Prezident İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüş ümumi mənada təkcə iki liderin növbəti təması deyil, həm də regionda dəyişən diplomatik atmosferin göstəricisi kimi diqqət çəkirdi.

Məsələn, liderlərin davranış üslubu, jest və mimikaları iki ölkə arasında münasibətlərin movcud durumu, habelə danışıqlar prosesinin seyri haqda pozitiv mesajlar verir. Xüsusi ilə mənim diqqətimi “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi çərçivəsində Prezident İlham Əliyevin Paşinyanla birgə səhnəyə dəvət edilərkən səsləndirdiyi, “Biz indi razılığa gəlməliyik ki, ilk kim çıxış edəcək?”, – ifadəsi çəkdi. Aydın məsələdir ki, bu, bir zarafatdır, lakin həm də dərin və bir o qədər də maraqlı diplomatik məna daşıyır. Fikrimcə, bu, Azərbaycanın özünə inamlı mövqeyini, proseslərə nəzarəti və psixoloji üstünlüyü qoruduğunu göstərir. Eyni zamanda, rəsmi Bakının gərginlik yox, dialoq və rasional ünsiyyət tərəfdarı olduğu mesajını verir.

Rahatlıqla demək olar ki, tərəflər arasında münasibətlər artıq klassik qarşıdurma mərhələsindən çıxaraq daha praqmatik müstəviyə keçib. Azərbaycan qalib tərəf olsa da, diktə edən yox, şərtləri müəyyənləşdirən, amma dialoqa açıq aktor obrazını möhkəmləndirir. Ermənistan üçün isə bu cür beynəlxalq platformada Azərbaycan Prezidenti ilə eyni səhnədə görünmək Paşinyanın daxili auditoriyaya “təcriddə deyilik” mesajı vermək cəhdidir.

Liderlərin görüşünün ən mühüm detallarından biri aradan keçən zamana baxmayaraq tərəflərin Vaşinton görüşü və onun nəticələrinə sadiq qalmalarıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Vaşinqton Sülh Sammitinin nəticələrinin icrasını bir daha alqışlayıblar.

Sevindirici haldır ki, tarixdə ilk dəfə Azərbaycan–Ermənistan normallaşma prosesi artıq bəyanatlar mərhələsindən çıxaraq konkret nəticələr mərhələsinə daxil olub. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan sammitin vurğulanması, Vaşinqtonun bu prosesdə siyasi zəmanətçi rolu oynadığını bir daha nümayiş etdirir.

Liderlər görüşdə normallaşmanın ikitərəfli əsasda irəlilədiyi qeyd ediblər. Bu, Azərbaycanın illərdir müdafiə etdiyi mövqeyin – üçüncü tərəflərin vasitəçi yox, dəstəkçi rolunda çıxış etməsi prinsipinin – faktiki olaraq qəbul edildiyini təsdiqləyir. Bakı açıq şəkildə göstərir ki, sülh prosesi iki suveren dövlət arasında aparılır və kənar aktorlar yalnız yardımçı rol oynaya bilər.

Videogörüntü: https://www.facebook.com/share/v/18ChR5tgGD/

Görüşdə diqqət çəkən digər bir detal Bakı və İrəvan arasında ikitərəfli ticarətin başlaması, Azərbaycanın Ermənistana neft məhsulları ixracı və üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin vurğulanması oldu. Ümumiyyətlə, mənə görə, bu, mühüm psixoloji baryerlərin aşıldığının göstəricisidir. Burada Azərbaycanın mövqeyi xüsusilə güclüdür. Bakı qalib tərəf olaraq iqtisadi üstünlüyünü siyasi təzyiq alətinə çevirmək əvəzinə, onu regional sabitliyin qurulması üçün istifadə edir. Bu, Azərbaycanın postmünaqişə strategiyasının əsas xəttidir.

Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin alqışlanması isə etimad quruculuğu tədbirlərinin yeni mərhələyə keçdiyini göstərir. Bu, xüsusilə Ermənistan üçün çətin, amma zəruri addımdır. Çünki uzun illər anti-Azərbaycan narrativi üzərində qurulan ictimai rəyin dəyişməsi yalnız siyasi qərarlarla deyil, cəmiyyətlərarası təmaslarla mümkündür.

TRIPP (Zəngəzur dəhlizi — red.) və digər kommunikasiya layihələrinin müzakirəsi sülh prosesinin regional ölçüsünü ön plana çıxarır. Bu layihələr təkcə Azərbaycan və Ermənistanı deyil, daha geniş coğrafiyanı əhatə edən nəqliyyat və logistika şəbəkələrinin formalaşmasına xidmət edir. Bu isə sülhün geri dönməzliyini təmin edən əsas mexanizmlərdən biridir: iqtisadi bağlılıq artdıqca, münaqişə ehtimalı azalır.

Yekunda tərəflərin təmasları davam etdirmək barədə razılığa gəlməsi onu göstərir ki, proses artıq epizodik görüşlərdən ibarət deyil, davamlı siyasi dialoq mexanizmi formalaşıb. İlham Əliyev və Nikol Paşinyanın sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləməsi, xüsusilə regionda yeni müharibə risklərinin minuma endiyi yönündə mühüm siyasi mesajdır.

Turan RZAYEV,
politoloq.

araz.az xəbər portalı.