Oktyabrın 25-də Azərbaycan Arbitraj Assosiasiyasının və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Arbitraj Günləri — 2025” çərçivəsində beynəlxalq konfransın ikinci günü keçirilib.

Arazpress.com bildirir ki, bu konfrans beynəlxalq arbitraj sahəsində mühüm yeniliklərin müzakirəsinə həsr edilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun birinci və ikinci gün iştirak etdiyi tədbirlərə 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və dövlət rəsmiləri qatılıb. Eyni zamanda mərasimdə Vəkillər Kollegiyasının çoxsaylı üzvləri, habelə Kollegiyanın Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova və Komitə üzvləri fəal iştirak ediblər.

Beynəlxalq konfransın ilk günündə Azərbaycan Arbitraj Assosiasiyasının Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov və Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel çıxış ediblər.

Konfransın ikinci günündə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, müasir iqtisadiyyatın və qlobal ticarətin inkişafı məhkəmə sisteminin çevikliyindən və mübahisələrin alternativ həlli mexanizmlərinin səmərəliliyindən birbaşa asılıdır.

Sədr mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitrajın xüsusi rola və paya malik olduğunu, onun investorlara yaranacaq mübahisələrini öz seçimlərinə əsasən, istədikləri ölkədə, istədikləri qaydalara uyğun olaraq birdəfəlik həll etmək imkanı verdiyini söyləyib.

Arbitrajla bağlı mütərəqqi hüquqi çərçivənin yaradılması və inkişafına toxunan Anar Bağırov qeyd edib ki, arbitraj institutunun inkişaf etdirmək istəyən hər bir dövlət əvvəlcə daxili qanunvericiliyini, xüsusilə arbitraj və investisiya qanunvericiliyini formalaşdırır, əlavə olaraq da konvensiyalar və digər beynəlxalq alətlər vasitəsilə onun tanınmasını təmin edir.

Ətraflı: https://barassociation.az/news/1781

araz.az xəbər portalı.