"Xocalıya İvanyan adı verilməsini eşidəndə elə bilirəm Paşinyan yenə “Qarabağ Ermənistandır” deyir"

1628173887 1607284761 1607270250 resize 1
 
Müşahidə etmək yetər, müdaxilə etməliyik...
Müharibədən əvvəl də, indi də erməni təbliğatı, informasiya mübarizəsi, ermənilərin Qarabağa iddialı siyasəti və əməlləri barədə bilgimiz və təsəvvürümüz kifayət edir ki, düşmənin mahiyyətini və perspektiv planlarının nə olduğunu dərk edək. İrəvandan, Xankəndindən hər gün xəbərlər oxuyur, istər separatçı rejimin rəhbərlərinin, istərsə də rəsmi İrəvanın Qarabağla əlaqədar ən kiçik söyləmələrini də nəzərdən qaçırmırıq. Bəli, məsələ burasındadır ki, yalnız nəzərdən qaçırmırıq və bununla kifayətlənib 9 aydır ki, baş verənləri yalnız müşahidə edirik. Ermənilərin hətta məğlub olandan sonra da oynadıqları oyunun Qarabağın başında olduğu və nəzarət etdikləri Qarabağ torpaqlarının bir hissəsini əllərində saxlamağı hədəf götürdüklərini müharibə bitənin səhərisi günündən bilirik. 
Elə məsələlər var ki, müşahidə etməklə kifayətlənib düşmənin saman çöpündən yapışdığını, böhran içində olan əhaliyə ümid vermək üçün təbliğat apardığını düşünüb əhəmiyyət verməyə bilərsən. Amma, düşmən sözdən əmələ keçdikcə, əleyhimizə olan real işlər çevirdikcə - “boş şeydir”, “maksimalist olmayın”, “tezliklə erməni çıxıb gedəcək” kimi fikirlərin yalnız zərərimizə işlədiyini görməmək mümkün deyil. 
Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya hərbçilərinin ermənilərin Qarabağa qayıdışı barədə gündəlik hesabatlarını yəqin xatırlayırsınız. Bu, o siyasətdir ki, Qarabağda min nəfər erməni qalsa da çalışacaqlar ki, onların təhlükəsizliyini bəhanə gətirib Azərbaycan dövlətinin məhz həmin ərazilərə nəzarətinə imkan verməsinlər. Bu gün də gələn informasiyaların mərkəzində “ermənilər Qarabağdadır və olacaqlar” siyasətinin dayandığını və havadarların da bu yolda onlara dəstək verdiyini açıq görürük.
Xəbərin biri budur ki, Ermənistan prezidenti Sarkisyanla görüşən “Ayastan” ümumerməni fondunun rəhbərləri tezliklə qaçqınlar üçün Qarabağda 1000 evin tikilib təhvil verilməsini bəyan ediblər. 60 milyon dollar dəyərində olan bu proqrama yolların, məktəblərin təmiri, su xətlərinin çəkilişi və irimiqyaslı mənzil tikintisi daxildir. Xəbərdə deyilir ki, Hadrut və Şuşa qaçqınları üçün bu evlərin bir hissəsi Xankəndində, “bir hissəsi isə İvanyan”da, yəni Xocalıda istifadəyə veriləcək. Sizi bilmirəm, Xocalıya İvanyan adı verilməsi və burada erməni qaçqınları üçün evlər, rus xristian əsgərləri üçün kilsə tikmək xəbərini eşidəndə elə bilirəm ki, düşmən Xocalıda yenidən qətliam törədib, elə bilirəm ki, Paşinyan təzədən “ Qarabağ Ermənistandır” deyir. Sakit qarşılamaq mümkün deyil, səbirli olmaq imkan xaricindədir. Bu xəbər o vaxt sakit qarşılanardı ki, bu doqquz ayda bir dəfə rəsmi mövqe bildiriləydi ki, “2022-ci ildən ilk növbədə Xocaldan başlayaraq azərbaycanlıların yaşadığı digər yaşayış məntəqələrində tikinti abadlıq işlərinə start veriləcək və iş başa çatan kimi 10 noyabr bəyanatına əsasən BMT-nin qaçqınlarla iş üzrə Ali Komissarlığının nəzarəti ilə əhalimizi o yerlərə köçürəcəyik”. 
Söhbət yalnız bu xəbərdən getmir. Quşçuluq fabrikinin tikintisinin başlanmasından, Ağdərədə 25 milyon dollarlıq yeni su elektrik stansiyasının tikilməsindən, Ağdərəni ikinci böyük şəhərə çevirmək bəyanatından və bu qəbildən olan digər xəbərləri də sakit oxumaq, müşahidə etmək olmur. Üstəlik “Rusiya sülhməramlıları” deyilən qüvvələrin indiyədək “sülh” adına heç bir fəaliyyət göstərməməsidir. Rusiya hərbiçiləri birtərəfli qaydada, yalnız erməni əhalisinin marağına uyğun “ Tereza ana”, “ Qırmızı xaç” rolunda çıxış etməklə məşğuldurlar. 
Ermənistan rəhbərliyi də seçkidən keçən hər gün özünə gəldikcə, Putin, Bayden başda olmaqla aldığı təbriklərdən eyforiyaya qapılıb yenidən Qarabağdan, sərhəddən  danışmağa başlayıb. 
Ermənistanın Baş naziri Paşinyan yeni müdafiə nazirini silahlı qüvvələrə təqdim edəndə Azərbaycanla olan mövcud vəziyyət haqqında məlumat verməklə yanaşı, faktiki olaraq bu istiqamətdə perspektiv siyasi xəttini də ortaya qoyub. Qarabağın işğalda qalan bir hissəsinin necə azad edilməsindən daha çox danışdığımız  “Zəngəzur dəhlizi” layihəsinin “Ermənistan üçün qəbuledilməz” olduğunu bir neçə dəfə görüş iştirakçılarına xatırladıb. O, bölgədəki kommunikasiyalara qoyulmuş maneələrin aradan qaldırılmasının vacibliyini vurğulasa da, birtərəfli qaydada Azərbaycanın “dəhliz” yaratmasına qəti etitazını bildirib. 
Son günlər baş verən bütün bu gəlişmələri detallarına qədər yazsaq gərək Araik Arutunyandan sitatlar gətirək ki, düşmən Qarabağda siyasi, hərbi, iqtisadi, məişət səviyyəsində möhkəmlənmək üçün nələr edir və etməyi planlaşdırır. Nəhayət, biz proseslərə təsir etmək üçün rəsmi mövqelərimizi gecikmədən ortaya qoymalıyıq. O zaman nə Minsk Qrupu, nə Paşinyan, nə Araik, əsasən də Qarabağ erməniləri ümidlənməyəcəklər.
Biz “müşahidəçi” obrazından çıxmalı, “müdaxiləçi” olmalıyıq...
 
İlham İSMAYIL

Əlaqəli xəbərlər