KİVDF qəzetlərin maliyyələşməsi ilə bağlı müsabiqə elan etdi – ŞƏRTLƏR

KiVDF.jpgAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edir.

“Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı sahələr üzrə layihə-təkliflər təqdim etmiş və qalib elan olunmuş qəzet redaksiyalarına maliyyə yardımı göstərilir:

SAHƏNİN ADI

1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

4. ictimai və dövlət maraqlarının müdafiəsi

5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

7. qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

9. azərbaycançılıq ideyasının təbliği

10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

17. ekologiya və ətraf mühitin mühafizəsi

18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

İctimai-siyasi (əsas mövzusu ölkə və cəmiyyət həyatında gedən ictimai prosesləri, siyasi hadisələri işıqlandırmaqdan, onların mahiyyətini izah, təhlil və şərh etməkdən ibarət olan) qəzetlər aşağıdakı tələblərə cavab verdikdə müsabiqədə iştirak edə bilər:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;
Müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 2.000 nüsxədən və yayımı (abunə və satışı) 1.500 nüsxədən az olmamalıdır;
yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür) olmamalıdır;
təsisçisi dövlət orqanları, bələdiyyələr, ictimai birliklər, dini qurumlar və dini icmalar olmamalıdır.

Müsabiqədə iştirak edə bilməz:

Əvvəllər Fond tərəfindən maliyyə yardımı almış və maliyyələşmə dövründə bağlanmış müqavilə şərtlərini pozduğuna görə maliyyə yardımı dayandırılmış, habelə söz, fikir və məlumat azadlığından sui-istifadəyə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan qəzetlər Müsabiqəyə buraxılmır

Müsabiqənin ümumi şərtləri:

1. Aşağıdakı yarımbəndlər üzrə qalib elan olunmuş qəzetlərə müvafiq maliyyə yardımı göstərilir:

gündəlik (həftədə ən azı beş dəfə A3 formatında 16 yaxud A2 formatında 8 səhifə həcmində çap olunan) qəzetlər – hər birinə aylıq 20.000 (iyirmi min) manat məbləğində;
günaşırı (həftədə ən azı üç dəfə A3 formatında 16 yaxud A2 formatında 8 səhifə həcmində çap olunan) qəzetlər – hər birinə aylıq 10.000 (on min) manat məbləğində;
həftəlik (həftədə ən azı bir dəfə A3 formatında 24 yaxud A2 formatında 12 səhifə həcmində çap olunan) qəzetlər – hər birinə aylıq 5.000 (beş min) manat məbləğində.

2. Müsabiqədə iştirak etmək üçün Fonda aşağıdakı sənədlər təqdim edilməlidir:

qəzetin baş redaktorunun ərizəsi (Əlavə 1);
qəzetin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti;
müvafiq VÖEN-nin surəti;
Müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunması, dövriliyi və birdəfəlik tirajı barədə arayış.
qəzetin məlumat vərəqəsi (Əlavə 2);
qeyd olunan sahə (sahələr) üzrə layihə-təklif.

3. Layihə-təkliflərin tərkib hissəsi olan yazılar aşağıdakı tələblərə cavab verməklə təqdim edilir:

Azərbaycan, rus və ya ingilis dilində olmalıdır.
Əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır.
Mətninin həcmi 2000-2500 söz aralığında olmalıdır.
qeyd olunan sahələrdən hansına aid olduğu sərlövhəsindən əvvəl qeyd edilməlidir.
2 (iki) nüsxədə çap edilməli, tarix göstərilməklə müəllifinin imzası (əlyazma ilə adı, atasının adı, soyadı, təxəllüsü), habelə qəzetin baş redaktorunun imzası və qəzetin möhürü ilə təsdiq edilməlidir.

4. Gündəlik (yaxud həftədə ən azı beş dəfə çap olunan) qəzetlər tərəfindən 3 (üç), günaşırı (yaxud həftədə ən azı üç dəfə çap olunan) qəzetlər tərəfindən 2 (iki), həftəlik (həftədə ən azı bir dəfə çap olunan) qəzetlər tərəfindən 1 (bir) sahə üzrə yazılar təqdim edilir.

Sənədlər 17 iyun 2020-ci il tarixdən 26 iyun 2020-ci il tarixədək saat 10:00-dan 17:00-dək qəbul edilir.

Qaydaların tam mətni ilə tanış olmaq üçün keçid.

Müsabiqə ilə bağlı əlavə məlumatı Fondun rəsmi internet saytından, sosial şəbəkə hesablarından, habelə ofisindən əldə edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə, Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə

Telefon: (012) 537-19-45; (012) 537-19-41, E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Əlaqəli xəbərlər