Bu gün vaxtilə Ramiz Mehdiyevə mədhiyyə deyənlər, ona görə məni məhkəmələrdə süründürənlər, onun tapşırığına əsasən at kimi üzümə durub, şər-böhtan yağdıranlar, bunun müqabilində ondan vəzifə, ev, orden, medal alanlar indi onun ən qatı tənqidçiləri olduqlarından, baş verənlərə çox vaxt susuram. İnanıram ki, bu işlə məşğul olan orqanlar on illər boyu həyatımı cəhənnəmə döndərən yazıları, məhkəmə materiallarını araşdırdıqda, onun maşalarını rahat müəyyən edəcəklər.

Əminəm ki, R. Mehdiyev gələcəkdə Dövlətinə, Xalqına xəyanətin simvolu kimi qalacaq. Ona görə də, bu gün “yıxılana balta vurmazlar”, “əşşi, qoca kişidir”, “bir ayağı o dünyadadır” və s. kimi yürüdülən fikirlərə, “ondan əl çəkin” kimi çağırışları qətiyyətlə pisləyirəm. O ölsə belə, onun mirası uzun illər yaşayacaq, çünki R. Mehdiyevin ifşası Azərbaycanda yüz illər kök salmış Xəyanətin ifşasıdır. Türkiyədə Fətullah Gülənin ölməsinə baxmayaraq, bu gün də onun davamçıları ifşa olunub, həbs edilməkdədir.

Bu iş həddindən artıq mürəkkəb olduğundan, işə mane olmamaq üçün, bir çox fikirlərimi, araşdırmalarımı hələ ki səsləndirmirəm. Bu barədə fikrimi ictimailəşdirmədən bildirmək istəsəm də, heç nəyə nail ola bilmədim. Ona görə də, bir faktı istintaq orqanlarına çatdırıram: Təxminən 2010-cu illər — R. Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə, özü Gürcüstanın Qardabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən, araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib. Hazırda Yenikənd, yaxud Təzəkənd adlanır.

R. Mehdiyevin həyat yoldaşı da həmin həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının “xaç atası” kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub və böyüyüb. Qalinanın dost-doğma əmisi, ya dayısı qızıdır. Əlavə olaraq bildirim ki, Laura Xaradze (1930 — 1987) SSRİ NKVD-nin 1951-1987-ci illər generalı olmuş M. M. Qvişianinin ögey qızı olub.

Qısa araşdırmam zamanı gördüm ki, həqiqətən də, Laura Xaradze Gürcüstanın İmereti bölgəsinin Baqdati rayonuna aid olan Rоza kəndində anadan olsa da, sonradan onlar Gürcüstanın Qardabani rayonunda yerləşən Roza kəndinə köçüblər. R. Mehdiyevin qaynanasının qəbir daşına diqqət yetirsəniz, soyadının Qurçkaya (Nadaraya) kimi qeyd olunduğunu görərsiniz.

Bir çox mənbələrdə qeyd olunur ki, İmereti bölgəsində (xüsusilə Baqdati və ətraf kəndlərdə) Xaradze, Qurçkaya /Qurçiladze/ Qurçkadze (ailə şivəsinə görə yazılış fərqləri olur), Nadaraya kimi soyadlar çox yayğındır və tez-tez ailələr bir-birilə evlilik yolu ilə bağlanıb. Əminəm ki, daha dəqiq məlumatlar xüsusi xidmət orqanlarımızın arxiv materiallarında var.

Hesab edirəm ki, bütün bu faktlar üzə çıxmalı və hakimiyyətdə kök salmış bu xəyanət şəbəkəsi birdəfəlik təmizlənməlidir.

Aslan İSMAYILOV

araz.az xəbər portalı.