2019-cu ildə Adnan Əhmədzadənin maliyyəsi hesabına ölkədəki bir-neçə xəbər saytının 51%-i “Qlobal Media Holdinq”ə, 49%-i isə əvvəlki sahibində qalmaqla alınmışdı. Həmin xəbər portalları hər ay holdinqdən təxminən 10-15 min manat maliyyə dəstəyi alıb.

A. Əhmədzadənin həbsindən sonra bu saytların bəzilərinin baş redaktorları onun və yaxın qohumlarının əleyhinə kampaniyalar aparmağa başlayıb. Çünki aylıq pulları kəsilib, yenidən pul tələb edirlər.

İndi məlum olur ki, bunları “cəsarətli” edən başqa səbəbdir. Belə ki, vaxtilə 200-250 min manat dəyərində alınmış həmin saytların bəziləri yenidən əvvəlki sahiblərinə qaytarılıb. Üstəlik, ödənilən məbləğ də geri alınmayıb. Nəticədə, həm “layihə”yə yatırılan pullar, həm də A. Əhmədzadənin mənimsədiyi dövlət vəsaitləri faktiki olaraq batıb.

Həmin baş redaktorlar Türkiyəyə səfərləri zamanı “Qlobal Media Holdinq”in rəhbəri Elnur Abdullayevin və “Haber Global”ın CEO-su Məmməd Gülməmmədovun qapısından əl çəkmirdilər. Hətta M. Gülməmmədovun atası Bəhruz Gülməmmədovun yas mərasiminə ailəlikcə qatılıb çay daşıyacaq qədər yaxınlıq nümayiş etdirirdilər.

A. Əhmədzadənin həbsi bu əlaqələrin tonunu tam dəyişdi. Məlumata görə, Elnur Abdullayevin vəziyyəti xeyli çətinləşib, onun barəsində araşdırmalar aparılır, lakin səhhətinə görə hələ ki həbs edilməyib. Məmməd Gülməmmədovla bağlı isə yaxın zamanda “sürpriz”lərin ortaya çıxacağı gözlənilir.

Türkiyə xətti ilə özləri kamuflyaj olunan bu şəxslərin Moskva da daxil olmaqla, dünyanın müxtəlif şəhərlərində saysız-hesabsız mülklərinin və bizneslərinin olduğu bildirilir.

Artıq “Qlobal Media Holdinq”ə daxil olan “Baku TV”-nin bəzi şöbələri bağlanıb və kanalın işçilərinin sayının isə ən azı iki dəfə azaldılacağı gözlənilir.

Qısası, hamı eyni səhvi təkrarlayır, əslində Əhmədzadə də, Abdullayev də, Gülməmmədov da əxlaqı şikəst olan adamlara səlahiyyət və külli miqdarda maliyyə verməklə, belə bir sonluqla üz-üzə qalacaqlarını güman etməli idilər.

Samir FEYRUZOV 

araz.az xəbər portalı.