
Bakıda şadlıq saraylarında menyuların qiyməti fərqli olduğu kimi, qonaqların bəylə gəlinə hədiyyələri də bir-birindən kəskin fərqlənir.
Orta statistik azərbaycanlı toya tək gedəndə, adətən, siyahıya 100-200 manat, məclisdə ailə üzvləri ilə birlikdə iştirak edəndə isə 300-500 manat pul yazdırır. Birinci dərəcəli qohumların “nəməri” isə bəzən daha yuxarı olur.
Arazpress.com bildirir ki, bu yaxınlarda ölkə mətbuatı bu barədə araşdırma yazısını ictimaiyyətin diqqətinə çatdırıb. Məlum olub ki, vəzifəli şəxslər bu məsələdə sıravi şəxslərdən ciddi şəkildə fərqlənirlər. Hətta, icra başçıları nazirlərin, komitə və agentlik rəhbərlərinin övladlarının toyuna 5000 manat yazdırırlar. Pandemiyadan əvvəl isə bu məbləğ 3000 manat olub. Bu, Azərbaycanda yazılmamış qaydalarla standart rəqəm kimi qəbul olunub. Bu ənənə uzun illərdir dəyişmir.
Deyilənləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli şəxslərinin övladlarına aid növbəti dəbdəbəli toy məclisləri ilə bağlı yayılan məlumatlar bir daha təsdiqlədi. Məlum oldu ki, Saleh Məmmədovun işçiləri rəqabətə girməkdən, toyda daha çox pul xərcləməkdən çəkinməyiblər.
Məsələn, AAYDA-nın Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev oğlu Sənan Həmzəyevə toy edib. “Böyük Saray” şadlıq evində baş tutan bu xeyir işə 600 nəfər qonaq qatılıb, toy üçün dəvətnamənin biri 50 manata hazırlanıb, bir toy masasının qiyməti isə 500 manat olub. Toya dəvət olunan müğənnilərə isə təxminən 200 min manatdan çox vəsait ödənilib.
Onu da bildirək ki, AAYDA-nın Maliyyə İdarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğlunun toyu da bir-neçə gün öncə gündəm olub. Təkcə səhnə ulduzlarına 150 min manat ödənilib.
Həmin toy məclisi Bakının hazırda ən dəbdəbəli, bahalı məkanlarından biri olan “Elux Events Hall”da keçirilib. Dəvət olunanlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub. Bildirilir ki, o, ailə quran cütlüyə 20 min ABŞ dolları dəyərində zinət əşyaları hədiyyə edib.
Hələ bunlar nədir ki?!. Arazpess.com tezliklə bu mövzu ətrafında öz maraqlı yazısını təqdim edəcək. Onda hər kəsə məlum olacaq ki, hansı icra başçısı hansı yüksək çinli vəzifə sahibinin toyuna nə qədər pul xərcləyib. Bir də ki, onların hədiyyələrinin qiymətinin məbləğini bilməyiniz də sizin üçün maraqlı olardı.
Məhi ELSEVƏR
araz.az xəbər portalı.