Bakıda yüksək səviyyədə keçirilən COP29 konfransı iqlim maliyyələşməsi baxımından qlobal miqyasda dönüş nöqtəsi kimi qiymətləndirilir. Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayevin vurğuladığı kimi, bu tədbir həm mühüm qərarların qəbul olunduğu, həm də inklüziv və nəticəyönümlü xarakteri ilə tarixə düşmüşdür. Bakı Konfransı yalnız müzakirələr platforması olmayıb, həm də gələcək iqlim gündəliyinə istiqamət verən mühüm bir irs formalaşdırıb.

Bu irsin ən mühüm elementi kimi “Bakıdan Belenə” Yol Xəritəsi ön plana çıxır. COP29-da təqdim edilən və Azərbaycan-Braziliya liderliyində həyata keçirilən bu plan, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə illik 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsi axını təmin etməyi hədəfləyir. Bu çərçivədə “Maliyyə Nazirləri Dairəsi” texniki detallar üzərində işləyərək, qlobal maliyyə sistemində konkret dəyişikliklər üçün praktiki mexanizmlər hazırlayır.

COP30-un yüksəksəviyyəli çempionu Den Yoşpe, Bakıda qəbul edilən qərarların və xüsusilə iqlim maliyyələşməsi sahəsindəki irəliləyişlərin Braziliya üçün önəmli bir istinad nöqtəsi olduğunu bildirib. O, “Bakıdan Belenə” Yol Xəritəsinin yalnız sənəd deyil, həm də real fəaliyyət planı olduğunu vurğulayıb. Bu plan çərçivəsində meşələrin qorunması, biomüxtəlifliyin təşviqi və yerli icmaların sosial-iqtisadi imkanlarının artırılması istiqamətində bioiqtisadiyyatın imkanlarından geniş istifadə nəzərdə tutulur.

Azərbaycan və Braziliya tərəfləri, COP29-da qazanılan təcrübə və nailiyyətləri COP30 prosesinə daşımaqla, qlobal iqlim gündəliyində konkret nəticələrə nail olmağı hədəfləyir. “Bakıdan Belenə” Yol Xəritəsi, bu məqsədin strateji çərçivəsi olaraq, beynəlxalq əməkdaşlığın yeni modelini formalaşdırır. Azərbaycan və Braziliya “Bakıdan Belənə” 1,3 trilyon dollarlıq yol xəritəsini hazırlayır və sənəd COP30-da Belendə üzv dövlətlərə təqdim ediləcək.

Nəticə etibarilə lazımi maliyyələşmə təmin olunduğu təqdirdə, ilkin dəyəri 1,3 trilyon ABŞ dolları olan Bakı–Belen yol xəritəsinin icrası bütün ölkələrin öz potensiallarını tam şəkildə reallaşdırmasına imkan yaradacaq. Bu proses nəticəsində mövcud 2 trilyon ABŞ dolları həcmindəki qlobal iqlim investisiyaları qısa müddətdə dəfələrlə artaraq, dünyanın 8 milyard sakini üçün fayda verəcək miqyaslı sərmayəyə çevrilə bilər.

Məsələyə siyasi aspektdən qiymət versək,  COP29-un irsini COP30-a daşıyan və 1,3 trilyon dollarlıq “Bakıdan Belenə” Yol Xəritəsinə rəhbərlik edən Azərbaycan, artıq yalnız regional deyil, qlobal iqlim gündəliyinin formalaşdırıcılarından biri kimi çıxış edir. Bu ölkəmizin maliyyə diplomatiyasında yeni mövqeyinin nümayişidir. Azərbaycan, iqlim maliyyələşməsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynayaraq, ədalətli resurs bölgüsü mövzusunda qlobal söz sahibi statusunu möhkəmləndirir.

Ölkəmizin Geosiyasi tərəfdaşlığı güclənir. Bakı–Belen xətti, Azərbaycanın Latın Amerikası ilə strateji əlaqələrini gücləndirən və onu yeni geosiyasi müttəfiqlik platformalarına çıxaran simvolik layihəyə çevrilir.

Burda Azərbaycanın verdiyi ədalətli keçid mesajı Yol Xəritəsinin, inkişaf etməkdə olan ölkələrin potensialının açılması və onların qlobal proseslərdə daha bərabərhüquqlu iştirakını təmin edən ədalətli keçid strategiyası kimi önə çıxmasıdır.

Əfsanə İBRAHİMOVA, 
“Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzinin məsləhətçisi.

araz.az xəbər portalı.