
Hər bir dahi insan mənsub olduğu xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar kimi də önəmli yer tuta, ən taleyüklü məqamlarda xalqını arxasınca apara və qalib rolu oynaya bilir. Yüksək minnətdarlıq hissi ilə, hər ilin dekabr ayının 12-sini Anım Günü kimi qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev də belə dahi şəxsiyyətlərdəndir.
Bizə fərəh və qürur bəxş edən odur ki, xalqının böyük rəğbətini qazanan Ulu Öndər qeyri-adi zəka və fitri istedad sahibi, müdrik dövlət xadimi kimi nadir şəxsiyyətlərdən biri olaraq, müasir dünya tarixinə parlaq və silinməz iz qoymaqla düşə, ömür və fəaliyyət yolunu yüksək insani keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbə çevirə bilib. Ölkə başçısı postunda yürütdüyü dövlət siyasətini zərgər dəqiqliyi ilə müəyyənləşdirərək, formalaşdıra bilməsinə görədir ki, Heydər Əliyevin prezidentlik illəri tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Bizə fərəh və qürur verən həm də odur ki, Ümummilli Liderin göstərdiyi yüksək diqqət və qayğı, imzaladığı fərman və sərəncamlar, keçirdiyi çoxsaylı görüşlər, söylədiyi dərin məzmunlu nitqlər hesabına müəyyən edilən Azərbaycan Respublikasının uzaqgörən milli dövlət siyasəti onun layiqli varisi, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları tərəfindən də uğurla davam etdirilir. 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbə də, bu uzaqgörən siyasətin öz xalqımıza nə qədər uyğun olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani şəkildə göstərdi. Ümumiyyətlə, bu gün Azərbaycanın daxili və xarici siyasətində əldə edilən hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.



Müasir dünya tarixinə öz adını əbədi həkk etdirən, həyat və fəaliyyəti hər bir ölkə vətəndaşının qürur mənbəyinə çevrilən bu nadir şəxsiyyət, qüdrətli siyasi xadim 1923-cü ilin may ayının 10-da Naxçıvanda anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Lakin İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar təhsilini bitirə bilməyib.
Heydər Əliyev 21 yaşında olarkən təhlükəsizlik orqanlarında çalışmağa başlayıb. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyinat alıb. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilib. 1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş katibi Mixail Qorbaçovun siyasətinə etiraz edərək, tutduğu vəzifələrdən imtina edib. 3 oktyabr 1993-cü ildə və 11 oktyabr 1998-ci ildə ümumxalq səsverməsi nəticəsində müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Ulu Öndər 2003-cü ilin dekabr ayının 12-də dünyasını dəyişib və Birinci Fəxri Xiyabanda dəfn olunub. Həmin gündən xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü kimi qeyd olunur. Bir daha xatırladaq ki, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixində Sərəncam da imzalanıb.
Allah rəhmət eləsin! Məkanı cənnət, yeri behişt, ruhu şad olsun!
Vaqif NAMAZOV,
Qərbi Azərbaycan İcmasının Qursalı Kənd İcmasının sədri.
araz.az xəbər portalı.