Jurnalist Abdulla İsmayıloğlu, Ramil Usubova 29-cu Polis Şöbəsindən şikayət etdi - Fakt

 Ramil Usubov 01

“Qanunlar xalqın rifahı üçün yaradılıb”.

Mark Tuliy Siseron.

 

 

Hörmətli cənab nazir!

Azərbaycanda qanunların xalqın rifahına xidmət etməsinə bir çox harınlamış, zülmkar icra başçıları, məmurlar, polis və prokurorluq orqanlarında çalışanlar imkan vermir.

Aşağıda göstərəcəyim xuliqanlıq hərəkətləri ilə əlaqədar qeyd edirəm ki, 28.01.2019-cu il tarixinədək, bir dəfə də olsa, polis və prokurorluq orqanlarına nə çağırılmış, nə də ki, şikayət etmişəm.

28.01.2019-cu il tarixdə “facebook” sosial şəbəkəsində tanımadığım profildən özümün, yaxınlarımın ünvanına nalayiq ifadələr bildirildi. Bir neçə saat sonra mənə, tanımadığım mobil nömrədən zəng gəldi. Cavab verən zaman həmin “facebook” profilindəki şəxs olduğunu (zəng edən özü bunu dedi) bildim. Bu dəfə o, küçə söyüşləri ilə özümün, yaxınlarımın ünvanına təhqirlər yağdırdı, sonra isə hədə-qorxu gəldi. Bu hadisədən dərhal sonra faktiki yaşadığım, ərazi aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yazılı şikayət etdim. Şikayətimdə məni təhqir edən, hədələyən şəxsin “facebook” profilini, mobil nömrəsini də qeyd etdim. Bir neçə gün sonra həmin polis idarəsinin dəftərxanasına zəng edərək, şikayətimin qeydiyyat nömrəsini (№ 0952014) öyrəndim.

Beş-altı gün sonra həmin polis şöbəsində sahə rəisi (uçastkovı) vəzifəsini icra edən polis kapitanı Ramin İbadov mobil nömrəmə zəng edərək, bölməyə yaxınlaşmağımı bildirdi. Həmin gün saat 18.00 radələrində şöbədə oldum. Şikayətimlə bağlı geniş izahat yazdım. İzahatımda bir daha məni təhqir edən, hədələyən şəxsin “facebook” profili ilə mobil nömrəsini qeyd etdim. Adı çəkilən polis kapitanı “narahat olmayın bəy, ən geci bir həftəyə sizi təhqir edən şəxsi tapıb bura gətirəcək, sizi də çağıracağıq. Həmin şəxs əməlinə görə qanun qarşısında cavab verəcək”. Lakin 40 günə yaxın (qanunla vətəndaşın müraciətinə ən geci 30 gün müddətində cavab verilməlidir) vaxt keçməsinə baxmayaraq, nə mobil telefonuma zəng edildi, nə də rəsmi olaraq cavab məktubu göndərildi.

Mənə qarşı bu cür kobud qanun pozuntusuna görə, məhz Sizin adınıza şikayət məktubu yazdım, eyni zamanda “102” məlumat xidmətinə də, məlumat verdim.

Şikayətimə cavab olaraq, 08.04.2019-cu il tarixdə Bakı şəhəri Baş Polis idarəsinə çağırıldım. Orada həm məni hədələyib, təhqir edəndən, həm də şikayətimi qulaq ardına vuran 29-cu Polis Şöbəsinin əməkdaşından yenidən izahat yazdım.

Son şikayətimə BŞBPİ-dən, 26.04.2019-cu il tarixdə, № 04315620İ-3219 nömrəli cavab məktubu gəldi. Məktubda deyilir:

“Müraciətiniz tam, ətraflı, obyektiv araşdırılaraq müvafiq tədbirlər görülməsi məqsədilə aidiyatı üzrə Yasamal Rayonu Polis İdarəsinə göndərilmişdir. Görülmüş işlərin nəticəsi barədə, Yasamal Rayonu Polis İdarəsi tərəfindən sizə əlavə məlumat veriləcək”.

Lakin bir aydan çoxdur ki, adıkeçən polis idarəsindən mənə heç bir xəbər, bildiriş, əlavə məlumat verilmir ki, verilmir...

Bütün bunlar ona dəlalət edir ki, 29-cu Polis Şöbəsi nə Azərbaycan Respublikasının Qanunlarını, nə də ki, cənab nazır Sizi saymır!

Polis orqanlarında bu cür yarıtmaz, laqeyd, səhlənkar və sair bu kimi xüsusiyyətlərlə zəngin polislərin çoxluq təşkil etməsi, xalqın DİN–ə olan etimadını yerə vurur.

Sonda xalq arasında məşhur: “Azərbaycanda qanunlar kağız üzərindədir! Vətəndaşların şikayətinə, müraciətinə baxılmır, hüquqlarımız kobud şəkildə tapdalanır” və sair bu kimi ifadələrə haqq qazandırmamaq mümkün deyil.

Hörmətli Ramil müəllim!

Sizdən xahiş edirəm ki, məni nalayiq söyüşlərlə təhqir edən, hədə-qorxu gələn, həyatıma açıqcasına təhlükə olan həmin şəxsin tutularaq, barəsində qanunla nəzərdə tutulmuş ən ağır cəzanın verilməsinə köməklik göstərəsiniz.

 

Dərin hörmətlə,

Jurnalist Abdulla İsmayıloğlu.

GundemXeber.az

Əlaqəli xəbərlər