
Doğrudan deyilən kimidir — Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Kolatan Bələdiyyəsinin sədri Rauf Cəbiyevə açıq dəstək nümayiş etdirir. Halbuki bələdiyyə sədri vur-tut 6 aylıq fəaliyyəti ərzində gündən-günə artan qalmaqallarla gündəmi zəbt edib. Xoşagəlməz əməlləri barəsində yazan jurnalistlər, eləcə də haqqında tənqidi fikirlər səsləndirən kənd sakinləri isə gözünün düşmənidir. Bu səbəbdəndir ki, onunla bağlı artan qalmaqallar sosial medianın bəzəyinə çevrilib.
Arazpress.com-un əldə etdiyi məlumata görə, özündən arxayın bələdiyyə rəhbəri hətta barəsində yazan jurnalist Cəfər Cəfərovdan və digər həmkarlarımızdan qisas almaqda israrlıdır. Açıq-aşkar deyir ki, onların başına oyun açacaq.
Bunun təsdiqi olan fakt: Sabah, noyabrın 20-də Masallı Rayon Məhkəməsində hakim Zeynal Zeynalovun icraatında məhkəmə prosesi var. Rauf Cəbiyevin Cəfər Cəfərova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq. Böyük ehtimalla sifarişli şikayət təmin olunacaq.
Məhkəmə prosesinin sifarişli olduğunu təsdiq edən inkarolunmaz fakt isə odur ki, başçı Araz Əhmədov Sığdaş kəndinə səfəri zamanı “Olan şeylərdir də… Həyatda biri ara qarışdıracaq, biri mane olacaq…” kimi ifadələr səsləndirib və bu dedikləri camaat arasında haqlı narazılıq yaradıb. Yəni, icra başçısı bu sözləri son günlər sosial mediada barəsində qalmaqallar yayılan Kolatan Bələdiyyəsinin sədri Rauf Cəbiyevə xitabən deyərək, əslində, vətəndaşların haqlı narazılıqlarını “təbii hadisə” kimi təqdim etməyə çalışıb.
Sığdaş kəndində Hampa dağına çəkilən yolda aparılan işlərlə tanış olan Araz Əhmədov, Xanalion kəndində yolların bərbad vəziyyətdə olmasına görə bələdiyyə sədrinə irad bildirən sakinləri dolayı yolla qınayan çıxışı ilə də diqqət çəkib.

Belə məlum olur ki, icra başçısı “ara qarışdıran” ifadəsini ya bələdiyyə sədrinə etiraz edən kənd sakinləri, ya da bu hadisəni ictimailəşdirən jurnalistlər üçün deyib. Halbuki, Rauf Cəbiyev haqqında çoxsaylı narazılıqlarının mövcudluğu göz qabağındadır.
Sosial media qəhrəmanının kəndin adını əsassız şəkildə “Xanaliyan” kimi dəyişdirərək, onu erməni toponiminə bənzətməsi, sakinlərlə kobud davranışı, “mənimlə qoz-qoz oynamayın”, “sizin burnunuzdan gəlsin”, “adam kişi olar” kimi təhqiredici ifadələr işlətməsi, üstəlik, 11 nəfərə saxta icarə müqaviləsi verməsi və 28 saxta protokol tərtib etməsi də qəbuledilməzdir. Belə iddiaları araşdırmaq əvəzinə, icra başçısının bələdiyyə sədrini açıq şəkildə müdafiə etməsi cəmiyyətdə ciddi suallar doğurur.
Bir daha qeyd edək ki, Rauf Cəbiyev haqqında ciddi ittihamlar mövcud olduğu halda, rayon rəhbərinin obyektiv araşdırmadan qaçması, əvəzində onu müdafiə etməyə çalışması yerli sakinlər tərəfindən birmənalı qarşılanmır. Bu, idarəçilikdə şəffaflıqla bağlı narahatlığı daha da artırır. Başçı isə faktiki olaraq öz hərəkətləri ilə Rauf Cəbiyevin yanında olduğunu göstərir.
Başçının “araqarışdıran” ifadəsini kimə qarşı ünvanladığını Cəfər Cəfərovun dedikləri də ortaya qoyur.
“İcra başçısı bu sözlərlə birbaşa məni və digər jurnalist həmkarlarımızı nəzərdə tutub. Aydın olan da budur ki, Rauf Cəbiyev bu şikayəti öz iradəsi ilə etməyib. Əgər, o, təhqirə görə kimisə məhkəməyə vermək fikrində olsaydı, vaxtilə barəsində yayılan məlumatlara susmazdı.
Hamıya o da məlumdur ki, İcra Hakimiyyətinin razılığı olmadan nəinki bələdiyyə sədri, hətta bələdiyyə üzvü belə seçilə bilməz. Hətta bələdiyyələrin qeyri-rəsmi şəkildə İcra Hakimiyyəti tərəfindən idarə olunması da artıq heç kimə sirr deyil. Elə, Rauf Cəbiyevin mənim barəmdə verdiyi şikayətin də, İcra Hakimiyyətinin icazəsi olmadan edilməsi mümkün deyildi.
Bir də ki, mən dələduzluq faktına məruz qalmağım barədə obyektiv araşdırma aparmadıqları üçün Masallı Prokurorluğu və Masallı Rayon Polis Şöbəsi ilə bağlı rəsmi şəkildə yuxarı instansiyalara müraciətlər etmiş, məsələni ictimailəşdirmişdim. Görünür, bu qurumları narazı salmışam və onlara məndən “şikayətçi olacaq” birisi lazım idi. Onu da tapıblar — Rauf Cəbiyev”, — jurnalist narazılıq edərək, hamını haqqın müdafiəsinə səsləyir.
“Araz” Media Qrupunun kollektivi olaraq, bütün qələm sahiblərini həmkarımızı müdafiəyə çağırırıq.
Məhi ELSEVƏR,
araz.az xəbər portalı.