İndi elələri var ki, Azərbaycan gündəmini zəbt edən Ramiz Mehdiyev qalmaqalına başqa məqsədlər üçün qoşulurlar. Belələri daha çox ictimaiyyətin daim izlədiyi mətbu orqanlar, ayrı-ayrı media vasitələrinə bağlı sosial şəbəkələr vasitəsi ilə istəklərinə çatmağı  planlaşdırırlar. Qisasçılıq və digər çirkli niyyətləri naminə atdıqları addımlarının “uğurları” isə göz qabağındadır; İstədikləri tanınmış şəxsləri belə “yıxıb-sürüyə” bilirlər.

Bu səbəbdəndir ki, cəmiyyət Təhlükəsizlik Şurasının keçmiş üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin ağır maddələrdən ibarət xəyanət dosyesinə bağlı proseslərin getdikcə daha ağır fəsadları ilə üzləşir. “Boz kardinal” ləqəbli Ramiz Mehdiyevi əsaslı şəkildə ifşa edənləri çıxmaq şərtilə, ona qarşı hücuma keçənlərin əksəriyyətinin vaxtilə onun əlaltıları və ziyanlı tapşırıqlarını canla-başla yerinə yetirənlərin olması ictimaiyyəti çaş-baş salır. Ən dəhşətlisi odur ki, vaxtilə ağır maddələrlə ittiham olunaraq, qatı cinayətlərdə suçlananlar belə onların arasında çoxluq təşkil edir.

Demək olar ki, onların dedikləri əsasında yazılan və efirə gedən çoxsaylı materiallar hətta Rusiyaya bağlı “beşinci kolonu” ölkəmizdə formalaşdıran və siyasi hakimiyyətə qarşı artan təzyiqlərin təşkilatçısı olan Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detallarını kölgədə qoyur. Sanki xəyanətkarın dünən üzə çıxan Rusiya ünvanlı gizli məktubu da camaat üçün maraqsız alındı — qaraguruhçular Ramiz Mehdiyevin ən yaxınları kimi qələmə verdikləri tanınmışlar barəsində uydurduqları “şok iddiaları” oxumağa onlarda daha çox həvəs yaratdıqlarna görə!

Əslində, xüsusilə Ramiz Mehdiyevin komandasında olan, siyasi hakimiyyətə qarşı təzyiqləri təşkil edən digər şəxslər bu gün gündəmdə olmalı, ona daha yaxın olanlar barəsində iddialar ortaya qoyulmalı idi. Nəinki, Misir Mərdanov, Abel Məhərrəmov… kimi tanınmışlar müzakirə obyektinə çevrilərdi. Çünki indi camaat onlarla bağlı söhbətlərə məcburən girişir, bu həssas məqamdakı müzakirələr zamanı onlar barəsində səsləndirilən fərqli və lüzumsuz fikirləri daha çox eşidirlər.

Məsələn, son günlər sabiq deputat Gülər Əhmədovanın Abel Məhərrəmovun ünvanına səsləndirdiyi fikirləri götürək. Axı, bunların Ramiz Mehdiyevin xəyanət dosyesinə, formalaşdırdığı “5-ci kolon” məsələsinə nə dəxli?

Guya, keçmiş millət vəkili Bakı Dövlət Universitetinin sabiq rektorunun “5-ci kolon” rəhbəri ilə əlaqələrinə dair həqiqəti əks etdirən paylaşımlar edir, bu paylaşımlarında
onu “Ramiz Mehdiyevin kölgəsində milyarder olan elm adamı, akademik…” adlandırmaqla, barəsində sensasion faktlar açıqlayır.

Di gəl ki, Gülər Əhmədovanın bu hərəkətinin qisasçılığa kökləndiyi aydın görünür. Çünki sabiq deputat elə hesab edir ki, vaxtilə Abel Məhərrəmov ona qarşı haqsızlıqlar edib. Halbuki…

…Dediklərimizin təsdiqi kimi, vaxtilə Gülər Əhmədova barəsində mətbuatda dərc olunmuş bu yazıları oxumaq kifayətdir:

“Gülər Əhmədova BDU-dan çıxarılıb

18 noyabr, 2015 / 08:01

Keçmiş deputat, psixologiya elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədova Bakı Dövlət Universitetinin müəllimi vəzifəsindən azad olunub. Onun dərs dediyi BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2015-2016-cı tədris ilində ona dərs saatı verilməyib. Ona görə də, keçmiş deputat işdən çıxmaqla bağlı ərizə yazıb. BDU rəhbərliyi Gülər Əhmədovanın ərizəsini qəbul edib və onun universitetin müəllimi vəzifəsindən azad olunmasına qərar verilib. Artıq G. Əhmədovanın adı BDU-nun müəllimləri siyahısından da çıxarılıb.

Gülər Əhmədova 1965-ci ilin avqust ayının 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.

1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olub.

2000, 2005 və 2010-cu illərdə parlamentin deputatı olub.

2012-ci il sentyabrın 25-də Gülər Əhmədovanın Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən video yayılıb. Videoda deputatla rektor Elşad Abdullayev və vasitəçi kimi təqdim olunan Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayeva arasında Elşad Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ olaraq 1 milyon dollar istənilməsi barədə dialoq əksini tapıb. Məlum olur ki, bu məbləğ Sevinc Babayeva vasitəsilə alınıb.

Sual olunur: O, bu pulu kimə verməliydi və bu iş kimin vasitəsilə həll olunmalıydı? Sizcə, o vaxtlar deputat məsələsinə kim baxırdı?

Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldıran kimi Gülər Əhmədova Milli Məclis sədrinin adına ərizə yazaraq mandatından imtina edib, Mərkəzi Seçki Komissiyası onun deputatlığına xitam verib.

Elşad Abdullayev 2012-ci il dekabrın 13-də daha bir video yayıb. Videoda Elşad Abdullayevin Sevinc Babayeva ilə söhbəti yer alır. Qadın Gülər Əhmədovanın adından Elşad Abdullayevi əmin etməyə çalışır ki, verdiyi rüşvətin əvəzində deputat mandatı alacaq və bu, tezliklə elan ediləcək, seçkinin nəticələrinə dair bütün protokollar da artıq Elşad Abdullayevin xeyirinə dəyişdirilib (Söhbət 2005-ci ildə keçirilən parlament seçkisindən gedir. Elşad Abdullayev həmin seçkidə 8 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd olub). Bu videonun ardınca Gülər Əhmədova hakim Yeni Azərbaycan Partiyasından çıxarılıb.

178.3.2-ci maddə ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva 2012-ci il dekabrın 26-da Türkiyədə vəfat edib.

2013-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. 2014-cü ilin mayın 5-də o, Bakı Apellyasiya Məhkəməsinin zalından azadlığa buraxılıb.

Sevinc Babayeva YAP-ın iclaslarının birində Gülər Əhmədova ilə tanış olublar. Bundan sonra o dəfələrlə yüzlərlə, minlərlə digər vətəndaşlar kimi Gülər xanımın yanına gəlib müəyyən xahişlər edib…

“Gülər Əhmədova haqqında şok yaradan məlumatlar

17.02.2013 / 09:59

…Dünən bəzi media orqanlarında Sevinc Babayevanın Türkiyəyə qaçırılmasında yardımçı olan türkiyəli iş adamı Səlcuq Ağlayanın Bakıya çağırılması və istintaqa ifadə verməsi barədə xəbərlər yayıldı. Əməkdaşımız S. Ağlayanla telefon əlaqəsi yaradıb, danışıb. Türkiyə nömrəsindən zəngimizə cavab verən S. Ağlayan dedi ki, onu heç kim istintaqa çağırmayıb, çünki heç bir suçu yoxdur. G. Əhmədovanın həbsini müxbirimizdən eşidən iş adamı dedi ki, bu xəbərə nə sevinir, nə də kədərlənir.

S. Ağlayan G. Əhmədovanın həbsi ilə bağlı bu fikirləri dedi: “Belə hadisələrlə bağlı biz tərəfdə məşhur bir atalar məsəli var: şüşəni qıran parasını da ödəməlidir. Ümid edirəm, nə demək istədiyimi anladınız”…

“Gülər Əhmədovanın saxlanılan oğlu silahı hardan alıb?

16 fevral, 2020. CƏMİYYƏT

Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu,1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Nəsimi rayonu ərazisində keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun idarə etdiyi “BMW” markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. T. Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib və Bakı İstintaq Təcridxanasına köçürülüb.

Ondan götürülən “Glock-19″ markalı tapança Avstriya istehsalıdır və ABŞ-da satış rekordları qırır. Tapançanın texniki göstəriciləri və qiyməti onu cəlbedici edib. Silahın ABŞ-da qiyməti 800-1000 dollardır. Silahın Azərbaycandakı satış qiymətləri haqda isə məlumat yoxdur. Gülər Əhmədovanın oğlunun silahı haradan əldə etməsini aydınlaşdırmaq isə istintaqın işidir.

Hüquqşünaslar isə, Gülər Əhmədovanın oğlunda aşkar olunan silahın ölkəyə hansı yolla gətirilməsi, silahın haradan alınması haqda məlumatların da yoxlanılmalı olduğunu deyiblər.

Yada salaq ki, Gülər Əhmədova Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi elan olunandan sonra, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdü. Lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almamışdı”.

Doğrudan da, bu gün barəsində 4 ay ev dustaqlığı ilə bağlı qərar verilən Ramiz Mehdiyevin üzünə durmağa növbəyə duranlar o vaxt nəinki susurdular, birbaşa “Boz kardinal”ın cinayətlərinə qulluq etmək üçün növbəyə dururdular. Onu da qeyd edək ki, ölkədə çox az məmur, deputat, media nümayəndəsi, siyasi partiya sədri, siyasətçi, QHT rəhbəri tapılar ki, məcburiyyətdən Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bu və ya digər şəkildə əlaqədə olmayıb. Çünki Ramiz Mehdiyev uzun illər dövlətin de-fakto ikinci şəxsi olub. Hər bir qərarın qəbul edilməsində onun mövqeyi və fikri həlledici olub, nəzərə alınıb. Axı, onda həmin vəzifə sahibləri nə edə bilərdilər?!

Onların arasındakı fəxr edə biləcəyimiz, qürur duya biləcəyimiz insanları, onların nailiyyətlərini danmaq isə olmur. Elə, bu gündən onların hər birinin həyatın bütün sahələrində göstərdikləri vətəndaş mövqeyini təbliğ etməyi təqdirəlayiq hesab edirəm. Nəinki barələrində ağlagəlməz iddialar ortaya atmağı.

Yazının davamı olacaq.

Məhi ELSEVƏR,
Arazpress.com xəbər portalının əməkdaşı.

 

araz.az xəbər portalı.