Paytaxtdakı məktəbdə 10-cu sinif şagirdinin məktəb pəncərəsindən yıxıldığı, vəziyyətinin ağır olduğu barədə yayılan xəbər gündəmdədir. Ölkə mətbuatı da, Bakıda yerləşən 163 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan bu şagirdin ehtiyatsızlıq nəticəsində pəncərədən yıxıldığını yazır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə mətbuat sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.

“Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, — məlumatda deyilir.

Bildirilir ki, təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxs sol biləyin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

“Almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda həmin şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Lakin aldığımız məlumatlar mətbuatda yazılanları təkzib edir. Üstəlik, şagirdin intihar məktubunun üzə çıxması da bunu təsdiqləyir.

Özcan adlı şagirdin öz xətti ilə yazdığı məktubdan məlum olur ki, o, intihara öncədən hazırlaşıb.

“Hər kəsə salamlar! Mən Özcan. Siz bunu oxuyanda mən artıq olmayacam. Yəni bu məktub, bir intihar məktubudur” –– Özcan intihar məktubunda qeyd edir.

İntihar məktubunun mətnindən aydın görünür ki, bu şəxs daxili hisslərini, yorğunluğunu və həyatındakı çətinlikləri ifadə edən emosional sözləri qələmə alıb. O, ətrafındakı insanların müdaxiləsindən və anlaşılmaz hərəkətlərindən şikayətlənir, özünü tənha və ətrafına aid hiss etmədiyini bildirir. İndiyədək çox şeyi gizlətməyə çalışdığını qeyd edir. Çünki insanların onun geyiminə və həyatına qarışmasından hədsiz dərəcədə narazıdır. Bu səbəbdən, özünü zədələnmiş formada və qaranlıqda hiss edir, lakin artıq parıltı istəmədiyini vurğulayır.

Məktubunun oyuncaq, əyləncə xarakterli olmadığını, hisslərindəki ciddiliyi xüsusi ifadələrlə yazır.

Redaksiyaya daxil olan səhih məlumata görə, fevralın 4-də Bakının Səbail rayonundakı 163 nömrəli tam orta məktəbin 10-cu C sinfində oxuyan Özcan üçüncü mərtəbədən atılaraq, intihar edib. Aparılan araşdırmalar isə göstərir ki, bədən tərbiyəsi dərsindən sonra, bu sinfin 9 nəfər şagirdi ikinci dərsə girmək üçün, üçüncü mərtəbədəki sinif otaqlarına qalxıblar. Bu zaman Özcan sinif otağından dəhlizə çıxaraq, üçüncü mərtəbənin pəncərəsindən yerə atılıb.

Məktəb binası “Stalinka” layihəsi əsaslı tikili olduğundan, hündürlük fərqi 10 metrdən artıq olub. Buna görə də, Özcan ağır yaralanıb. Xəstəxanaya aparılan 10-cu sinif şagirdi dərhal əməliyyat olunub.

Təhsil rəsmilərinin mətbuata açıqlamasında Özcanın ehtiyatsızlıq nəticəsində pəncərədən yıxıldığını xüsusi olaraq vurğulayırlar. Di gəl ki,
bu məlumatın yalan olduğunu şagirdin intihar etməzdən əvvəl yazdığı  məktub da təsdiqləyir. Bunu bir daha qeyd etməyi vacib bilirik ki,  hadisədən sonra Özcanın oturduğu masanın üzərində intihar etmək niyyətində olduğunu sübut edən məktub tapılıb.

Təəccüblüsü budur ki, 163 nömrəli məktəbin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri intihar hadisəsini ört-basdır etməyə çalışırlar. Lakin hər üç qurumun rəhbərliyi bu gənc şagirdin yazdığı məktubdan xəbərdardır. Onda buradan belə bir ciddi sual yaranır:

“Niyə, bu müəssisələrin rəhbər şəxsləri intihar hadisəsini bədbəxt hadisə kimi təqdim edərək, ört-basdır etməyə çalışırlar?”.

Sonda Özcanın yazdığı intihar məktubunu oxuculara təqdim edirik:

araz.az xəbər portalı.