“Azərbaycan Prezidenti İlham Əliyev tarixi İpək Yolunun üstündə növbəti üçtərəfli əməkdaşlıq formatının yaradılması prosesində aparıcı rol oynadı. Azərbaycan, Türkmənistan və Özbəkistan prezidentlərinin Türkmənbaşı görüşündə əməkdaşlığın yeni istiqamətlərini əks etdirən yol xəritəsinin ilk konturları çəkildi. Bundan öncə Azərbaycan — Türkiyə — Türkmənistan, Azərbaycan — Qazaxıstan — Özbəkistan formatlarında əməkdaşlıq modellərinin formalaşdırılması yönümündə addımlar atılmışdı. Artıq bu formatlar uğurla işləyir”.

Arazpress.com bildirir ki, bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

Baş redaktor daha sonra yazır:

“İlk növbədə bu yeni formatı türk dövlətlərinin inteqrasiya prosesinin uğurlu təzahürlərindən biri kimi dəyərləndirmək lazımdır.

Digər tərəfdən, 3 ölkə Çindən Avropayadək uzun bir əməkdaşlıq xətti boyunca çox mühüm tranzit üçbucaq məntəqə yaradırlar. Çinin və Avropanın bu 3 ölkəyə ehtiyacları zaman-zaman artacaq ki, bu da hər 3 ölkəyə əlavə dividentlər gətirəcək.

Maraqlıdır ki, bu 3 ölkə İpək Yolu boyunca həm də bir-biriləri üçün tranzit körpü rolu oynaya biləcəklər. Özbəkistan Azərbaycan və Türkmənistan üçün Çinə, Azərbaycan isə Türkmənistan və Özbəkistan üçün Avropaya çıxış qapısıdır. Bir vaxtlar Türkmənistan öz qazını Rusiya üzərindən Avropaya çıxardığı dövrlərdə Azərbaycanın tranzit-nəqliyyat və logistika imkanları onun üçün çox da cəlbedici deyildi. Doğrudur, Rusiya Türkmənistan qazının hər min kubuna cəmi 159 dollar verərək Avropaya 500 dollara satırdı. Türkmənlər bu vəhşi biznesin nə qədər ədalətsiz olduğunu başa düşsələr də, başqa çarələri yox idi. Dünyada Qatardan, İrandan və Rusiyadan sonra 4-cü ən böyük qaz ehtiyatına malik bir ölkə olaraq, Türkmənistan illik hasil etdiyi 90-100 milyard kub metr qazı başqa hara, kimə sata bilərdi?!

Beləcə, illər boyu Rusiya Türkmənistan qazını su qiymətinə sadəcə qamarladı. Ukrayna müharibəsi başlayandan sonra Avropa ölkələri rus qazından imtina etdilər və bu dəfə Rusiya Türkmənistan qazının üzərində öz talançı biznesini dayandırmaq zorunda qaldı. Lakin türkmənlər qazlarını kiməsə satmalıdırlar axı…

Burada Azərbaycan Prezidentinin illər öncə yaratdığı enerji marşrutları köməyə gələ bilər. Əvvəlcə türkmən qazının İran üzərindən Azərbaycana svop edilməsi üçün 2021-ci ilin dekabrında imzalanmış sazişin imkanları önə çıxdı… İlk mərhələdə ildə 2 milyard kuba yaxın tütkmən qazı İran üzərindən Azərbaycana svop üsulu ilə nəql edilsə də, bu o qədər də böyük həcm deyildi və əsas məqsəd Azərbaycan üzərindən türkmən qazının Avropaya yeni nəql marşrutunu test etmək idi. Sonradan bu marşrut İranla Türkmənistan arasında müəyyən tarif qalmaqalları üzündən dayansa da, bu marşrut hələ də potensial şans olaraq qalır.

Əgər Xəzərin dibi ilə Beynəlxalq Transxəzər qaz boru kəmərinin çəkilişi uzun çəkən problemə çevrilsə, türkmən qazının Avropaya nəqli İran və Azərbaycan üzərindən svop qaydasında həyata keçirilə bilər. Türkmənistan artıq 3 ilə yaxındır ki, Avropanın qaz bazarına müstəqil oyunçu kimi daxil olmaqda Azərbaycanın nə qədər önəmli tranzit ola biləcəyinin fərqinə varmağa başlayıb. Hələ 2023- cü ilin sonlarında Berlində Almaniya-Türkmənistan enerji zirvəsinin keçirilməsi bunu bir daha sübut etdi. Demək, Türkmənistan öz qazını Avropa bazarlarına çıxarmaq üzərində çox ciddi işləməyə başlayıb ki, bu yöndə Azərbaycan prezidentinin daha öncələrdən yaratdığı enerji infrastrukturlarına güvənli elementlər kimi baxır. Türkmənistan öz qazını Azərbaycanın üzərindən Türkiyəyə, oradan Avropaya nəql etmək imkanları qazanır.

Bu gün Türkmənistan öz qazının illik 40 milyard kuba qədər hissəsini Özbəkistan və Qazaxıstan üzərindən Çinə nəql etsə də, onun əlavə satış bazarlarına ehtiyacı hələ böyük olaraq qalır.

Məlumdur ki, Türkmənistan öz qazını həm də TAPİ xətti ilə Əfqanıstan, Pakistan və Hindistana nəql etmək üzərində ciddi çalışır. Kim bilir, bəlkə bir zamanlar Azərbaycanın özü də Əfqanıstandan Hindistana və Çinə kimi qaz ixrac etmək marağında və ya məcburiyyətində qala bilər. Bu variantda Türkmənistan Azərbaycan qazının nəqli üçün əla tranzit məntəqəyə çevriləcək.

İstisna etməyək ki, bu gün Avropa rus qazından imtina etdiyi kimi, nə vaxtsa Azərbaycan qazını da Azərbaycanın özünə qarşı təzyiq silahına çevirməyə çalışa bilər. O zaman Türkmənistan üzərindən Azərbaycan qazının Çinə və Hindistana ixracı vəziyyətdən əla çıxış yoluna çevrilə bilər.

Beləliklə, İlham Əliyevin bu gün Türkmənbaşı şəhərində “yeni üçtərəfli əməkdaşlıq formatının formalaşdırılması üçün tapşırıqlar verdik” bəyanatı bu günkü real imkanlarla bərabər çox uzaq perspektivlərdə yarana biləcək risqlərin qarşısına çıxarılmış çox ağıllı gediş kimi də xarakterizə oluna bilər.

Rusiyanın hələ çoxdan bəri Türkmənistanı Rusiya — Qazaxıstan — Özbəkistan qaz üçlüyünə qoşmaq səylərinə soyuq yanaşan Türkmənistan bu gün məhz Azərbaycan prezidentinin kombinasiyaları sayəsində Avropa bazarlarına bağlanmaq imkanını daha da gücləndirir. 2023-cü ilin dekabrında birgə Türkmənistan-AB komissiyasının Brüsseldə iclası bir daha təsdiqlədi ki, Avopa Transxəzər kəmərinə türkmən qazını Avropaya çıxaracaq prioritet layihə kimi baxır.

Beləliklə, Türkmənbaşıda yaradılmış Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli formatı Avrasiyanın enerji xəritəsini dəyişəcək strateji layihə kimi də nəzərdən keçirilə bilər”.

araz.az xəbər portalı.