
Azərbaycanda şəhərsalma və onun tərkib hissəsi olan şəhər planlamasına ehtiyac ildən-ilə artan bir çağırışa çevrilib. Əhali sayının artması urbanizasiya prosesini sürətləndirir ki, bu da öz növbəsində yeni infrastruktura olan tələbatı yüksəldir. Paytaxt Bakının yükünün ildən-ilə artması regionların inkişafının daha kompleks və sistemli şəkildə təşkili zərurətini yaradır.
Xüsusilə qeyd etmək lazımdır ki, şəhərlərin planlaşdırılması məsələsi yeni mərhələyə qədəm qoymalıdır. Müasir şəhərsalma yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır nəqliyyat sistemləri, ictimai məkanlar, sosial infrastruktur, iş yerləri və ekoloji balans vahid konsepsiya çərçivəsində nəzərdən keçirilməlidir.
Son illərdə ölkədə bu sahədə mühüm işlərə start verilib. Paytaxt Bakıda, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində bu meyarlar əsas götürülür. Lakin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi yaşıl və ağıllı şəhər modellərinə keçidin artıq zərurətə çevrildiyini və dövlətin bu məsələyə daha kompleks yanaşacağını göstərir.
Dünyanın bir çox ölkəsində “yaşıl şəhərlər” konsepsiyası qəbul edilib. Bu yanaşma ekoloji dayanıqlılığı, hava keyfiyyətini, insan sağlamlığını və həyat keyfiyyətini ön plana çıxarır. “Ağıllı şəhərlər” isə rəqəmsal texnologiyalar vasitəsilə enerji istifadəsini, nəqliyyatı, kommunal xidmətləri və şəhər idarəçiliyini daha səmərəli edir. Bu modelin ölkəmizdə tətbiqi həm dövrün tələblərinə uyğunlaşmaq, həm də gələcək perspektivdə bir çox sahədə mühüm yeniliklərə yol açmaq baxımından əhəmiyyətlidir.
Bu təşəbbüsün xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən şəhərləşdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri klassik şəhərsalma nümunəsi deyil, sıfırdan formalaşdırılan müasir urbanist model kimi qiymətləndirilə bilər. Bu regionlarda ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi yalnız yaşayışın bərpasına deyil, eyni zamanda iqtisadi inkişafın sürətlənməsinə, əhalinin geri dönüşünün stimullaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edəcək.
Xüsusilə vurğulamaq lazımdır ki, düzgün planlama və gələcək perspektivə hesablanmış dövlət qayğısı nəticəsində paytaxt Bakının yükü əhəmiyyətli dərəcədə azala, regionlar isə paytaxtdan asılı olmadan inkişaf edə bilər. Digər mühüm məqam şəhərsalma prosesinin tarixi-mədəni irsin qorunması ilə paralel aparılmasıdır.
Təəssüf ki, paytaxt Bakı da daxil olmaqla, bəzi ərazilərdə tarixi məkanlar ya baxımsız qalır, ya da səhlənkarlıq nəticəsində sıradan çıxır. Halbuki ölkənin bir çox şəhər və rayonlarında yerləşən tarixi abidələrin həm bərpasına, həm kompleks təmirinə, həm də müasir şəhərsalma modeli ilə inteqrasiyasına ehtiyac var. Şəhərlərin yenilənməsi tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Əksinə, memarlıq irsinin qorunması və müasir şəhər mühiti ilə harmoniyalı şəkildə inteqrasiya olunması şəhərlərin kimliyini və estetik dəyərini daha da artırır.
Nəticə etibarilə, şəhərsalma sahəsində islahatlar kompleks yanaşma tələb edir. Planlaşdırma, ekoloji davamlılıq, ağıllı texnologiyalar, tarixi irsin qorunması və regional inkişaf vahid strategiya çərçivəsində həyata keçirilməlidir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə institusional və ideoloji baza yaradır. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi qarşıdakı dövrdə görüləcək işlərin daha effektiv olacağına əminlik yaradır.

Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.