
Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə məlumat yayılıb. Məktubda qeyd olunanlar diqqət çəkir.
Məktubu oxuduqda Mehdiyevin və onun timsalında sovet tipli elita düşüncəsinin və müasir reallıqlara adaptasiya ola bilməyən siyasi təfəkkürü görmək mümkündür.
Məktubun məzmunu diqqətlə oxunduqda aydın olur ki, Ramiz Mehdiyev Azərbaycanda dövlət idarəçiliyinin köklü şəkildə dəyişdirilməsini, yəni prezident idarəetmə modelinin ləğv edilərək, yerinə “Dövlət Şurası” adlanan yeni bir struktura əsaslanan parlament respublikası modelinin qurulmasını təklif edir. Görünüşdə bu, demokratik idarəetmə prinsiplərinə əsaslanan, hakimiyyət bölgüsünün təmin olunduğu və vətəndaş cəmiyyətinin rolunun artdığı bir model kimi təqdim olunur. Lakin məktubun ümumi konteksti, seçilmiş ifadə formaları və strukturun təfərrüatları onun əslində demokratik islahat planından daha çox, fərqli formalarda avtoritar nəzarət mexanizmini bərpa etmək niyyəti daşıdığını göstərir.
Əvvəla, Mehdiyevin “Dövlət Şurası” konsepsiyası diqqətlə təhlil olunduqda görünür ki, bu qurum faktiki olaraq ölkədə bütün hakimiyyət qollarını qanunvericilik, icra və məhkəməni öz nəzarətinə götürür. Şuraya 50 nəfərin daxil ediləcəyi, onların “cəmiyyətdə nüfuz sahibi olan” şəxslərdən seçiləcəyi qeyd olunur. Bu cümlə özlüyündə demokratik prinsipin inkarıdır, çünki “nüfuz” meyarı seçki legitimliyi ilə deyil, siyasi və sosial statusla ölçülür. Yəni Mehdiyev burada xalqın seçdiyi nümayəndələrə deyil, elita daxilində formalaşan, sistemə sadiq şəxslərin idarəedici orqan kimi təsdiqlənməsini təklif edir. Bununla o, faktiki olaraq, dövlət idarəçiliyini xalqın iradəsindən uzaqlaşdıraraq, “idarəçi sinf”in əlində cəmləmək istəyir.
Digər mühüm detal Dövlət Şurasının sədri postunun dövlət başçısının bütün səlahiyyətlərini özündə birləşdirməsi və bu şəxsin yalnız Şura üzvləri tərəfindən seçilib vəzifədən azad edilə bilməsidir. Bu mexanizm zahirən kollektiv idarəetmə təsiri yaratsa da, praktik baxımdan yeni, lakin eyni dərəcədə mərkəzləşdirilmiş bir hakimiyyət formasına gətirib çıxarır. Yəni əslində Mehdiyev prezident institutunun formal şəkildə ləğvini, lakin onun mahiyyətcə davamını, yəni fərqli ad altında yeni “idarə mərkəzi”nin yaradılmasını təklif edir. Bu strukturda nə parlament, nə də hökumət real müstəqilliyə malik olur, çünki hər iki orqan Dövlət Şurasına hesabat verir və onun təsdiqindən asılı qalır. Bu, parlament respublikası kimi təqdim olunan modelin faktiki olaraq “kollektiv avtoritarizm” forması olduğunu göstərir.
Məktubun dilindəki bəzi ifadələr də Mehdiyevin düşüncə sistemini açıq şəkildə göstərir. O, mövcud idarəetməni tənqid edir, lakin təklif etdiyi alternativ modelin özü qatı nəzarət mexanizminə sahib avtoritarizmdir. Bu, onun siyasətə baxışında mahiyyət deyil, forma dəyişikliklərinə üstünlük verdiyini nümayiş etdirir. Başqa sözlə, o, demokratikləşməni hakimiyyətin paylaşılması və hesabatlılığın artması kimi deyil, idarəetmənin daha “zəkalı” və “nüfuzlu” şəxslərin əlində mərkəzləşməsi kimi anlayır.
Məktubda Rusiyaya ünvanlanması ehtimal edilən alt məna da xüsusi diqqətəlayiqdir. Mətnin ritorikası və vurğuları, xüsusən “beynəlxalq imicin yaxşılaşdırılması”, “stabil idarəetmə forması” kimi ifadələr, sovet sonrası məkanın siyasi leksikonuna çox bənzəyir. Burada Mehdiyev sanki Rusiyaya “alternativ, lakin idarəolunan Azərbaycan modeli” təqdim etməyə çalışır. Bu modeldə Qərb tipli liberal dəyərlər yalnız formal atribut kimi göstərilir, əsl idarəetmə isə avtoritar nəzarət elementləri üzərində qurulur. Bu, onu göstərir ki, Mehdiyev ölkədəki siyasi dəyişiklikləri Moskvanın maraqları ilə uzlaşdırmaq niyyətində olub, yəni bu plan həm də Rusiyaya “təhlükəsiz keçid” vəd edən bir siyasi mexanizm kimi təqdim edilə bilər.
Məktubda “dövlət idarəçiliyinin yeni imici” ifadəsi çox önəmlidir. Bu, Mehdiyevin özünü potensial “keçid dövrünün memarı” kimi görmək istədiyini göstərir. O, illərlə sistemin içində formalaşmış bir ideoloq kimi özünü yenə də ölkənin siyasi arxitekturasının müəllifi rolunda təsəvvür edir. Amma bu yanaşma həm tarixi, həm siyasi, həm də sosial baxımdan ziddiyyətlidir. Çünki müasir Azərbaycan cəmiyyətində köklü sosial dəyişikliklər, yeni iqtisadi və siyasi təbəqələrin formalaşması, texnoloji transformasiya və gənc nəslin siyasətə baxışında əsaslı fərqlər yaranıb. Mehdiyevin məktubu isə sanki bu reallıqları tamamilə görməzlikdən gəlir və keçmişin elitar bürokratik modeli üzərində yenidən bir hakimiyyət sistemi qurmaq istəyir.
Əslində, bu sənədi siyasi baxımdan iki istiqamətdə oxumaq mümkündür:
Birincisi, Ramiz Mehdiyevin özünü itirilmiş siyasi təsirini bərpa etmək cəhdi kimi;
İkincisi, postsovet məkanında hakimiyyətin “müdrik nəzarət orqanı” adı altında yenidən mərkəzləşdirilməsi tendensiyasının yerli versiyası kimi.
Ramiz Mehdiyevin yazı tərzində “sabitlik”, “idarəetmə səmərəliliyi”, “siyasi mədəniyyət” kimi anlayışlar önə çıxır, lakin bunlar əslində avtoritar nəzarətin legitimləşdirilməsi üçün istifadə olunan terminlərdir. Məktubda da eyni tendensiya davam edir.
Mehdiyev, görünür, illərlə yaratdığı sistemin dağılmasını qəbul edə bilmir və onu yeni terminologiya ilə bərpa etməyə çalışır. Amma bu cəhd nə müasir Azərbaycanın siyasi reallıqlarına, nə də xalqın dəyişən düşüncə tərzinə uyğun gəlir. Ona görə də bu plan iflasa uğradı.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.