"Bakı - Dirçəliş" İctimai Birliyindən Mühacirətdə Qəbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasına dəstək -- BƏYANAT

WhatsApp Image 2017-12-18 at 23.08.26.jpeg"Tarixin bu həssas məqamında doğma Vətəndən kənarda yaradılan Qəbi Azərbaycan (İrəvan) Respublikasına
bütün işlərində hərtərəfli dəstək, bütün Azərbaycan xalqının müqəddəs borcuna çevrilməlidir!"

"Xalqın bütün övladlarını da, Birliyimizin çoxsaylı üzvləri adından alqışladığımız olduqca vacib və önəmli bu təşəbbüsə qoşulmağa çağırırıq!"

Ermənişünas alim, Türkiyə Cümhuriyyətindəki Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə, bu qardaş ölkədə bu günlərdə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsi ölkəmizin ictimai-siyasi arenasında böyük rezonans doğurdu. Gün keçdikcə cəmiyyətin daha çox marağına səbəb olan və ictimai rəydə ciddi əks-səda verən bu xoş xəbər, ölkənin elm və mədəniyyət xadimləri, media mənsubları, fəal sosial şəbəkə istifadəçiləri, siyasi liderləri və ictimai xadimləri tərəfindən də, dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli soydaşlarımızın arzularının gerçəkləşməsi yolunda, axır ki, qərarlı bir addımın atılması kimi yüksək qiymətləndirilir. Ölkəmizin əksər ictimai-siyasi qurumları da, son günlərin trendinə çevrilən bu xəbərlə əlaqədar keçirdikləri tədbirlərdə aparılan maraqlı müzakirələr zamanı, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasını alqışlayaraq, dəstəklədiklərini rəsmən bəyan edirlər.
Bəyanat verən həmin qurumlardan biri də, son illər ölkəmizin ictimai-siyasi arenasında fəallığı ilə daha çox seçilən "Bakı -- Dirçəliş" İctimai Birliyidir. Maraqlı olsun deyə, İçtimai Birliyin İdarə Heyətinin üzvləri tərəfindən imzalanan həmin Bəyanatı, olduğu kimi, araz.az-ın oxucularının diqqətinə çatdırırıq:

WhatsApp Image 2020-05-16 at 05.48.27.jpg"Uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətlərinin gündəmində olan bir ideyanı gerçəkləşdirmək üçün, nəhayət ki, bu dəfə qərarlı addım atıldı -- qardaş Türkiyə Cümhuriyyətində bu günlərdə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının əsasının qoyulduğu barədə xəbər yayıldı. Ölkəmizin ictimai-siyasi həyatında çox mühüm təsirə malik bu xoş xəbər, həm də hər bir Azərbaycan vətəndaşı üçün həyacanlı oldu.
Bu gün Azərbaycanın hər yerində 1988-ci ildə Ermənistandan, öz qədim ata-baba yurdlarından deportasiya edilən yüz minlərlə qərbi azərbaycanlı yaşayır. Bu insanlar daşnak qüvvələr tərəfindən silah gücünə zorla, qeyri-qanuni və beynəlxalq normalara zidd şəkildə doğma torpaqlarından didərgin salınıblar. Bu xoşagəlməz proses də, Çar Rusiyasının 19-cu əsrin əvvəlindən etibarən həyata keçirməyə başladığı Qafqazı ələ keçirmək, bu ərazilərdə xristian zolağı yaradaraq, möhkəmlənmək planının tərkib hissəsinə hesablanmış daha bir davamı idi. Bütün dünya tarixçilərinə belə sirr deyil ki, Çar Rusiyasının o vaxtlar erməniləri kütləvi şəkildə torpaqlarımıza köçürməsi, birbaşa, bu iyrənc planın həyata keçməsinə hesablanmışdı. Buna, daha sonra Osmanlı İmperiyası ilə Rusiya arasında imzalanan Buxarest -- Ədirnə, Rusiya ilə İran arasında imzalanan Gülüstan və Türkmənçay sülh müqavilələri əsas verdi və ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza, xüsusilə də İrəvan xanlığı ərazisinə köçürülməsi davam etdi.
Məqsədimiz bu keçmiş hadisələrin tarixini araşdırmaq deyil. Onsuz da, bununla əlaqədar ayrı-ayrı dövrlərdə fundamental tədqiqat əsərləri yazılıb, baş vermiş hadisələr elmi şəkildə araşdırılıb. Bizim əsas məqsədimiz içtimai diqqəti daha çox Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsinə yönəltməkdir. Bu hadisənin baş verməsi nəinki Azərbaycanda, eyni zamanda, onun sərhədlərindən kənarda da yeni ictimai-siyasi situasiya yaradır. Çünki Azərbaycan etnosunun, dilinin və mədəniyyətinin yarandığı, formalaşdığı və yayıldığı bütün ərazilərin Azərbaycan türklərinə məxsus olması elmi faktdır və bunu inkar etmək mümkünsüzdür. Xalqımızın keçdiyi keşməkeşli tarixi yol da sübut edir ki, əsrlərlə üzərimizə olan basqılar bu gün də davam edir. Dünyada gedən proseslər, hadisələrə ikili, hətta üçlü standartlarla yanaşmalar belə sübut edir ki, bizə məxsus olanı qaytarmaq və qorumaq üçün özümüz təşəbbüs göstərib, mübarizə aparmalıyıq. Başqa sözlə desək, azadlıq və müstəqillik verilmir, alınır! Bizi dünya gücləri ilə qorxutmaq da lazım deyil. Axı, böyük və məğrur xalqlar özlərinə məxsus olanı qorumaq üçün heç kimdən icazə almırlar.
Məhz buna görə də, bu vacib və olduqca önəmli təşəbbüsə qoşulmaq, ona maddi və mənəvi dəstək olmaq Azərbaycan xalqının müqəddəs borcuna çevrilməlidir. Çünki bu bizə məxsus olanı geri qaytarmaq üçün mühüm və rəsmi şəkildə göstərilən ən vacib və ən önəmli bir təşəbbüsdür. Düşmənlərimiz bizim torpaqlarımızda oturub, öz diaspor təşkilatlarının və ayrı-ayrı lobbi qruplarının dəstəyi hesabına nəinki ərazilərimizi, eləcə də mənəvi irsimizi, mədəniyyətimizi asanlıqla mənimsəyərək, özününküləşdirirlər. Bizim üçün təəssüf doğuran və olduqca ağır olan bütün bunların qarşısını almaq, Ana Vətən Torpaqlarımızı bugünki və dünənki işğallardan azad etmək üçün, ölkəmizdən kənarda fəaliyyət göstərən Azərbaycan diasporu fəallarını, qanı qanımızdan olan zəngin soydaşlarımızı, varlı iş adamlarını, ümumiyyətlə, qəlbində Ana Vətən sevgisi olan hər bir qeyrətli həmyerlimizi bu vacib və önəmli təşəbbüsə qoşulmağa çağırırıq. İnanırıq ki, ölkəmizdən kənarda göstərilən belə bir təşəbbüsün qığılcımları, çox çəkməyəcək, doğma Borçalı, Dərbənd və digər mahallarımıza da sıçrayacaq və Bütöv Azərbaycan Cümhuriyyəti bərpa edilənədək davam edəcək.
Bu gün dərin mədəniyyətimizi, qədim və böyük dövlətimizi parlaçayıb, hissə-hissə özəlləşdirənlərə qarşı, bir xalq olaraq, ciddi və barışmaz bir mübarizə aparmasaq, daha böyük təhlükə və bəlalarla üzləşə bilər, üstəlik, biganəlik ucbatından olanımızı da itirərik. Axı, biganəlik sevməyən Ulu Tarixin özü belə, biganəliklər səbəbindən nəinki parçalanaraq kiçilən, hətta tarix səhnəsindən çıxaraq, təmamilə yox olan neçə-neçə xalqların taleyinə şahidlik edib. Məhz buna görə də, özümüzə kənarda dost axtarmamalı, özümüz özümüzə dost olmağı bacarmalıyıq. Bir yumruq kimi birləşsək, heç bir təhlükə belə bizim üçün qorxulu ola bilməz -- kökümüz, soyumuz, sayımız buna imkan verdiyindən!
"Bakı -- Dirçəliş" İctimai Birliyinin çoxsaylı üzvləri adından, bir daha, Mühacirətdə Qəbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasını alqışladığımızı bildirir, ona, tarixin bu həssas məqamında bütün işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğumuzu bəyan edir, bütün Azərbaycan xalqını olduqca vacib və önəmli bu təşəbbüsə qoşulmağa çağırırıq!

Dərin hörmət və səmimiyyətlə,
"Bakı -- Dirçəliş" İctimai Birliyinin İdarə Heyəti".

Nadir HƏSƏNLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər