Etibar Yolçiyevdən Birinci vitse-prezidentin katibliyinə hörmətsizlik - İddia

F9C3552C 5857 43E6 9AF9 390F6A5E0883

Bəlkə də, başqa adamlardan eşitsəydim. qəti inanmaz, məmura böhtan atırlar deyərdim. Məsələ ondadır ki, bu gün gördüyüm və şəxsən qarşılaşdığım özbaşınalığı, 18 illik jurnalist fəaliyyətimdə görməmişdim.

26 iyunda mənə bir xanım zəng etdi ki, Fariz müəllim, sabah saat 4- də, Suraxanı rayon İcra Hakimiyyətinə gəlin, başçının müavini Etibar Yolçiyev sizi qəbul edəcək. Səbəbini soruşduqda dedi ki, Birinci vitse-prezidentin katibliyindən sizinlə bağlı məktub gəlib bizə. Açığı çox sevindim. Çünki, 2013-cü ildən bu günə kimi, mənzil problemimlə əlaqədar aid yuxarı qurumlara onlarla məktub ünvanlamışdım. Lakin bir dəfə də olsa, mənə nəinki kömək etməmişlər, hətta məktubumu belə cavablandırmamışdllar. Onun sirrini də tapdlm deyəsən. Nə isə...

27 iyun 2019-cu il, saat 16-00 radələrində Suraxanı rayon İcra Hakimiyyətində oldum. Resepşinə yaxınlaşıb dedim ki, Mehriban xanım Əliyevanın katibliyindən, mənimlə bağlı icra hakimiyyətinə məktub daxil olub, onunla əlaqədar olaraq, qəbula çağırıblar. Xanım dedi ki, gözləyin. Məni 15-ci adam kimi siyahıya daxil etdi ...

Əlqərəz od kimi yanan zalda, hamı kimi gözləməyə başladım. Təxminən iyirmi adam da, məndən başqa qəbula yazılmışdı. İki-iki, üç-üç qəbul edirdilər ki, tez yuxarı qalxıb, sərin kabinetlərində yayxanıb, şellənsinlər.

Nəhayət mənə növbə çatdı. Böyük ümidlərlə müavin qəbul keçirdiyi kabinetə yaxınlaşdım. Baxmayaraq ki, Suraxanı rayon İcra Hakimiyyətinin xislətinə yaxşı bələd idim. Bilirdim ki, "yola verəcəklər".

Ancaq nə gizlədim? Bir fikir beynimə girmişdi ki, Mehriban xanımın adı varsa, deməli "işıq yolu" var.

Amma az sonra bütün ümidlərim qırıldı. Ora elə həvəslə, vaxtında getməyimə peşman oldum. İçəri girib, yüksək mədəniyyətlə salamlaşıb əyləşdim. Məndən öncə slrayla qəbulda olan xanım da, mənzil istəyirdi. O, gələcəyin dörd əsgərini böyütdüyünü deyirdi. Birdən xanım "nə edək, gərək bizim də övladımız şəhid olsun, daha sonra bizə mənzil versinlər" dedi. Başçı müavinini sanki "tok vurdu". Etibar Yolçiyev nə desə yaxşıdır? Get oğlanların şəhid olanda gələrsən!

Eşitdiyim sözdən ayağım yerə "yapışdı". Dedim lənət şeytana ay Fariz. Vətənpərvərliyini, jurnalist mövqeyini qoy bir yana. Lazım deyil, yeri deyil, yəqin qəbul yorub Etibar müəllimi.

Bütün fikirlərimi alt-üst etdi vicdanslz. Etibar "müəllim" çox kobudcasına mənə nəyə gəlmisiniz dedi. Mən ona, məni məhz özünün çağırtdırdığını söylədim. Ağzını sağa-sola əyib, açdı ağzını, yumdu gözünü ki, mənzil yoxdur bizdə, nə bilim Avropa Məhkəməsi də qətnamə çıxarsa, mümkün deyil, nə bilim nə. Baxmayaraq ki, heç Avropadan söhbət edən yoxuydu orada.

Dedim mən sizə deyil, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və prezident İlham Əliyevə müraciət etmişəm. Onlar da, sağ olsunlar, sayıblar məni, qeydiyyatım üzrə sizə göndəriblər. Dedi düz etməyiblər də. KİVDF-yə, Sosial Müdafiə Fonduna göndərməliydilər mənzillə əlaqədar. Gördüm bunu başa sala bilmirəm, dedim yaxşı, mənə rəsmi cavab verin ki, icra hakimiyyətinin imkanları xaricindədir mənzil məsələsi.

Etibar Yolçiyev qızışdı, nə qızışdı ki, "cavab vermirəm, get nə bilirsən elə, Mehriban xanımın katibliyi ilə, hər hansı nazirliyin katibliyi mənim üçün birdir, mən çox jurnalistlərin başına oyun açmışam" və sairə belə sərsəm, ədəbsiz, məmura yaraşmayan ifadələr işlətdi...

Mən ona dedim ki, siz düzgün etmirsiniz. Cənab prezident İlham Əliyev bu qədər uğurlu siyasət yürüdür, işlər görür ki, Azərbaycanın imici qalxsın, yüksək olsun. İndi mən gedib, bir "çadır" qurub, orada yaşasam, necə olar? Azərbaycan adına pis olmazmı? Dedi, elə prezident özü istəyir ki, sizin kimi tələbkar jurnalistlər məhz belə yaşasınlar...

İsrarla Birinci vitse-prezidentin katibliyindən gələn məktuba cavab istədiyimə baxmayaraq, çox ədəbsizcəcinə "növbədə kim var" deyə bağırmağa başladı. Bununla da mənə, çox kobud şəkildə, "dur rədd ol burdan" demək istədi.

Çölə çıxanda ikinci bir şok yaşadım. Belə ki, bir neçə kişi evlərinin Etibar Yolçiyev tərəfindən traktorla vəhşicəsinə, zorakılıqla sökülməsinə etiraz edərək, özlərini benzinlə yandıracaqlarını bildirirdilər. İllərin jurnalisti olmağıma baxmayaraq, gördüyüm mənzərədən bərk sarsıldım. Daha sözüm qalmadı...

Hörmətli Mehriban xanım! Təsəvvür edin ki, bu ədəbsiz müavin, sizin katibliyinizin xətti ilə gələn, mədəni, peşəkar bir jurnalistlə belə davranırsa görün, bu yazıq "qara" camaatla necə rəftar edir? Görəsən prezidentin böyük etimad göstərdiyi Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizov bilirmi ki, Suraxanıda belə özbaşınalıqlar hökm sürür? Kimdir Yolçiyevi belə "yenilməz" edən? Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı İlqar Abbasovmu buna belə danışmaq səlahiyyəti verib?

Ardı var...

Fariz Quliyev.

Peşəkar jurnalist,

YAP-ın mərkəzi aparatı tərəfindən partiyanın üzvü.

 

Arazmedia.az

Əlaqəli xəbərlər