ABŞ Prezidenti Donald Trampın son açıqlamaları yenidən qlobal siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. O, bir daha NATO ölkələrinin müdafiə xərclərini artırmamasını tənqid edib. Tramp hətta bu səbəbdən İspaniyanın Alyansdan çıxarılmasının vacibliyindən danışıb.

Trampın “İspaniya kifayət qədər yüksək hərbi xərclər ayırmır, bəlkə də onları NATO-dan qovmaq lazımdır”  fikri, əslində, ABŞ-ın uzun illərdir daşıdığı ağır hərbi yükə qarşı etirazdır. ABŞ onilliklərdir Avropanın təhlükəsizliyini təmin edən əsas qüvvə kimi çıxış edir. Vaşinqtonun hərbi büdcəsi və qlobal resursları, NATO-nun fəaliyyətinin dayanıqlılığını təmin edən əsas dayaqlardandır. Lakin bu, həm də ABŞ üçün ciddi iqtisadi və siyasi yükdür. Avropa ölkələri uzun illərdir öz təhlükəsizliklərini təmin etməkdə Vaşinqtona həddən artıq güvəniblər, nəticədə isə hərbi baxımdan ondan asılı vəziyyətə düşüblər.

Trampın hazırkı ritorikası, bir tərəfdən, bu asılılığı azaltmağa, digər tərəfdən, Avropanı daha məsuliyyətli mövqeyə gətirməyə hesablanıb. O, NATO-nun kollektiv müdafiə mexanizminin ədalətli şəkildə bölüşdürülməsini istəyir. ABŞ hər il Alyansın ümumi hərbi xərclərinin yarıdan çoxunu təkbaşına qarşılayır.

Donald Trampın mövqeyi təkcə NATO ilə də məhdudlaşmır. Onun təhlükəsizlik və müdafiə xərcləri ilə bağlı tələbləri qlobal miqyasda eyni məntiqlə formalaşıb. Tramp dəfələrlə bildirib ki, ABŞ dünyanın “təhlükəsizlik sponsoru” olmamalıdır. O, eyni ritorikanı Yaponiya, Cənubi Koreya, kimi müttəfiq dövlətlərə qarşı da səsləndirib. Məsələn, Tramp bir neçə dəfə açıq şəkildə demişdi ki, ABŞ Yaponiyanı müdafiə edirsə, o ölkə də bunun əvəzində daha çox maliyyə öhdəliyi götürməlidir. Hətta Cənubi Koreyadan ABŞ-ın regiondakı hərbi bazalarının saxlanması üçün daha yüksək ödənişlər tələb etmişdi.

Bu yanaşma prinsipcə doğrudur, amma mövzunun təhlükəli tərəfi də var. Məsələn, Almaniya və Yaponiyanın silahlanması ideyası tarixi baxımdan risklidir. Bu ölkələr 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ordularını məhdudlaşdırmaq və hərbi xərcləri azaltmaq məcburiyyətində qalmışdılar. Həmin məhdudiyyətlər təsadüfi deyildi, çünki hər iki ölkə bir əsr ərzində iki dünya müharibəsinə səbəb olmuşdu və onların yenidən güclü hərbi qüvvəyə çevrilməsi qlobal təhlükəsizlik üçün həssas məsələdir.

İndi isə vəziyyət dəyişir. Trampın təzyiqləri və qlobal siyasi gərginlik fonunda həm Almaniya, həm də Yaponiya öz müdafiə büdcələrini artırmağa başlayıblar. Siyasi mühitdə isə sağçı, milli yönümlü qüvvələrin təsiri artır. Bu da o deməkdir ki, hərbi gücün artması təkcə müdafiə məqsədi daşımaya bilər. Tarix göstərib ki, iqtisadi yüksəliş və milli özünəinamın artdığı dövrlərdə bəzi dövlətlər müdafiə konsepsiyasını asanlıqla aqressiv siyasətə çevirə bilirlər.

Fikrimcə, Almaniya və Yaponiyanın silahlanması prosesi diqqətlə izlənilməlidir. Çünki bu, yalnız Vaşinqtonun yükünü azaltmaqla bitməyəcək. Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.