“Mübariz İbrahimov adına stansiya” təklifinə reaksiyalar gəldi

mubariz ibrahimovSosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun adının Hərbi Hospitalın önündə açılacaq yeni metrostansiyaya verilməsi ilə bağlı kampaniya başladılıb. Kampaniya kifayət qədər effekt doğurub. Kampaniya daxilində metrostansiyalara adların hansı qurum tərəfindən verildiyi yönündə müxtəlif mülahizələr səsləndirilir.

“Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov belə bir səlahiyyətin onlara məxsus olmadığını söylədi: “Stansiyalara ad vermək yalnız Nazirlər Kabinetinin səlahiyyətindədir.

Yəni qərarı onlar açıqlayırlar. Eyni zamanda depoların adını da onlar verir. Nazirlər Kabineti yanında adqoyma komissiyası var.

Bəxtiyar Məmmədov: ile ilgili görsel sonucu

Bəxtiyar Məmmədov: “Bakı Metropoliteni ad qoymaq səlahiyyətinə malik deyil”

Ad verilməsi və təkliflərin irəli sürülməsi ancaq onların səlahiyyətindədir.  Amma onu da qeyd edim ki, təkliflər səsləndiriləndə Bakı Metropolitenindən müəyyən fikirlər soruşulur. Amma səlahiyyət mütləq şəkildə Nazirlər Kabinetindədir”.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Fərəc Quliyev: “Bu məsələni Milli Məclisdə qaldıraram”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev  təklifi dəstəklədi: “Mübariz şəhidlərin simvoludur. Bir şəhidin adına yer verilsə, bu təkcə ona aid deyil. Onların hər biri layiqdir ki, adlarına küçələr, metro, universitet adları verilsin. Düşünürəm ki, Mübarizin adına stansiya olarsa, şəhid ailələri, ümumiyyətlə, heç kəs düşünməz ki, niyə bu ad verildi. Şəhidlər hamımızındır. Mübariz İbrahimov  savaşda nümunə göstərən, düşmən üzərinə təkbaşına yeriyən və şəhid olan kişidir. Ad verilsə, bu onun hərəkətinə verilən qiymət olacaq. Biz təkcə ölməyə deyil, həm də öldürməyə hazır olan millətik. Simvolik olaraq onun adının bir yerə verilməsi çox normal olardı. Başqa şəhidlərimizin adlarına küçələr verilir, büstləri qoyulur, başqa müsbət addımlar atılır. Bu həm də şəhidlərə verilən yüksək qiymətdir. Ehtiyac olarsa, bu məsələni Milli Məclisdə qaldıraram”.

Deputat milli qəhrəmanların hamısını özündə birləşdirən stansiya adının olmasının doğru olduğu yönündə fikirlərimizi dəstəklədi: “”Milli qəhrəmanlar” stansiyası qeyd etdiniz, bu daha çox ağlıma batdı. Bu daha möhtəşəm hal olardı. Amma Mübariz bəyin adının metrostansiyaya verilməsi təklifləri o biri fikirlərə alternativ kimi səslənməli deyil".

Rey Kərimoğlu: ile ilgili görsel sonucu

Rey Kərimoğlu: “”Şəhidlər” stansiyasının olması da mümkündür..."

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu fərqli mövqeyə sahibdir: “Bizdə keçmiş qəhrəmanların adına metro stansiyaları var. Bütün hallarda bu təklif həyata keçsə, çox yaxşı olardı. İdeya çox gözəldir. Şəhidlərin,  qəhrəmanların adlarının nəinki metrostansiyalara, küçələrə, prospektlərə və digər yerlərə verilməsi çox vacibdir. İllərdir bundan inciyik ki, bu istiqamətdə ciddi addımlar nə üçün atılmır. Onu da demək vacibdir ki, Azərbaycanda Mübarizdən az qəhrəmanlıq etməyən kifayət qədər qəhrəmanlarımız var. Məsələn, niyə Allahverdi Bağırovun adına metrostansiya olmasın? Yaxud nə üçün Yusif Mirzəyev olmasın? Əliyar Əliyevin də adını çəkmək mümkündür. Hər kəs bu ideyanı alqışlamalıdır. Amma kimin adının verilməsi açıq şəkildə müzakirə edilməli, ictimaiyyət buna rəy verməlidir. Hər halda, 5-6 nəfərin adını təklif edə bilərik. Qarabağda qəhrəmanlıq edən adamlar çoxdur. Onların içərisindən elələri var ki, adları ortalıqda yoxdur. Raquf Orucovun heç bir adı yoxdur. Niyə onun adına stansiya verilməsin? Pəncəli Seymurovun adını da çəkə bilərəm ki, o, çox böyük qəhrəmanlıqlar göstərib. Yusif Mirzəyev 14 nəfərlə bütöv bir rayonu qoruyub. Ona Milli Qəhrəman adı verilib. ”Milli Qəhrəmanlar” stansiyası ola bilər. “Şəhidlər” stansiyasının olması da mümkündür. 215 Milli Qəhrəmanımız var. Hamısının da fotosu həmin stansiyaya vurula bilər. Belə olanda ayrı-seçkilik də olmur. Mənim təklifim budur..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Əlaqəli xəbərlər