
Bu günə qədər Bakılı – Ermənistanlı, Naxçıvanlı – Qarabağlı, Bakılı — Gəncəli, Türk — Kürd, Ləzgi — Talış söhbətlərinin SSRİ-dən qaynaqlandığını və Rusiya tərəfindən davam etdirilirdiyini hamımız bilirik, çünki onun fəsadlarını yaxın keçmişdə görmüşdük. Bu gün bakılı — qaçqın, yerli-yersiz söhbətlərinin salınmasının da arxasında Rusiyanın dayandığına heç bir şübhəm yoxdur. Sadəcə, mənim üçün gözlənilməz olan bu günə qədər bu söhbətə hakimiyyət təmsilçilərinin susması və deputat və ziyalıların da qoşulmasıdır.
Beşinci gündən dünən gecəyə qədər Laçında, Xankəndidə və Kəlbəcərdə olduğumdan münasibət bildirməmişdim. Hələ getməmişdən əvvəl bu söhbətin sosial şəbəkələrin gündəmində olduğunu görürdüm. Gecə qayıtdım və kompüteri açan kimi həmin söhbətin hələ də davam etdiyini gördüm və dəhşətə gəldim. Doğrudanmı biz bu qədər ağılsızıq ki, bu söhbətlərin Rusiyanın bizə qarşı apardığı mübarizənin yox, artıq müharibənin tərkib hissəsi olduğunu anlamırıq. Bir çoxları düşünə bilər ki, ortada konkret haqsızlıq var, ona görə gündəmdədir. İndi müzakirə olunan faktdan onlarla dəfə aktualını paylaşmışam və heç biri də gündəm olmayıb.
Ümumiyyətlə, təşkil olunmayan heç bir məsələ gündəm olmur və hazırkı təxribatı da təşkil edənlər var, o cümlədən hakimiyyətdə təmsil olunanlardan da. Ola bilsin ki, bu kampaniyaya bilməyərəkdən də qoşulan olsun, ancaq mahiyyətinə və miqyasına baxanda heç bir şübhə yoxdur ki, bu təşkil olunmuş kampaniyadır.
Bunun hakimiyyətdə təmsil olunanların bəziləri tərəfindən təşkil olunduğuna da şübhəm yoxdur. Əksini israr edənlərə bildirirəm ki, bunu anlamaq qabiliyyəti olmayanların da o vəzifələrdə qalmaq haqları yoxdur. Özü də bilin ki, Azərbaycana qarşı aparılan bu hələ ki, qansız müharibə bir neçə istiqamətdən aparılır. İndi yazdığım sadəcə onlardan biridir. Bu barədə yeni yazılarım da olacaq.
Aslan İSMAYILOV.
P.S. Bu gün qaçqın və köçkünləri ümumiləşdirib aşalığılamaq istəyənlərin heç birinə onların yaşadıqları faciələri arzulamıram, çünki 1990-cı illərin əvvəllərindən bu günə onların nələr çəkdiklərini çox yaxşı bilirəm və bu 3 Laçında, Xankəndidə və Kəlbəcərdə və onun kəndlərində keçirdiyim günləri bir daha həmin dəhşətlərin şahidi oldum.
araz.az xəbər portalı.