Əbədi haqqımızın müdafiəsi olan 44 günlük  Vətən Müharibəsi sonda Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ağdam, Kəlbəcər, Laçın rayonlarında bizə qarşı döyüşən Ermənistan ordusu döyüşsüz təslim olaraq, həmin rayonları Azərbaycan Ordusuna təhvil verdi.

Müharibə müddətində düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Hazırda məğlub ordu Azərbaycan dövlətinin şərtlərini qəbul edir və etmək məcburiyyətindədir.

Bu şanlı tarixi bizə yaşadan igid oğullarımıza, qəhrəman şəhidlərimizə ömrümüz boyu minnətdar və borcluyuq. Belə oğullardan birini sizə təqdim edirəm:

Ölümsüz oğullardan biri — Orxan Dadaşov

Ağdam rayonunun Mirəşelli kəndində 1996-cı ildə anadan olan Orxan Vaqif oğlu Dadaşov gözünü açandan, dünyanı anlayandan güllə səsinə, barıt qoxusuna öyrəncəli olub. Evləri ermənilərin işğal etdikləri və post qurduqları Baş Qərvənd kəndinin cəmi 200-250 metr addımlığında yerləşir. Kənd sakinləri kimi, o da nə düşməndən qorxub, nə də onların atdığı mərmilərdən. Özündən böyük iki qardaşı və əkizi olduğu bacısından sonra evin ən kiçiyi idi.

Orxanı tanımamışdan öncə, onun valideynlərini tanımağımın da kiçik bir tarixçəsi var. Müharibənin ilk günlərindən Ermənistan silahlı qüvvələrinin terrorçu və vəhşi heyəti ordumuzun gücünə gücləri çatmadığını anlayıb, silahlarını, artilleriya qurğularını təmas xəttində yerləşən kəndlərə tuşladılar. Dinc əhalinin namərd düşmən tərəfindən hədəf alınması, əhalinin müvəqqəti olaraq mərmi və atəşlərdən kənara köçürülməsini labüd etdi. Həmin vaxtlarda təmas xəttindəki kəndlərdən, o cümlədən, Mirəşellidən qadınlar, qocalar, uşaqlar müxtəlif atəş tutmayan yaşayış məntəqələrinə pənah gətirdi. Orxangilin ailəsini Quzanlıda – “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin Quzanlıdakı ofisinə sığınacaq kimi pənah gətirəndə, yazı hazırladığım zaman yaxından tanımışdım.

Şəhidin atası Vaqif Dadaşovun da, anası Gülnarə xanımın da zəhmətkeş olduqları əllərinin qabarından bəlliydi. Onlarla birgə olanda sadə, mehriban, səmimi münasibətlərini görəndə, elə bilirdim 100 iliydi bu ailənin içində olmuşdum, bu ailənin doğmasıydım.

Yeri gəlmişkən deyim ki, Vaqif Dadaşov I Qarabağ müharibəsinin iştirakçısı olub. Yerli batalyonların birində müharibənin sonuna qədər ermənilərə qarşı döyüşüb. Təəccüblü deyildi ki, bu ailənin də torpaqlarımızın işğaldan azad olmasında payı olmalıydı və oldu da! Qardaşları Salehlə Raqifin döyüşə yaşı uygun olmadığı üçün, Orxan hərbi komissarlığa sevinclə yollandı. Sığınacağa gələndə dedilər ki, Orxan sabah təlim keçmək üçün Ağcabədiyə göndəriləcək.

Düzü, Bakıda fəhləlik edərək, min bir zəhmətə qatlaşaraq, ailəsinə maddi kömək edən igidin adını eşitmişdim, lakin üzünü görməmişdim deyə, özüm ona yaxınlaşdım, salamlaşdım:

— Eşitdim, siz də döyüşə gedirsiniz?

— Hə, iti qovmaq növbəsi bizə də çatdı — deyib, gülümsədi. Gözləri parladı. Sanki, müharibədən yox, gedəcəyi toydan-şənlikdən danışırdı.

Sabahısı yola düşdü.

Ağcabədiyə çatar-çatmaz təlim meydançasında yubanmağı özünə yaraşdırmayıb, israrla döyüş zonasına göndərilməyini tələb edib. Əvvəl işğaldan azad edilmiş Füzuliyə gətirilib. Orxan burda qalmaqdan elə də çox məmnun qalmayıb. Bu dəfə ölüm-dirim savaşı gedən Şuşaya getmək tələbini irəli sürüb. Noyabrın 5-də, onun da tərkibində olduğu tabor Şuşa döyüşlərinə qatılıb.

Gün var, əsrə bərabər…

7 noyabr. Yenə sığınacaqdaydım. “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşovun və onun xanımı, “Regional Gender Mərkəzi” İctimai Birliyinin sədri Şərqiyyə xanımın qonağı idim. Fürsət düşmüşkən, Vaqif bəylə və Gülnarə xanımla da görüşdüm. Orxanı soruşdum. Dedilər ki, dünən telefon əlaqəsi yaradıblar. Deyib ki, hər şey yaxşıdı, itləri qovurlar. Ondan nigaran qalmamalarını istəyib, vəziyyətinin lap əla olduğunu bir daha bildirib.

Gülnarə xanım Orxanın dediklərini mənə çatdıranda üzündə bir təbəssüm, gözlərində bir iftixar hissi vardı. Onların sevinclərinə şərik olub, digər sığınacaq sakinləri ilə görüşdüm.  Söhbətləşdik. Şuşa uğrunda döyüşlərin getdiyini, ordumuzun uğur qazandığını söyləyən sakinlərin kefləri çox yaxşıydı. Sevinclərindən az qala yerlərində oynayacaqdılar.

Bu xoş əhval-ruhiyyə ta ki axşam saatlarında gələn o telefon zənginə qədər davam etdi…

Qəfil gələn telefon zəngi: “Orxan şəhid olub!..”

Həsrət, sevinc və sevgiylə oğlundan qələbə xəbəri gözləyən ata-ananın gözləntisi və oğuldan gələn xəbər. O an zaman dayanır. Dünya öz oxu ətrafında fırlanmır sanki. Hər şey anlamını itirir. Insanlar deyəcək söz tapa bilmirlər. Ağlaşma, hıçqırıq, hönkürtü…

Saatlar ötür, Şəhidimiz gecikir. Kimsə astadan deyir: “Gecənin bu vaxtı, şəhidi ailəyə gətirməzlər. Yəqin ki, sabah saat 10-a qədər gətirərlər. Elgünü də elə gətirdilər (Elgün Sadıqov 23 oktyabr, 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib — müəllif)“.

Şəhidi gözlədiyimiz gecənin ağrı-acısından danışmayacağam. Vətənpərvər, zəhmətkeş, arzuları bitib-tükənməyən bir gəncin yoxluğu Orxanı şəxsən tanıyanları nə qədər yandırdısa, onu tanımayanları da bir o qədər yandırıb-yaxdı. Amma bir təsəlli var: Orxan Şəhidlik Zirvəsinə ucalıb, ölümlərin ən ülvisinə, ən gözəlinə layiq olub.

8 noyabr, saat 10:30 – Sığınacağa Şəhid gəlir! 11:15 — Sığınacaqdan əbədiyyətə igidimiz –şəhidimiz uğurlanır!

Orxanın qanı süzülmüş müqəddəs Şuşa torpağı

12:57 — Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müjdə verir:

”Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Şəhidin atası Vaqif Dadaşov Orxanın dəfnindən geri dönəndən sonra, qadınların yas mərasimi keçirdiyi otağa daxil olur:

“Oğlum, Şuşanın azad edilməsində savaşıb və şəhid olub. Şuşa artıq bizimdi! Bundan böyük xoşbəxtlik ola bilməz! Oğluma da qurban olum, Şuşama da! Yüzlərlə mənim oğlum kimi oğullar şəhid olublar! Hər birinə canım qurban! Ağlaşma səsi eşidəndə elə bilirəm oğlum şəhid olmayıb. Adi bir ölümlə həyatını itirib. Xahiş edirəm, ağlamayın balamı! O müqəddəs yolda Şəhid olub! Göz yaşı ilə bunu adiləşdirməyin! Orxan həmişə yaşayacaq!Şəhidlərə ağlamazlar, Şəhidlərlə qürur duyarlar! Mənim kimi!”.

Azərbaycan xalqı sizinlə qürur duyur Gülnarə xanım, Vaqif bəy, Əziz şəhidimiz! Vətən sağ olsun! Şəhidlərin ruhu şad olsun! Şəhid valideynlərinin qarşısında baş əyirik! Biz bu qələbəni şəhid valideynlərinin kədəri, üzüntüsü, əbədi sızlayan bala yarası üzərində qurmuşuq! Haqqınızı bizə halal edin!

Əntiqə RƏŞİD

araz.az xəbər portalı.