
Azərbaycan və Türkmən xalqları eyni kökə, ortaq mədəniyyətə və qədim tarixi bağlara malikdirlər. Dil və din birliyi onları daha da yaxınlaşdırır. Oğuz türklərinin qolu olan hər iki xalq tarixən qardaş münasibətləri ilə seçilmişdir. Türkmənlər azərbaycanlılara etnik və mədəni baxımdan ən yaxın xalqlardan biri hesab olunur.
Diplomatik münasibətlərin başlanğıcına nəzər saldıqda görürük ki, Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ildə Türkmənistanın Azərbaycanda səfirliyi açılıb, Lakin 2001-ci ildə fəaliyyət müvəqqəti dayandırılıb. 2008-ci ildən səfirlik yenidən işə başlayıb.
Azərbaycanın Aşqabaddakı səfirliyi isə 2002-ci ildən fəaliyyət göstərir.Saparmurat Niyazovun prezidentliyi dövründə ikitərəfli münasibətlər müəyyən gərginliklərlə müşayiət olunub. Əsas səbəb Xəzərin hüquqi statusu və enerji yataqlarının bölüşdürülməsi məsələsi idi. Lakin Heydər Əliyevlə S. Niyazov arasında keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verib.
2000-ci illərdə münasibətlərin inkişafına nəzər saldıqda görürük ki, 1990-cı illərin sonlarından sonra əlaqələr tədricən normallaşmağa başladı. 2007-ci ildə Bakıda Türkdilli Dövlətlərin qurultayında Türkmənistan nümayəndə heyəti iştirak etdi. 2008-ci ildən etibarən Prezident Qurbanqulu Berdimühəmmədovun dövründə münasibətlər daha da canlandı. 2008-ci ildə iki ölkə arasında maliyyə, nəqliyyat və enerji sahəsində əməkdaşlıq haqqında sazişlər imzalandı. Həmçinin Xəzərdə əməkdaşlıq və enerji təhlükəsizliyi məsələləri müzakirə olundu. Həmin il İlham Əliyevin Türkmənistana səfəri zamanı iqtisadi, təhsil və nəqliyyat sahələrində bir sıra sənədlər imzalandı.
Tərəflər arasında iqtisadi əməkdaşlığa nəzər salsaq, ikitərəfli münasibətlərin uzun müddət zəif olması iqtisadi əlaqələrə də təsir edib. Lakin 2000-ci illərin sonlarından əməkdaşlıq sürətlənməyə başladı. 2008-ci ildə Bakıda keçirilən beynəlxalq enerji konfransında iki ölkə arasında neft-qaz sektorunda strateji tərəfdaşlığın perspektivləri müzakirə olundu.2008-ci ildə ticarət dövriyyəsi zəif olsa da, sonrakı illərdə ixrac və idxal göstəricilərində artım müşahidə edildi. Xüsusilə nəqliyyat-logistika və enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən birinə çevrildi.
Tərəflər arasında mədəni əlaqələrə gəldikdə isə, Azərbaycan və Türkmənistan mədəni əməkdaşlığa da böyük əhəmiyyət verir. Azərbaycan alimləri tərəfindən türkmən klassiklərinin əsərləri nəşr olunub. 2008-ci ildə Prezident İlham Əliyevə Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru adı verilib.
2009-cu ildə Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib, “Arşın mal alan” tamaşası nümayiş etdirilib. 2010-cu ildə isə Heydər Əliyev haqqında kitab türkmən dilində çap olunaraq təqdim edilib.
Müasir dövr və gələcək pperspektivlərə nəzər salsaq, son illərdə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatı formalaşıb. Bu əməkdaşlıq nəqliyyat, enerji və logistika sahələrində yeni imkanlar açır. Xəzər dənizi üzərindən tranzit marşrutlarının inkişafı, yaşıl enerji və qaz resurslarının şaxələndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.Bu təşəbbüslər yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan region ölkələrinin mövqeyini gücləndirir.
Azərbaycan və Türkmənistan böyük enerji ehtiyatlarına sahib olmaqla yanaşı, regional nəqliyyat dəhlizlərinin inkişafında da mühüm rol oynayır. Nəticə olaraq, hər iki ölkənin qarşılıqlı əməkdaşlığı daha da genişləndirməsi onların beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də regional sabitlik və inteqrasiyaya mühüm töhfə verə bilər.
Əfsanə İBRAHİMOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi.
araz.az xəbər portalı.