Jurnalist kimi tanıdığımız Masallı sakini, “Cənubun Səsi” portalının təsisçisi və Baş redaktoru Mərhəmət Lələyevin həbsdən azadlığa çıxması barədə xəbəri ictimaiyyətə ilk çatdıranlardan biri Arazpress.com xəbər portalı oldu. Artıq öz işi ilə məşğul olan həmkarımız ictimaiyyətə llk geniş açıqlamasını bizim sayt vasitəsi ilə çatdırmağa qərar verib. O, həm həbsdə olduğu müddətdəki, həm də azadlıqdakı həyatıyla bağlı mühüm məqamlara toxunub.

Mərhəmət Lələyev ilk növbədə “Dəmir barmaqlıqlar” arxasında olduğu zaman yanında olan insanlara təşəkkürünü çatdırıb:

“Həbsdə olduğum zaman məni tək qoymayan, dəstək göstərən ailəmin üzvlərinə, jurnalist dostlarıma, nəslimizin nümayəndələrinə və dost-tanışlarıma təşəkkürümü bildirirəm. Onların dəstəyi mənim üçün çox önəmli oldu. Yaxşı ki, belə gözəl insanlar var!”.

O, bildirib ki, artıq bir aydır azadlıqdadır və həyatını normal şəkildə davam etdirir:

“Bu bir ay ərzində hər şey öz qaydasındadır. Əminəm ki, bundan sonra daha yaxşı olacaq. Çünki dediyim gözəl insanlar məni unutmurlar– özümü daim onların əhatəsində hiss edirəm”.

Hazırda yeni media layihələri üzərində çalışdığını vurğulayan Baş redaktor  əlavə edib ki, yeni xəbər saytı üzərində iş qurub:

“Tezliklə “Cənubun Səsi” və CenubMedia.az xəbər portallarını oxuculara təqdim edəcəyəm. Artıq sosial media üzərindən – Facebook, Twitter, Telegram, İnstaqram və WhatsApp qruplarında, YouTube və TikTok platformalarında gündəlik foto və video materiallarla çıxış edirəm. Həm də izləyici kütləsi toplaya bilmişəm və bu, çox yaxşı haldır. Adımıza çoxlu şikayət məktubları da daxil olub, araşdırmalar aparmağa qərar vermişəm. Tam əminəm ki, ölkənin Cənub bölgəsindəki media fəaliyyətim bundan sonra daha da genişlənəcək”.

Mərhəmət Lələyev həmçinin həbsinin səbəblərinə və bu prosesdə iştirak edən şəxslərlə bağlı mühüm məqamlara da diqqət çəkib:

“Həbsimin səbəbləri, kimlərin buna səbəbkar olması, hansı qurbanlar verdiyim də unudulmayıb. Cəzaçəkmə müəssisəsində olduğum müddətdə kimlərin yanıma gəlib xahiş etdiyini, kimlərin məni müəssisə rəhbərliyinə tapşırdığını yaxşı bilirəm. Azadlığa çıxdıqdan sonra isə, kimlərin səmimi şəkildə mənə zəng edib, dəstək göstərdiklərini, kimlərinsə sadəcə qorxularından maraqlandığını yaxşı gördüm. Mənim kiminləsə şəxsi ədavətim və digər işim yoxdur, amma kimlərsə haqsız yerə üstümə gələrsə, o zaman, təbii ki, artıq hər şey fərqli olacaq”.

Jurnalist hələlik bu məsələləri üstüörtülü şəkildə dilə gətirdiyini, amma lazım gələrsə, bütün detalları açıqlayacağını da xüsusi olaraq vurğulayıb:

“Hələlik üstüörtülü danışıram, amma lazım gələrsə, bütün bu məsələlər barədə geniş açıqlama verəcəyəm. Bu isə, bəzi şəxslər üçün yaxşı nəticələnməyəcək. Ona görə, hər kəs işində olsun, “qara maskalılar” gəlib aparmasınlar”.

Onu da qeyd edək ki, sonda Mərhəmət Lələyev onu yıxmaq istəyənlərə sərt mesajlarını çatdırıb:

“Mən hər zaman öz işimin başındayam. Yarıda qalan həyatıma davam edirəm. Çoxlu işlərim, ideyalarım, planlarım var. Həbsdən çıxdıqdan sonra bir-neçə layihə üzərində işləyirəm və hər birini sosial mediada izləyicilərə təqdim edəcəyəm. Kimlərinsə məni yıxmaq cəhdləri nəticəsiz qalacaq. Mən elə bir insan deyiləm ki, asanlıqla yıxılım. Lazım gələrsə, bütün həqiqətləri açıqlayacağam.

Mən həmin o “Cənubun Səsi”ndəki Mərhəmət Lələyevəm. Dəyişməmişəm, siz də dəyişməyin. Biz hamımız bir-birimizi yaxşı tanıyırıq. Hər şey Böyük Allahımıza əmanət olsun!..”.

Məqalədən istifadə zamanı istinad mütləqdir.

Fərhad MƏMMƏDOV,

araz.az xəbər portalı.