Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının müsahibəsində diqqət çəkən məqamlardan biri də ölkəmizin Qəzza və bir müddətdir gündəmdə olan beynəlxalq sülh missiyası ilə bağlı mövqeyi idi. Prezident açıq şəkildə Azərbaycanın Qəzzada beynəlxalq sülh missiyasında iştirak etməyəcəyini bəyan etdi.

Əvvəla onu qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnaməni qəbul etməsi region üçün müsbət hadisədir. Həmçinin Azərbaycan da bunu dəstəkləyən ölkələrdəndir. Vəziyyət elə bir həddə çatıb ki, Qəzza böhranının öz axarına buraxılması artıq mümkün deyil.

Ölkə başçısı məsələ ilə bağlı, “Bizə belə müraciətlər daxil olub. Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər”, – deyə qeyd edib. Əslində, missiyaya əsasən müsəlman, regionla əlaqələri olan və ABŞ-ın koordinatorluğu ilə danışıqlara qatılan ölkələrin daxil olması gözlənilirdi. Bu baxımdan, İndoneziya, Azərbaycan və Pakistanın adı bir müddətdir çəkilirdi.

Azərbaycanın adı hər nə qədər Qəzzaya əsgər göndərəcək ölkələr sırasında çəkilsə də, Bakı bu məsələ ilə bağlı rəsmi açıqlama verməmişdi. Ölkə başçısının dediklərindən sonra isə artıq Azərbaycanın missiyada iştirak marağı göstərmədiyi məlum oldu.

Əslində, bu yanaşma gözlənilirdi. Ümumiyyətlə, Bakının hazırkı mərhələdə ağır hərbi əməliyyatlara və ya HƏMAS-ın tərksilahı kimi yüksək riskli tapşırıqlara qoşulmaq istəməməsi həm açıq, həm də başadüşüləndir. Hər şeydən öncə, Prezidentin də dediyi kimi, ölkəmiz Birinci və İkinci Qarabağ müharibələrində böyük itkilər verib. Buna görə də hər hansı beynəlxalq əməliyyatda vətəndaşların həyatını riskə atmaq niyyətimiz yoxdur:

“Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik,” — dövlət başçısı vurğulayıb.

Doğrudur, bu, Azərbaycanın sülhməramlı fəaliyyətdən imtina etdiyi mənasına gəlmir. Əksinə, Prezident İlham Əliyev müsahibə zamanı ölkəmizin sülhməramlı əməliyyatlarda zəngin təcrübəsinin olduğunu diqqətə çatdırdı.

“Bizim İraqda, buna qədər isə həm Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik”, – İlham Əliyev qeyd edib.

Bu, Azərbaycanın əməliyyatların strukturunu, koordinasiya və resurs tələblərini yaxşı bildiyini və yalnız şəraiti tam aydın və risk əmsalı minimum olan situasiyalarda iştirakda maraqlı olduğunu aydın şəkildə göstərir.

Prezidentin fikirlərindən məlum olur ki, Azərbaycan hərbi və diplomatik məsələlərdə balans siyasətini qoruyur. Fələstinə olan dəstək və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iştirak baxımından humanitar prinsiplər ön plana çəkilir. Digər tərəfdən, “qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır” — deyə vurğulanır. Beləliklə, Azərbaycan region problemlərinə hərəkət etmədən əvvəl mövqeyini diqqətlə müəyyən edir.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.