YİYƏSİZLİYİN BƏLASI

Nesib-qaramanli.jpg1988-ci il noyabrın 22-də İrəvanda, 24-də isə Moskvada azərbaycanlıların Ermənistan SSR-dən çıxarılması barədə qərar qəbul olundu. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bu xəyanətkar qərarı dəstəklədi.


Azərbaycan xalqının tarixinə həkk olunan özəl şərəfli olaylarla yanaşı, faciələr də çox olub və bunların ikisi də milli yaddaşımızda əbədiyaşarlıq qazanıb. Min illər boyu xalqlar üçün sivilizasiya öyrədicisi olan xalqımzın təkcə milli mənəvi dəyərlərinə deyil, həm də ulularımızın qanından müqəddəsləşən torpaqlarına da həsəd aparılıb. Güclü dövlətlərin daim maraq dairəsində olan və bunun nəticəsində başı bəlalar çəkən xalqımızın ondoqquzuncu əsrin əvvəllərindən indiyədək rus şovinizminin “parçala hökm et” kimi anti-bəşəri ideologiyasının tətbiq edildiyi ünvana çevrildiyi isə artıq dünyanın gündəmindən düşməyən qlobal məsələlərindən biri kimi səciyyələndirilir. Bu ideologiyanın tətbiqindən ən çox qazanan isə mentaliteti güclüyə köləlik, cəsurluq, dara düşənə arxadan zərbə vuran ermənilər olub. Rus-İran, rus-Osmanlı müharibələrindən sonra parçalanmış Azərbaycan torpaqlarına köçürülən ermənilərin aborigen əhalinin humanistliyindən qədərincə bəhrələndikdən sonra “yersiz gəldi, yerli qaç” üsulu ilə onlara qənim kəsilməsi xalqımızın tarixinə yeni faciələr yazılmasına gətirib çıxarıb. Azərbaycan torpaqlarında özlərinə marinet dövlət quran ermənilərin yerli əhalini müxtəlif zorakı üsullarla qovmalarının himayədarı olan rus şovinizminin hələ də tarixin heç olmasa ədalətli qınağına məruz qalmaması isə anti- müsəlman, anti-türk rişələrin çox dərindən qidalandığını isbatlayır.
1988-ci ilin fevralında Dağlıq Qarabağda ermənilərin ərazi iddiaları ilə müşayiət olunan tələblərlə çıxış etməsi, hadisələrin qloballaşaraq öncə SSRİ-nin, sonra beynəlxalq təşkilatların problemləri sırasına keçməsi dünənin və bu günün acı gerçəkliyi olmaqla, həm də Ermənistan adlanan əzəli türk torpaqlarından on minlərlə soydaşımızın cəmi bir neçə gündə ev-eşiyindən didərgin salınaraq təzadlı Zamanın axarına atılması da məhz bunun nəticəsidir.
Həmin ilin noyabrın 24-dən dekabrın 5-dək “şər imperiyası” əsgərlərinin və erməni şovinistlərinin əməl birliyi ilə qovulub Azərbaycana sığınan soydaşlarımızın haqq, ədalət istəyi Moskvanın dövlət strukturlarında həmişəki kimi yenə eşidilməz oldu. Ermənilərin yalanı, riyakar təbliğatları isə yenə də öz işini görürdü və ən acınacaqlısı odur ki, sapı özümüzdən olan baltalar daha iti, daha kəsici görünürdü. Xatırlanması nə qədər ağır olsa da 31 il öncə baş verənləri təkcə bu gün - soydaşlarımızın Ermənistandan qovulduqları növbəti ildönümündə deyil, hər vaxt yada salmağa, unutmamağa borcluyuq. Ən azı ona görə ki, mutantlıq unutqanlıqdan başlayır.
Bu gün Azərbaycan dövlətinin siyasətində bir saylı problem və istiqamət olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi taleyüklü məsələlərlə bağlı fikir və mülahizələrdə ilk öncə Ermənistanda soydaşlarımızın üzləşdikləri faciələrin vurğulanması, bugünkü faciələrimizə aparan yolun məhz o günlərdən başlandığının etiraf edilməsi, əlbəttə, təqdirəlayiqdir və bu, həm də gələcəyimiz üçün önəmlidir. Bəli, Dağlıq Qarabağı, həm də Ermənistanda qorumaq lazım idi.
El-oba həsrətiylə için-için göynəyən ağzıdualı ağbirçək də, ağsaqqal da, sağlam tərbiyə görmüş gənc də tərk edir ki, yağılar əlində bizdən imdad diləyən Vətən var. O, nə vaxtsa ayağa qalxıb qəti savaşa atılacağımızı gözləyir və hələ ki, bizə oğul deməyə dili gəlmir. Haqlıdır Göyçə də, Zəngəzur da, Ağbaba da, Pəmbək də, Qaraqoyunlu da, Vedi də...
Axı, tariximizin ağlı-qaralı dərslərindən ibrət götürərək 88-ci ilin o müdhiş olaylarında qisas hissi ilə Yuxarı Qarabağa üz tutub erməniləri oradan çıxarmaq istəyən soydaşlarımızın önündə rus əsgərlərindən və yerli milislərdən canlı-qanlı divar çəkdirən Ə.Vəzirov, bu işi can-başla yerinə yetirənlər Millət, Vətən qarşısında hələ də cavab verməyiblər.
Ermənistandan qovulma barədə danışarkən bir məsələyə xüsusi diqqət yetirmək lazım gəlir. İstər 1988-ci ildə, istərsə də sonralar və elə indi də Millət, Vətən anlayışlarının mənasını özlərinin cılız hissləri, düşüncələri səviyyəsində başa düşənlər belə bir fikir söyləyirlər ki, guya soydaşlarımız Ermənistanda düşmənlərə müqavimət göstərmədən, necə deyərlər, şəhərdə rahat həyat naminə gəliblər. Bu gülünc və ikrah doğuran fikrdir. Ən azı həqiqət naminə qeyd olunmağa dəyər ki, Ermənistanda yaşayan soydaşlarımız hələ Yuxarı Qarabağ separatizmi başlamazdan öncə Moskvaya, Bakıya məktublar göndərir, böyük təhlükə barədə həyəcan təbili çalırdılar. Hər bir müraciət isə tədbirsiz, cavabsız qalırdı.
Tarixi danmaq özünü danmaq kimi şərəfsiz xüsusiyyətdir. Bu gün Tariximizin sinəsində nə qədər yaralar olsa da, bir danılmaz həqiqəti yenidən xatırlatmağa dəyər ki, ermənistanlı soydaşlarımız düşmənə qarşı ciddi müqavimət göstərmişdilər. Onlar yaşadıqları rayonların, demək olar ki, hamısında mitinqlər, tətillər təşkil edir, “Qarabağ bizimdir!” kimi şüarlarla düşməndə vahimə yaradırdılar. Bu sətirlərin müəllifinin yaşadığı Qarayoyunlu və qonşu Göyçə mahalında 1988-ci ilin iyununda keçən mitinqlər isə artıq özünümüdafiə xarakterindən milli siyasi müstəviyə keçmişdi. “Göyçə mahalına muxtariyyət!” amalı ilə keçən mitinqlər sözün həqiqi mənasında erməniləri vəlvələyə salmışdı və onların çoxu ailələrini Sevana, İrəvana qaçırmışdılar. Amma.... bizə yenə Bakıdakı yüksək vəzifəlilərin dayaz düşüncələrindən qaynaqlanan dərin yaralar vuruldu. Belə ki, bu gün Millət, Vətən barədə gen-bol danışan bəzi tanınmış ziyalılar bölgəyə gəlib erməni-Azərbaycan “dostluğun”dan, Moskvanın, Vəzirovun “uzaqgörənliyindən”, bizim isə “haqsız” olduğumuzdan, qarşıdurma yaratdığımızdan “leksiya” oxudular. Bax, onda gördük ki, arxasız, yiyəsizik!Bax, onda bildik ki, ermənilərin planına uyğun olaraq qəflətən istefaya göndərdikləri Ulu Öndər Heydər Əliyev Moskvada blokada şəraitində olduğu üçün bizi yeni bəlalar gözləyir!
Əlbəttə, bu, ayrıca yazının mövzusudur. Hələliksə, bir daha xatırlamağa dəyər ki, Vətən və Millət naminə görülən bütün işlərdə “Öncə Vətən” amalı diqqət mərkəzində durmalıdır. Axı, çox da uzaq olmayan keçmişimizdə əl-ələ, çiyin-çiyinə verib “Qarabağ bizimdir!”deyə istiqlal savaşına qalxmış, tariximizə şərəfli səhifələr yazmışıq.
Bəs üzübəri köks ötürən yurdlardakı sönən ocaqlarımızı yandrıb onları yenidən sevindirə, güvəndirə biləcəyikmi? Bu ağrılı sualın cavabını tariximizin hansısa dönəmində tapacağıq – özü də ağlımızın və qılıncımızın vəhdəti ilə! 2016-cı ildəki Aprel zəfərində olduğu kimi!

Nəsib QARAMANLI
“Vətən səsi” qəzeti baş redaktorunun müavini

Əlaqəli xəbərlər