Vətən Müharibəsi zamanı ermənilərin Gəncəni raketlərlə vurması nəticəsində insanlar həlak oldu, yaralandı. Vətəndaşların mülk və əmlaklarına da ciddi ziyan dəydi. Dövlətimiz hər dəfə olduğu kimi, bu gərginlik zamanı da öz vətəndaşlarının yanında idi: Dəyən ziyanın aradan qaldırılması üçün layihələr çızılır, muxtəlif tədbirlər planı hazırlanırdı.

Bəli, dövlətimiz öz vətəndaşlarının yanında olsa da, bəzi məmurların yarıtmaz, məsuliyyətsiz bəd əməlləri nəticəsində zərərçəkmiş gəncəlilərin bir qismi indiyədək dərdlərinə əlac tapa bilməyiblər. Yəni, indiki kimi, onda da müəyyən adamlar vardı ki, layihədə göstərilənlərə əməl etmir, büdcədən ayrılmış pulları mənimsəyir, dövlətə ciddi ziyan vururdular. Düşmən hücumundan zədə almış binaları əsaslı təmir etmək əvəzinə, ora-burasını yamayıb, xalqı da, dövləti də aldadırdılar.

Bu barədə Gəncə sakini, məlum hadisə zamanı faciənin mərkəzində olmuş və əmlakını itirmiş Solmaz xanım Kazımova deyir ki, sözdə evini guya düzəldiblər.

Amma, əslində, əsaslı heç nə olunmayıb. Yoxlama, daha doğrusu, obyektiv araşdırma aparılsa, hər şey məlum olar.

Mülkiyyət sənədini, evin layihə sənədini almaq da müşkülə çevrilib. Çünki bu layihə sənədində dövlətə hesabatda şişirdilmiş rəqəmlər yazılıb. Ona görə, o rəqəmləri zərərçəkənlərə göstərmək istəmirlər. 2020-ci ildə evləri dağıdılan digər sakinlər də, eyni problemlə üzləşiblər.

Problemi yaradan isə, Respublika Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovdur. Vətəndaşlar neçə dəfəsə onun qəbulunda olublar. Sakinlərə söz verib, amma əməl etmir ki, etmir. Hətta göndərdiyi işçiləri belə məlum ünvana gəlməyib, geri dönürlər. Hər addımda sadə insanlar aldadılır.

Smetalarda rəqəmləri, qiymətləri şişirdib, dövlət büdcəsindən külli miqdarda pul mənimsəyiblər. Hətta evi dağıdılmamış adamın adına da layihə tərtib edib, ən azı 500 min manat pul siliblər.

Şikayətçilər deyir ki, bu pulları Namiq Hümmətov Türkiyədəki inşaat biznesinə sərmayə olaraq yatırıb, gəlirini artırır. Orada kommersiya obyektlərinə, villalara sahib olub. Namiq müəllimin əlinin altındakı Vasif, Əli, Ramin adlı işçiləri də özbaşınalıq edir, özlərini qoçu kimi aparırlar.

Yazı müəllifinə və Arazpress.com-a çatdırılıb ki, bu məmurlar iqtisadiyyat naziri Mikayıl Cabbarovu da bilərəkdən səhv məlumatlandırırlar. Guya, hər şey düzəlib, pullar “Kapitalbank”a köçürülüb. Amma sakinlərin bir-neçəsindən vəsaitin köçürülüb-köçürülmədiyini öyrəndik. Hesablarında bir qəpik də yox idi. Ev təmirinə lazım olandan çox pul xərcləndiyi yazılır, amma cüzi məbləğ sərf olunub.

Bu qədər abırsızcasına oyunlar aparıb, gözüyaşlı adamların faciələri üzərindən pul qazanırlar.

Sonda bir hadisəni də ürək ağrısı ilə qeyd edim ki, Türkiyədə on minlərlə insanın həlak olmasına səbəb olmuş, bir-neçə şəhəri yerlə-yeksan etmiş zəlzələdə həyatını itirmiş azərbaycanlı tələbələrdən biri Solmaz xanımın nəvəsi Şahin Veliyev olub. O, həmin ərəfədə Gəncəyə gəlməliymiş. Ancaq gələ bilməyib. Çünki erməni hücumundan zərər çəkmiş evləri bərbad vəziyyətdə olub. Evi təmir etməli olan qurumlar göz aldadıb, əsaslı nəsə etməyiblər. Bir sözlə, ev yaşamaq üçün yararsız haldadır. Vaxtında hazır olsaydı, bəlkə mərhum tələbə indi həyatda olardı…

Sima BABAYEVA,

araz.az xəbər portalı.