Füzuli Məmmədov Anar Həsənovu təşkilatından uzaqlaşdırdı – Bəyanat

fre-660x330.jpgRusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun koordinasiya şurasının qərarı ilə Rusiya Azərbaycanlıları İttifaqı mətbuat xidmətinin rəhbəri Anar Həsənov 31.03.2020 tarixindən tutduğu vəzifədən azad edilib. Qurumdan Azinforum.az-a verilən məlumatda bildirilir ki, o, artıq qurumun sabiq əməkdaşı hesab olunur:

” Buna görə də, Anar Həsənovun həm Azərbaycan, həm də Rusiya dövlətləri ilə, o cümlədən, ictimai-siyasi məsələrlərlə bağlı səsləndirdiyi fikir və mülahizələr onun şəxsi mövqeyidir və Rusiya Azərbaycanlıları İttifaqının mövqeyi kimi qiymətləndirilməməlidir. Təşkilatın yeni təyin olunacaq mətbuat xidmətinin rəhbəri haqqında KİV-ə əlavə məlumat veriləcək.

Nəzərinizə çatdıraq ki, Rusiya Azərbaycanlıları İttifaqı diaspor fəaliyyəti çərçivəsində gördüyü işləri. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının mövcud siyasətinə uyğun şəkildə həyata keçirməkdədir. Görülən işlər xaricdə yaşayan soydaşlarımıza müxtəlif istiqamətlərdə köməklə yanaşı, Azərbaycan dövlətinin tarixinin və mədəniyyətinin təbliğinə yönəlib. Xüsusi olaraq vurğulayırıq ki, təşkilat içində bəzi şəxslərin destruktiv fəaliyyəti Rusiya Azərbaycanlıları İttifaqının ümumi fəaliyyətinə kölgə sala bilməz”.

Qeyd edək ki, jurnalist Anar Həsənov da özünə məxsus olan sosial şəbəkə hesabında qurumdan uzaqlaşdırıldığına dair xəbəri təsdiqləyib. Azinforum.az onun bu xüsusda yazdığı fikirləri olduğu kimi təqdim edir:

” Salam, hörmətli dostlar! 30 mart 2020 ci il tarixində Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidmətinin rəhbəri vəzifəsindən getmək haqda qərar verdim. 2019 cu ilin mayında Fizuli Məmmədovun dəvəti ilə qəbul etdiyim vəzifədə Fondun müxtəlif layihələrini işıqlandırdım, onlarla informasiya meydançasında onun fəaliyyətindən danışdım. Fondun mətbuat xidmətinin rəhbəri kimi iş ştatına götürülsəm də fəaliyyətimin vacib istiqaməti 27 aprel 2019 cu ildə yaradılmış Rusiya azərbaycanlıları İttifaqının (RAİ) təbliği oldu. 10 ay müddətində bir qayda olaraq yalnız RAİ-nin Prezidenti Fizuli Məmmədov və İdarə Heyətinin verdiyi qərar, vəd və planlar haqda ictimaiyyəti məlumatlandırdım. İndi əksəriyyət kimi mən də Fond rəhbərliyinin Böyük Vətən Müharibəsi iştirakçıları İsrafil Məmmədova Novqorod vilayəti, Hüseynbala Əliyevə Nizino kəndi, Həmid Qasımbəyova Baltiysk şəhərində ucaldacağına söz verdiyi heykəlləri görüb, Təşkilat rəhbərliyinin vəd və qərarlarının carçısı kimi çox sevinəcəyimə ümid edirəm. Həmin sevincli Qələbə bayramı günlərinə çox az vaxt qalıb.Azərbaycan-Rusiya dostluğu və Milli Birliyimiz naminə legitim diaspor təşkilatlarımıza bundan sonra da əlimdən gələn yardım edəcəm! Lakin gələcək fəaliyətimin ictimai və peşəkar jurnalist yönü ilə bərabər, əsas ağırlıq mərkəzini son ildə fasilə verdiyim elmi-tədqiqat sahəsinə keçirirəm. Hamıya sayqılarla!

P.S. Ödənilməyən mart məvacibimin pandemiya ilə mübarizəyə xərclənməsini xahiş edirəm”.

Azinforum.az olaraq bildiririk ki, həm Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun koordinasiya şurasının bəynatında, həm də Anar Həsənovun yazdığı mətndə tərəflər arasında ziddiyyətin olduğuna dair notlar açıq şəkildə özünü biruzə verir. Bununla da belə qənaətə gəlmək olar ki, Anar Həsənov qurumdan istefa verməyib, uzaqlaşdırılıb. Onunla Füzuli Məmmədov arasında fikir ayrılığının bir neçə ay əvvəl yarandığı deyilir. Buna başlıca səbəb kimi Anar Həsənovun Azərbaycandakı bəzi tanınmış jurnalistlərlə yersiz mübahisələrə girişməsi və bundan doğan nəticələr göstərilir. Bu yöndə baş verən qalmaqallarda Anar Həsənovun fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlar ictimailəşdirildi və məlum oldu ki, əslində, həmin şəxsin gördüyü “işlər” Füzuli Məmmədovla Azərbaycan hakimiyyətinin və mediasının bəzi təmsilçiləri arasında ziddiyyətlərin yaranmasından başqa nəyəsə xidmət etmirmiş.

Samir,

Azinforum.az

Əlaqəli xəbərlər