İki ölkə arasında sülh gündəliyinə uyğun olaraq bu gündən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılır. Belə ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunan razılaşmaya əsasən SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınacaq. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Ümumiyyətlə, bu, tarixi bir hadisədir. SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başlamasına cavab olaraq rəsmi Bakı benzin və digər neft məhsullarının, o cümlədən təbii qazın satışını tam dayandırmışdı. Daha dəqiq desək, 1992-ci ildən etibarən tədarüklər faktiki olaraq dayandırılıb, 1993-cü ildə isə neft və qaz satışı tamamilə kəsilib. O vaxtdan bu günə qədər Azərbaycan Ermənistana rəsmi şəkildə nə neft, nə də qaz satmayıb. Ermənistan isə uzun illər enerji tələbatını əsasən Rusiya və İranın hesabına ödəyib.

İndiki məqamda, xüsusilə də Bakı və İrəvan arasında sülh gündəliyinin formalaşdığı bir mərhələdə enerji məhsullarının ixracı prosesin gələcəyi və məntiqi yekunu baxımından müsbət məna daşıyır.

Birincisi, hər nə qədər Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterli olsa da, tərəflər arasında birbaşa iqtisadi münasibətlərin yaranması etimadın tədricən qurulmasına xidmət edəcək. Çünki enerji kimi strateji bir sahədə əməkdaşlıq, istər-istəməz siyasi dialoqun praktik nəticəyə çevrildiyini göstərir. Bu, sülh danışıqlarının yalnız kağız üzərində deyil, real iqtisadi davranışlarda da əks olunduğu mesajını verir.

İkincisi, SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı benzin beynəlxalq bazar qiymətləri ilə satılır. Yəni ilkin mərhələdə güzəşt, humanitar jest və ya birtərəfli addım yoxdur. Azərbaycan öz məhsulunu bazar prinsiplərinə uyğun satır. Əslində bu, ölkəmiz üçün yeni bazar deməkdir. Ermənistanın enerji baxımından məhdud imkanlara malik olması fonunda Azərbaycan üçün sözügedən satış həm iqtisadi gəlir, həm də regionda enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirmək imkanıdır.

Üçüncüsü, Ermənistan uzun illər enerji tələbatını əsasən Rusiya və İranın hesabına ödəyib. İndiki mərhələdə Bakının satış şərtləri bu ölkələrdən ciddi şəkildə fərqlənməsə də, gələcəkdə vəziyyətin dəyişməsi istisna deyil. Xüsusilə Ermənistana gələcəkdə satışların daha güzəştli edilməsi həm Bakının Ermənistan bazarındakı yerini möhkəmləndirə, həm yeni layihələrin icrası üçün etimad yarada, həm də İrəvanın enerji alışında xərcləri azaltmaqla Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin daha sürətlənməsinə xidmət edə bilər.

Dördüncüsü, bu ixrac asılılıq elementini artırır. Enerji təhlükəsizliyi müasir siyasətdə əsas rıçaqlardan biridir. Ermənistanın Azərbaycan istehsalı olan neft məhsullarına ehtiyac duyması gələcəkdə siyasi qərarlarında daha ölçülü davranmasına təsir göstərə bilər. Bu mənada proses birtərəfli risk yox, əksinə, Azərbaycanın əlində əlavə təsir mexanizmi yaradan bir faktordur.

Beşincisi, bu satış Gürcüstan ərazisi vasitəsilə həyata keçirilir. Bakı beləliklə uzun müddətdir Tbilisinin narahatlıqlarına konstruktiv cavab verir. Yəni Gürcüstan heç bir halda Azərbaycanın enerji siyasətində kənarda qalmır, əksinə, əvvəlkindən daha önəmli missiyanı üzərinə götürür. Təsadüfi deyil ki, baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, yüklərin dəmiryolu ilə daşınması birdəfəlik əsasda tamamilə pulsuz həyata keçirilsin.

Əlbəttə, bu hadisə tarixi olduğu qədər həssas bir məsələdir. Xüsusilə də cəmiyyətdə emosional narahatlıqlar yarada bilər. Müharibədən çıxmış bir ölkənin Ermənistana benzin satması bir qisim insanlar üçün psixoloji olaraq qəbuledilməz görünə bilər. Lakin dövlətlər emosiyalarla deyil, maraqlarla hərəkət edir. Əgər bu addım Azərbaycanın siyasi mövqelərini möhkəmləndirir, iqtisadi qazanc gətirir və sülh gündəliyində üstün tərəf kimi çıxış etməsinə şərait yaradırsa, o zaman məsələni yalnız “kimə satılır” prizmasından qiymətləndirmək doğru olmaz.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.