min nəfərin ölməsinə səbəb olub.

“Associated Press” xəbər verir ki, başqa ölkələrin də çoxunda qrip virusunun aktivliyi aşağı həddədir.

Əlaqəli xəbərlər