
Regionda sülh və əməkdaşlığı təmin edəcək faktorlardan biri də TRIPP layihəsidir
ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər iki dövlət arasında mövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühitinin bariz nümunəsidir.
Görüş zamanı Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb, regionda uzunmüddətli əməkdaşlıq və inkişaf üçün əlverişli şəraitin yaradılmasına dair ortaq mövqe ifadə edilib. ABŞ-nin bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində Azərbaycanın aparıcı və konstruktiv rolunu yüksək qiymətləndirməsi, ölkəmizin artan geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini bir daha göstərir.
Görüşdə ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması üçün ABŞ Prezidenti Donald Trampın rolu xüsusi vurğulanıb. Vaşinqton görüşündə məsələyə faktiki olaraq nöqtə qoyulması Azərbaycanın iradəsinin dünya gücləri tərəfindən qəbul edildiyini göstərdi. Bu, sadəcə, bir sülh sazişinin paraflanması deyil, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması, revanşist xülyalardan rəsmən imtina etməsi demək idi.
Regionda sülh və əməkdaşlığı təmin edəcək faktorlardan biri də TRIPP layihəsidir. Bu layihə regionun tranzit imkanlarını genişləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və uzunmüddətli sabitliyin əsas dayaqlarından birinə çevrilir. Prezident İlham Əliyevin dediyi kimi, TRIPP layihəsi nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir.
Səfər çərçivəsində Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir. Xartiya enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, qlobal enerji bazarlarının sabitliyinə töhfə verilməsi, həmçinin Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunun daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sənəddə, eyni zamanda, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin inkişafı, Orta Dəhlizin funksionallığının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi nəzərdə tutulur. Terrorizmə, transmilli cinayətkarlığa və digər qlobal təhlükələrə qarşı birgə mübarizə məsələləri də Xartiyanın prioritet istiqamətləri sırasında yer alır.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampla yanaşı, həm strateji müttəfiqi Türkiyə, həm də ABŞ-ın Yaxın Şərqdə əsas tərəfdaşlarından biri olan İsraillə səmimi və etibarlı münasibətlərə malik olan nadir dünya liderlərindəndir. Dövlət başçısının uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan qlobal və regional proseslərdə etibarlı tərəfdaş və dialoqa açıq aktor kimi qəbul olunur
Mahirə HÜSEYNOVA,
professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Əməkdar müəllim.
araz.az xəbər portalı.