Dəməşq hökuməti ilə Suriya Demokatik Qüvvələri (SDF) arasında “tarixi” bir razılaşma əldə edilib. Doğrudur, bəzi məsələlər üzrə danışıqlar hələ də davam edir, lakin əldə olunan razılıq özlüyündə region üçün tarixi qırılma nöqtəsidir.

Məsələ ondadır ki, sazişin mətnini diqqətlə nəzərdən keçirdikdə ortaya çıxan razılaşma kürdlərin Suriya mərkəzi hakimiyyətinə inteqrasiyası kimi təqdim edilsə də, əslində onlara bir növ muxtariyyətin verildiyini göstərir. Bu muxtariyyət hələlik İraq Kürd Regional Hökuməti səviyyəsində olmasa da, Suriya dövlətinin indiyə qədərki mərkəzçi idarəçilik modeli ilə müqayisədə köklü bir qırılmadır. Həmçinin bir çox əsas elementlərinə görə İraq nümunəsinə də çox yaxındır.

İlk növbədə, razılaşmada hərbi struktur məsələsi diqqət çəkir. Beləki, SDF-nin komandanı Məzlum Əbdinin nəzarətində üç diviziyanın saxlanılması və bu qüvvələrin birbaşa Dəməşqin gündəlik nəzarətindən kənarda qalması qərarı klassik muxtariyyət modellərinin əsas şərtlərindən biridir. Üstəlik, bu diviziyaların komandirlərinin təyin və azad edilməsinə Dəməşqin qarışa bilməməsi ilə bağlı sənəddə qeyd olunan detal, mərkəzi hakimiyyətin suverenliyinin real olaraq məhdudlaşdırıldığını göstərir. Dövlətin formal şəkildə “vahid ordu” iddiası qalsa da, praktikada paralel və muxtar silahlı struktur legitimləşdirilir. Bu, İraqda peşmərgənin Bağdad ordusundan müstəqil mövcudluğunu xatırladan modeldir.

Razılaşmanın daha incə, lakin daha strateji tərəfi kadr və rütbə siyasətidir. SDF-dən olan 100 zabitə yüksək hərbi rütbələrin verilməsi, lakin onların öz qüvvələri olmadan Müdafiə və Daxili İşlər Nazirliklərində yerləşdirilməsi, Dəməşqin nəzarət görüntüsü yaratmaq cəhdi kimi görünür. Əslində isə bu addım SDF elitasının dövlət aparatına inteqrasiyası yolu ilə kürd siyasi-hərbi təsirinin mərkəzi strukturlara daşınmasıdır. Bu, muxtariyyətlərin klassik “dövlət içində dövlət” mexanizminin yumşaq formasıdır.

Ən mühüm məqamlardan biri inzibati mərkəzsizləşdirmədir. SDF-yə “tam inzibati mərkəzsizləşdirmə” verilməsi və bölgədəki bütün dövlət məmurlarının təyinatının onun səlahiyyətində olması, faktiki olaraq regional hökumət statusu deməkdir. Dövlət bayrağı və rəsmi adı dəyişməsə belə, real hakimiyyət yerli qurumun əlində cəmlənir. Bu, İraq Kürdüstanında Ərbilin öz bürokratiyasını formalaşdırmasına çox bənzəyir və Suriyanın unitar modelinə ziddir.

Təhlükəsizlik və həbsxanalar məsələsi də muxtariyyətin açıq göstəricisidir. Əl-Hol düşərgəsi və İŞİD üzvlərinin saxlanıldığı həbsxanalarda təhlükəsizliyin yenə də SDF tərəfindən təmin olunması, dövlətin ən həssas sahələrindən birinin mərkəzdən kənarda qalması deməkdir. Dəməşq yalnız komitələr və ofislər vasitəsilə məlumat toplayan tərəf rolunu oynayır. Bu, təhlükəsizlik suverenliyinin bölüşdürülməsi anlamına gəlir ki, muxtar qurumların əsas xüsusiyyətidir.

İqtisadi aspekt isə razılaşmanın ən kritik və ən “İraqvari” tərəfidir. Neftin Dəməşq, SDF və xarici şirkətlər arasında bölüşdürülməsi, üstəlik neft yataqlarının hərbi mühafizəsinin SDF-də qalması, resurs üzərində real nəzarətin yerli aktorda olduğunu göstərir. Onuda deyim ki, İraq Kürdüstanında da mərkəzi hökumətlə əsas mübahisə məhz neft gəlirlərinin paylaşımı üzərində qurulmuşdu.

Xarici siyasətdə SDF-nin birbaşa əlaqələrinin qadağan olunması ilk baxışda mərkəzi hakimiyyətin gücləndirilməsi kimi görünə bilər. Lakin eyni zamanda ABŞ və Avropanın zəmanəti altında beynəlxalq müqavilə imzalanması, Dəməşqin deyil, beynəlxalq aktorların əsas təminatçı rolunda olduğunu ortaya qoyur. Bu isə mərkəzi hökumətin suveren qərarvermə imkanlarını məhdudlaşdırır və SDF-ni beynəlxalq hüquqi çərçivədə qorunan bir regional aktora çevirir. İraq Kürdüstanının 2000-ci illərdə ABŞ-ın himayəsi altında möhkəmlənməsi ilə bu model arasında açıq paralellik var.

Nəticə etibarilə, bu razılaşma adı muxtariyyət olmasa da, hərbi, inzibati, təhlükəsizlik və iqtisadi səlahiyyətlərin bir mərkəzdə SDF-nin nəzarətində cəmlənməsi ilə faktiki muxtariyyət rejimi yaradır. Fərq ondadır ki, bu mərhələdə Suriya hökuməti formal suverenliyi saxlayır və model daha aşağı profilli təqdim olunur. Lakin struktur baxımından İraq Kürd Regional Hökumətinin ilkin mərhələlərinə çox bənzəyir və zamanla daha institusional bir muxtariyyətə çevrilməsi üçün hüquqi və siyasi zəmin formalaşdırır.

Turan RZAYEV,
politoloq.

araz.az xəbər portalı.