
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışı Ankaranın regional siyasətinin yeni konturlarını ortaya qoyub. Dövlət başçısı bildirib ki, Türkiyə heç bir ölkənin torpağında iddia sahibi olmasa da, özünün tarixi-coğrafi məkanında baş verən proseslərə biganə qala bilməz. Ərdoğanın sözlərinə görə, Türkiyə Səlcuq və Osmanlı kimi böyük dövlətlərin mirasına sahib bir millətin varisidir və bu miras ölkənin həm sərhədlərini qorumaq, həm də bölgədə sülh və ədalətin təmininə töhfə vermək məsuliyyətini artırır. O, Ankaranın Fələstin, Sudan, Suriya, Azərbaycan, Şimali Kipr və regionun digər həssas nöqtələrində məzlumların yanında olmağının tarixi borc olduğunu vurğulayıb. Prezident həmçinin qeyd edib ki, Suriyanın bərpası və təhlükəsizliyinin təmin edilməsi Türkiyə üçün birbaşa milli təhlükəsizlik məsələsidir və bölgədə sabitlik Ankaranın maraqları ilə sıx bağlıdır.
Ərdoğanın qeyd etdiyi “Türkiyə Səlcuq və Osmanlı kimi böyük dövlətlərin mirasına sahib bir millətin varisidir” ifadəsi xüsusi ilə diqqət çəkir. Belə ki, İsrail Kəşfiyyat Naziri İtamar Ben Gvir “Türkiyə yeni bir Osmanlı yaratmaq istəyir. Bu günkü Türkiyə yəhudi dövləti üçün bir nömrəli təhdiddir. Kiprdə Türkiyə böyük hərbi genişlənmə aparır biz bu hərbi imkanları məhv etməliyik. Türkiyə İsrail dövləti üçün yeni bir İrana çevrilir” sözlərini demişdi.
Türkiyənin klassik mənada “yeni Osmanlı” yaratmaq istədiyini düşünmürəm. Hər şeydən öncə belə bir layihənin tarixi, siyasi və demoqrafik baxımdan həyata keçməsi mümkün deyil. Bununla belə, Türkiyə Osmanlı imperiyasının varisi olaraq regional siyasətində bu mirasa istinad edən bir siaysi xətt icra edir. Düzdür vaxtı ilə Türkiyənin keçmiş xarici işlər naziri Əhməd Davudoğlu bölgəni əhatə edən “Britaniya Millətlər Cəmiyyəti” tipli bir platforma qurmaq ideyası da gündəmə gətirmişdisə də həmin konsepsiya reallaşmadı və geosiyasi reallıqlar belə bir modelin davamının mümkün olmadığını göstərdi.
Mənə görə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Ankara fərqli xətt müəyyənləşdirib. Bu xətt nə tam yeni-osmanlıçılıqdır, nə də keçmişə kor-koranə dönüş cəhdidir. Daha çox Misaki Millinin yəni Türkiyə Cümhuriyyətinin ideoloji sərhəd yaddaşının Osmanlı mirası ilə sintezi üzərində qurulan siyasi yanaşmadır. Başqacür desəm Türkiyənin regional ambisiyalarını legitimləşdirən, həm tarixi nüfuz sahəsini, həm də müasir dövlətçilik iddiasını birləşdirən bir çərçivədir. Prinsipçə R. T. Ədoğanın “Suriyanın yenidən qurulması və bərpasında iştirak edəcəyik. Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Suriya, Fələstin, Azərbaycan, Sudan, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, İran və Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə birbaşa bağlıdı” sözləri buna dəlalət edir.
Türkiyə hədəflərinə nail ola bilər lakin mövcud daxili dinamika məqsədləringerçəkləşməsi önündə ciddi maneədir. Daha dəqiq desəm Türkiyədə AKP iqtidarının siyasi islam anlayışı, dinin siyasətdə rolunun artması, dini xadimlərin və şeyx statuslu şəxslərin cəmiyyətdə nüfuz qazanması müəyyən risklər doğurur.
Bu gün Türkiyədə açıq şəkildə şəriət tələb edən bir qrupun mövcudluğu da faktdır və bu, konstitusiya prinsiplərinə qarşı olsa da, onlara qarşı sərt reaksiyanın olmaması gələcəkdə ideoloji qütbləşməni dərinləşdirir. Bundan başqa Türkiyədə davam edən PKK-nın tərki silah edilməsi, Abdullah Öcalanın prosesidə özlüyündə Türkiyə üçün fərqli risklər ehtiva edir. Bu və digər risk faktorlarından isə Türkiyənin rəqibləri çox üstaca istifadə edir.

Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.