
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı vəfat edib. Arazpress.com xəbər verir ki, bu barədə Xidmətin özü məlumat yayıb. Bu məlumata görə, qurumun Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsində çalışan Vüsal Qurbanlı eyni zamanda Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, həmişə idmanla ciddi məşğul olan Vüsal Qurbanlının əvvəllər səhhətində heç bir problem olmayıb. Yaxınlarının da bildirdiyinə görə, Vüsal Qurbanlının sağlamlığında heç bir problem görməyiblər.
Ölümünün məlum olan təfərrüatlarına görə, o, ayaqqabılarının ipini bağlamaq üçün əyilən zaman infarkt keçirib və yerə yıxılıb. Elə bu zaman ölümü qəbildən baş verib. Yanında olanlar V. Qurbanlıya yardım etməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit ekspertizadan keçirilib. Onun ölümündə şübhəli məqam aşkarlanmayıb. Ekspertlərin rəyinə görə, ölüm 5 saniyə ərzində baş verib.
Mərhum Bakının Qala qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. 31 yaşlı məmur ailəli olub, 2 övladı var.
Yeri gəlmişkən onu da qeyd edək ki, Vüsal Qurbanlı Globalinfo.az-ın siyasət yazarı, tanınmış politoloq Turan Rzayevin dayısı, “Araz” Media Qrupunun (Arazpress.com saytı) təsisçisi və Baş redaktoru Hüseyn Əzizoğlunun bacısının baldızı oğludur.
“Araz” Media Qrupu MMC-nin kollektivi adından mərhumun ailəsinə, doğma və yaxınlarına Böyük Allahımızdan səbir diləyir, mərhuma: “Allah rəhmət eləsin, qəbri nurla dolsun, məkanı cənnət olsun!” — deyirik.




araz.az xəbər portalı.