Masallının gözəl torpağı var. Bu torpağın yetirmələri arasında gözəl insanlar da çoxdur. Belələrinin adı çəkiləndə təkcə onların keçdikləri ömür və fəaliyyət yolu deyil, yaşatdıqları dəyərlər də göz önünə gəlir.

Uzun müddət xüsusi xidmət orqanlarında şərəf və məsuliyyətlə çalışmış Səxavəddin Sadıxov da mənalı ömür yaşayan, adı sadəlik, vicdan, xalqa, dövlətə və dövlətçiliyə bağlılıq kriteriyaları ilə yanaşı çəkilən belə şəxsiyyətlərdən biridir. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin Mühafizə Xidmətinin sabiq rəisi kimi son dərəcə məsuliyyətli və etimad tələb edən bir vəzifəni ləyaqətlə yerinə yetirib. Belə bir xidmət onun dövlətə sədaqətinin, əqidəsinə bağlılığının açıq göstəricisidir.

Hacının hərbi taleyi isə, doğma Vətən tarixinin ən ağrılı səhifələri ilə bağlıdır. Birinci Qarabağ Müharibəsinin iştirakçısı, o çətin illərdə səngərdə dayanan minlərlə Vətən övladından biri kimi doğma torpağın ağrısını canında hiss edib, ölümün gözünə dik baxıb — Onun üçün Vətən anlayışı şüar yox, səngərdə yoğrulmuş müqəddəs bir anlayışdır. Bu ömür yolunu dəyərli edən təkcə iştirakçısı olduğu keçmiş döyüşlər və tutduğu vəzifələr deyil, digər yüksək insani keyfiyyətləridir. Onu xalqın qəlbində ucaldan da, insanlara dayaq olması, səssiz-səmirsiz, nümayişsiz etdiyi xeyriyyəçiliyidir. Adi bir misal: COVID-19 pandemiyası zamanı insanların tamamilə çarəsiz qaldığı, ümidlərinin azaldığı günlərdə ehtiyacı olan ailələrin qapısını döyüb, dərdlərinə şərik çıxıb. Çünki yardım onun üçün borc yox, vicdan məsələsi anlamındadır.

Səxavəddin Sadıxov 44 günlük Vətən Müharibəsində də xalqın yanındaydı. Cəbhəyə yollanan igidlərin ailələrinə, arxa cəbhədə narahatlıq keçirən insanlara maddi-mənəvi dəstəyini əsirgəmirdi. O çətin günlərdə evinin qapısı hər kəs üçün açıq olardı. Bu gün də tutduğu yolun davamçısıdır. Aztəminatlı ailələrə, qazilərə, şəhid ailələrinə mütəmadi yardımlarını əsirgəmir. Bu yardımlar təsadüfi deyil, davamlıdır. Yaxşı anlayır ki, onların ailələrinə birdəfəlik diqqət yox, ömürlük ehtiram lazımdır. Bir-neçə qaziyə ev bağışlaması onun xeyirxahlığının ən bariz nümunəsidir. Bu, sadəcə yardım deyil, yaralı qəlbə ümid, sabaha inam bəxş etmək deməkdir.

Onu da qeyd edim ki, Səxavəddin Sadıxov tez-tez ehsan süfrələri təşkil edir, şəhid ailələrini bir yerə toplayır, dərdlərini dinləyir, sevinclərini sevinci, kədərlərini kədəri bilir. O süfrələrdə rütbəli, vəzifəli bir şəxs yox, Vətən naminə canlarını verənlərin ailələrinə ürəkdən bağlı bir insan olur.

Səxavəddin Sadıxovu yaxından tanıyanlar onun özünü həmişə sadə və səmimi apardığını yaxşı bilirlər. Qapısına gələn heç kimi naümid geri qaytarmır. Kim və haralı olmasından asılı olmayaraq, hamısını dinləyir. Adi sıravi vətəndaşa, ehtiyac içindəki ailəyə, dərdli insana bacardığını edir. Tez-tez səsləndirdiyi bu cümlələr də, onun kimliyini ortaya qoyur:

“Mən kəndçi balasıyam, bir övladı olaraq, hər zaman xalqımın yanındayam”.

Bu sözlər sadəcə ifadə deyil, yaşadığı həyatın fəlsəfəsidir.

Səxavəddin Sadıxov həm də müqəddəs Həcc ziyarətində olmuş bir Allah adamıdır. Bu ziyarət onun mənəvi dünyasını daha da zənginləşdirib, insanlara mərhəmətini, haqq-ədalət duyğusunu gücləndirib. Bu da onu deyir ki, o, inancı ilə əməlini birləşdirə bilən nadir insanlardandır. Üstəlik, doğma Vətəninə, millətinə, xalqına bağlılığın canlı nümunəsidir. Belə insanlar müharibə vaxtı səngərdə döyüşməklə yanaşı, sülh dövründə millətin yükünü çiyinlərində daşıyan görünməyən qəhrəmanlardır. Masallı belə bir oğlu ilə haqlı olaraq fəxr edir.

Bu ömür sahibinin tutduğu yolda başqa bir səmimi və düşündürücü məqam da var ki, onu ayrıca qeyd etməmək mümkün deyil: Bu yaxınlarda fürsət tapıb, Hacı ilə görüşə getdim. Biz, həm də, qonşu kəndlərdən olan kəndçi balalarıyıq. Bu səbəbdən, bu görüşümüz ilk andan rəsmi yox, doğmalıq ab-havasında keçdi. Səmimi qarşılandım, məni sadə bir insan kimi qəbul etdi. Təkcə söhbətinə qulaq asmırdım, həm də düşünərək, dediklərinin mənasına fikir ayırırdım.

Beləcə, söhbətimiz zamanı bu sual məni düşünməyə vadar edirdi: “Bu qədər xeyirxah işlər görən, bu qədər insanın yükünü çiyinlərində daşıyan Hacı Səxavəddin nədən gördüyü işlərin reklamını istəmir, niyə adını önə çıxarmaq istəmir?!”. Danışdıqca, bu sualın cavabı da öz-özünə aydın olurdu — etdiyi bütün yaxşılıqları yalnız Allah rizası üçün edir. Nə ad, nə şöhrət, nə də alqış onun üçün önəmli deyil. Səmimiyyəti belə buradan qaynaqlanır — çünki niyyəti təmizdir.

Söhbət əsnasında Hacı Səxavəddin mənə çox dəyərli məsləhətlər də verdi. Fəaliyyətimi izlədiyini, yazdıqlarımı oxuduğunu bildirdi. Bu, mənim üçün təkcə xoş söz yox, böyük bir mənəvi dəstək demək idi. “Tutduğun bu yolda davam et, haqqı, xalqın dərdini yaz, qorxma!” — deməsi adi bir insanın yox, həyat görmüş, yol keçmiş bir ağsaqqalın tövsiyəsiydi.

Hacı Səxavəddin Sadıxov hazırda Bakı şəhərində yaşasa da, doğma Masallıya ürəkdən bağlıdır. Onun Masallı haqqında söylədiyi fikirlər sadəcə nostalji hisslərdən deyil, dərin sevgi və məsuliyyətdən doğurdu. Masallılı hər kəsi zəhmətkeş, saf və mərd insan adlandırır, bu torpağın dəyərinin daha yaxşı tanıdılmasının vacibliyini vurğulayırdı. “Masallı mənim möhkəm köklü dayağımdır, harda olsam da, ürəyim burdadır” — deyirdi. Aydın olurdu ki, onun Masallı ilə bağlı planları, arzuları, düşüncələri o qədərdir ki, saymaqla qurtaran deyil. Bu torpağa xidmət etməyi özünə borc bilir, bunu təkcə sözlərlə yox, əməlləriylə sübut edir.

Bu görüşdən sonra bir daha əmin oldum ki, Səxavəddin Sadıxovun böyüklüyü tutduğu vəzifələrdə yox, daşıdığı mənəviyyatdadır. O, rütbəni kənarda qoyub, insanlığı önə çəkən, adını deyil, əməlini danışdıran insanlardandır. Elə buna görə də, xalqın hörmətini qazanıb və bu hörmət heç bir reklamla ölçülmür. Belə insanlar Vətən naminə səngərdə döyüşənlərlə yanaşı olan, sülh dövründə millət yükü çəkən, qəlblərdə iz buraxan səssiz qəhrəmanlardır. Masallı belə oğulları ilə, doğrudan da, fəxr etməlidir.

Söhbətimizin ən yadda qalan məqamlarından biri də, Hacı Səxavəddin Sadıxovun həyat fəlsəfəsini ifadə edən dərin bir fikri oldu. O dedi ki, istər ictimai fəaliyyət olsun, istər xeyirxahlıq, istərsə də haqq söz, çətinliklər hər zaman olacaq. İnsan nə qədər doğru yolda olursa-olsun, maneələr, anlaşılmazlıqlar, bəzən də haqsızlıqlar qaçılmazdır. Əsas odur ki, bunlardan qorxmayasan, ayaq üstə qalmağı bacara, ruhdan düşməyəsən, yolundan dönməyəsən.

Bu sözlər sadəcə təsəlli xarakterli deyildi — ömrün sınaqlarından çıxan, həyatın enişli-yoxuşlu yollarını addım-addım keçən bir insanın təcrübədən doğan nəsihəti idi. O açıq şəkildə bildirirdi ki, insanı yıxan çətinlik yox, çətinlik qarşısında təslim olmaqdır. Əgər niyyətin təmizdirsə, gördüyün iş Allah yolundadırsa, gec-tez haqq öz yerini tapır.

Bu fikirlər mənim üçün böyük bir mənəvi dayaq oldu. Bir daha anladım ki, Səxavəddin Sadıxovun insanlara verdiyi ən böyük töhfələrdən biri də məhz budur — insanı ruhdan salmayan, əksinə ayaqda saxlayan saf düşüncə, möhkəm duruş, səbr və inam kriteriyaları. Məhz buna görədir ki, o, təkcə xeyriyyəçi, hərbçi və ya ictimai fəal kimi yox, çətin gündə sözünə, məsləhətinə ehtiyac duyulan ağsaqqal kimi də qəbul olunur. Onun dediyi kimi, bu yol ağırdır, amma bu yolda möhkəm dayananlar sonda həm xalqın, həm də Allahın razılığını qazanır.

Söhbətimiz zamanı toxunduğumuz mühüm məqamlardan biri də, onun dövlətə və dövlət başçısına münasibəti oldu. Hacı açıq və qürurla bildirdi ki, Ulu Öndər Heydər Əliyevin, onun layiqli varisi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin hər zaman sadiq əsgəri olub. Bu gün də, möhtərəm Prezidentimizin yanındadır. Bu sədaqət vəzifədən irəli gələn məcburiyyət yox, içdən gələn dövlətçilik mövqeyidir. O, Prezident İlham Əliyevin apardığı siyasəti, Vətən naminə verdiyi qərarları yüksək qiymətləndirir və hər zaman bu yolda dayandığını xüsusi vurğulayır.

Maraqlı və diqqətçəkən bir məqam da odur ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin keçmiş mühafizə xidmətinin rəisi olmasına baxmayaraq, onların münasibətləri sırf vəzifə çərçivəsində məhdudlaşmayıb. Aralarında dərin hörmətə və səmimi dostluğa əsaslanan münasibət var. Hacı Səxavəddin bu gün də Şeyxin yanındadır, ona sədaqətini göz bəbəyi kimi qoruyur. Bu bir daha göstərir ki, insanlara və dəyərlərə münasibətdə o mövqeyini dəyişənlərdən deyil. Bu mövzuda söhbət gedərkən söylədiyi bu sözləri daha çox yaddaqalan oldu: “Onlara qarşı atılan güllənin qarşısına özümü verərəm”.

Bu sözlər pafoslu ifadə deyil, illərlə təhlükə içində xidmət edən, ölümün nə olduğunu bilən bir insanın ürəkdən gələn mövqeyidir. Bu, sədaqətin ən ali formasıdır — sözlə deyilən yox, can-qan bahasına olan bir sədaqətdir.

Məhz bu düşüncəsi də, onun bütün həyat yolunun izahıdır: Vətənə sədaqət, dövlətə bağlılıq, insana hörmət və göstərilən etimada xəyanət etməmək. Səxavəddin Sadıxov üçün dostluq da, xidmət də, inam da birdəfəlik seçimdir. O, yaxşı bilir ki, seçimini etdinsə, axıra qədər yanında dayanmalısan.

Bu xüsusiyyətləri onu sadəcə keçmiş vəzifə sahibi kimi yox, dövlətinə, rəhbərinə, xalqına sədaqəti ilə seçilən bir ömür sahibi nümunəsinə çevirib. Belə insanlar zamanla yox, vicdanla ölçülür və məhz buna görə də, daim hörmətlə xatırlanırlar.

Bu görüş yalnız bir tanışlıq və ya qısa söhbət olmadı. Aramızda yaranan səmimiyyət, qarşılıqlı hörmət və anlayış onu göstərdi ki, bu münasibət ötəri deyil. Bu dostluq könüldən-könülə qurulan, zamana tabe olmayan bir bağdır. Mən əmin oldum ki, belə münasibətlər nə məkan tanıyır, nə vəzifə, nə də zaman.

Hacı Səxavəddin Sadıxovla bu görüşümüz bir başlanğıc oldu — mənəvi dəyərlər üzərində qurulan, etimada söykənən bir dostluğun başlanğıcı. Bu dostluğun ömrü tədbirlərlə yox, niyyətin saflığı ilə ölçülməlidir. Çünki eyni yerin havasını udan, eyni xalqın dərdi ilə yaşayan insanlar arasında qurulan bağlar qırılmaz olur, əbədiyyətə qədər  yaşayır.

İnanıram ki, bu səmimi münasibət bundan sonra da davam edəcək, qarşılıqlı dərin hörmətlə, səmimi duyğularla və yüksək insani keyfiyyətlərlə daha da möhkəmlənəcək. Dostluq elə budur — sözlə deyil, ürəklə yaşanan, zaman keçdikcə daha yüksək dəyər qazanan bir nemətdir.

Sonda onu da demək istəyirəm ki, bu söhbətimiz uzun oldu və kifayət qədər maraqlı alındı. Dəyərli vaxtını aldığım, onu yorduğum üçün üzrlü saymağını xahiş etdim. Hacı isə, hər zaman olduğu kimi, yenə öz səmimiyyəti ilə, bunun yorğunluq deyil, könül söhbəti olduğunu bildirdi. Bu sadə münasibət bir daha göstərdi ki, insanı böyük edən təkcə gördüyü işlər yox, həm də qarşısındakına verdiyi dəyərdir.

Mərhəmət LƏLƏYEV,
“Cənubunsəsi” xəbər portalının təsisçisi və Baş redaktoru, ictimai fəal.

Masallı şəhəri 

araz.az xəbər portalı.