
Fövqəladə Hallar Nazirliyinin rəhbəri, general-polkovnik Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlaması ilə bağlı mediada yayılan iddialara reaksiya olub.
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarlıa ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır.
Bu məlumatların birində də, sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN şefinin adı çəkilir.
Kəmaləddin Heydərov isə “Gününsəsi”nə deyib ki, bu iddianı “bikar adamlar” yayır. Guya, Kəmaləddin Heydərovla Ramiz Mehdiyev arasındakı münasibətlər olduqca gərgin olub. Ona görə də, FHN şefinin ona belə bir hədiyə etməsi inandırıcı deyil.

Di gəl ki, az öncə tanınmış hüquqşünas Aslan İsmayılov özünün Facebook səhifəsində deyilən bu fikirləri inkar edən bir məlumat paylaşıb.
Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
“Mətbuata açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyir:
“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.
Qəbələdə villanın bağışlanmasının nə qədər dəqiq olduğunu bilmirəm. Dəqiq bildiyim odur ki, Xızı rayonunun Qızılqazma adlanan ərazisində K.Heydərov FHN generalı Cəbrayıl Xanlarov vasitəsilə bir neçə hektar torpaq sahəsi alıb, orada villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib. Villanın fotosunu paylaşıram”.

Məhi ELSEVƏR
araz.az xəbər portalı.