Ali məktəbin rəhbəri kürsüsündə oturan rektor həmin elm ocağının siması və təhsil siyasətini formalaşdıran şəxsiyyət kimi qəbul edilir. Lakin ölkəmizdə rektorlar var ki, özlərini nəinki rəhbəri olduqları ali təhsil müəssisələrinin, milli təhsilimizin belə qənimi kimi tanıdıb. Bu neqativlik daha çox onların rəhbər fəaliyyətində korrupsiyanın geniş miqyas almasına, idarəçilikdə şəffaflığın olmamasına bağlıdır.

Adları maliyyə maxinasiyalarında hallandırılan rektorların bağışlanmaz günahları ucbatından universitet və institutlardakı ali təhsil orta və peşə təhsili kimi özünün böhran dövrünü yaşayır. Belə rektorların şəxsində müəllim və tələbə taleyinə biğanəlik, onların necə ələ salınıb alçaldılması kimi müasirliklə ayaqlaşmayan pis təzahürlər daha çox adamın “gözünə girir”. Sanki müəllimlərin hörmətdən salınması onların təhsil siyasətində əsas missiyadır.

Deyilənlər barədə milli təhsilimizin təəssübünü çəkən elm adamları vaxtaşırı sosial şəbəkələrdə status paylaşmaqla, yaşadıqları duyğu və narahatlıqlarını ifadə edir, belə neqativliklərin həm şəxsi, həm də peşəkar baxımdan təsirini xüsusi olaraq vurğulayırlar. Konkret desək, şahidi olduqları bu ciddi məsələlərin nə qədər vacib olduğunu gündəmə gətirməklə, ölkə, eləcə də əlaqədar dövlət qurumları rəhbərlərinin diqqətinə çatdırmağa çalışırlar. Bir də ki, elm adamları öz ənənələrinə sadiq olaraq, bu ciddi problemlərinə yalnız emosional tərzdə reaksiya vermir, hər paylaşımlarında baş verənlərin səbəblərinə, ali məktəb mühitinə və təhsil sisteminin struktur problemlərinə toxunur, “Nüfuzumuz qorunmadıqca, təhsilimiz getdikcə zəifləyir”, — deyə, buna xüsusi iddialarıyla etirazlarını bildirirlər. Yeri gəlmişkən qeyd edək ki, yalnız onlar yox, ictimai sektorun, media vasitələrinin nümayəndələri də, neçə illərdir ölkənin ali təhsilinin acınacaqlı durumu ilə bağlı həyəcan təbili çalırlar.

Xeyli müddətdir bu mövzu ilə əlaqəli neqativ fikirlər Azərbaycanın şərəfli tarixə və gözəl təhsil ənənələrinə malik ilk ali təhsil ocağının — Bakı Dövlət Universitetinin təəssübünü çəkən, ömrünün çoxunu bu elm ocağında təhsilə həsr edən təcrübəli, ağ saç elm adamlarının dilindən daha çox eşidilir.

“Elçin Babayev dövlət başçısı tərəfindən 2019-cu ilin mart ayının 11-də ölkənin ən qocaman, ən nüfuzlu bu ali məktəbinə rektor təyin olunub. İndiyədək ötən müddət az da deyil. Lakin bu vəzifəsi başında  onun hansısa yaxşı bir iş gördüyünü deyə bilmirik. Amma deyə bilərik ki, məqsədi olsaydı çox işlər görə bilər, iş görmək adı altında ucuz, bayağı yollara əl atmazdı” — uzun zamandır BDU-da çalışan müəllimlərin əlaqəli neqativ fikirləri sosial şəbəkələrdə tez-tez paylaşdıqları reaksiyalarda öz əksini tapır. Şikayətçilər məlum neqativliklər ucbatından hər an keçirdikləri təəssüf hisslərini açıq şəkildə büruzə verərək deyirlər ki, yarandığı tarixdən etibarən digər təhsil ocaqlarından fərqli adət və ənənələri ilə seçilən Bakı Dövlət Universitetinin kollektivi özünə yad belə davranış sahibinin hərəkətlərini heç cür həzm edə bilmir:

“Nə biz onu qəbul edə bilirik, nə də o universiteti sevə bilir. Başa düşmək istəmir ki, belə ali təhsil ocaqlarının bütün ölkələrin inkişafında xüsusi çəkisi var”.

Elm adamları kimi, bu mövzu ətrafında fikirlərini bildirən ölkənin söz sahibi təhsil ekspertləri də, dünyanın ali məktəblərinin reytinq cədvəlində Bakı Dövlət Universitetinin adının olmamasına görə məyus olduqlarını ictimaiyyətlə bölüşürlər:

“Bu qiymətləndirmədə təhsil müəssisələrinin hər birinin dünya miqyasında tanınma səviyyəsi, elektron məkanda tutduğu çəkisi, başqalarının ona verdiyi qiymət və s. kimi meyarlar əsas götürülür. Yüksək liqa hesab olunan ilk 6 min ali məktəb arasında Bakı Dövlət Universitetinin adı yoxdur və pis durumda olmamasının daha bir göstəricisi budur. Belə bir nüfuzlu cədvəldə dövlətin bu nüfuzlu ali məktəbinin yer tutmaması acınacaqlı haldır. Görünür ki, məlum cədvəlin dərc olunmasına qədər bu ali məktəbin rəhbəri ölkə başçısını, Azərbaycan cəmiyyətini aldatmaqla məşğul olub.

Bu neqativlik rektorun islahatlara “yaşıl işıq yandırmaması” ilə birbaşa əlaqəlidir. Axı, şöbələri birləşdirmək, departamentləri parçalamaq nə vaxtdan islahat hesab olunub? Elçin Babayev rektor işlədiyi ötən müddətdə islahat apara bilməyibsə, bundan sonra da apara bilməyəcək. Bəla burasındadır ki, nəticələr indiyə qədər heç bir rəsmi qurumu maraqlandırmayıb”. 

Elm adamları kimi, ekspertlər də deyirlər ki, 2019-cu ilin martında nisbətən gənc, xarizmatik təəssürat yaradan Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyin edilməsi böyük ümidlər yaratdı. Ötən müddət ərzində isə, universitetdəki təhsilə cavabdehlik daşıyan bu şəxsin müasir düşüncədə olmadığı məlum oldu və yaxşı heç nə ilə yadda qalmadı. Bu azmış kimi, təhsili mövcud qanunlara, cəmiyyətin tələbatına, o cümlədən, Prezidentin sərəncam və göstərişlərinə məhəl qoymadan, özünün “qanunları” ilə idarə etdi. Bunun danılması mümkün olmayan həqiqət olduğu hamıya məlumdur.

“Nəticələrə diqqət edin: Aydın görmək olur ki, təhsilə ayrılan vəsait artdıqca, BDU-da təhsilin keyfiyyəti aşağı düşür. Elə rüsvayçılıqlar baş verir ki, normal cəmiyyətlərdə bunun baiskarı nəinki vəzifəsini itirməliydi, hətta azadlıqda gəzməsi mümkün ola bilməzdi.

Elçin Babayev ölkənin strateji bir sahəsini bataqlığa yuvarlayanlardan biridir. Dövlət başçısı səviyyəsində belə bir rektordan hesabat və izahat tələb olunmalıdır — Ən azından vəsaitlərin xərclənməsinin hesabatı. Çünki vəziyyət acınacaqlıdır. Sizin Arazpress.com saytındakı universitetlə bağlı son yazınızın mövzusu da əsasən bu barədə idi. Bu biabırçılıqdan çıxış yollarından biri universitet rəhbərinin dərhal istefaya göndərilməsidir.

Onu da demək istəyirik ki, ölkə başçısı “Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Tam məsuliyyətlə deyə bilərik ki, bu sərəncamın bir bəndi belə bu ali məktəbdə icra olunmur. Buna daha çox, özünün-özünə verdiyi qiymət dünya reytinq cədvəlləri ilə başdan-ayağa ziddiyyət təşkil edən rektorun özü imkan vermir.

Təəssüf ki, bizim və elm adamlarının siyasi hakimiyyətin diqqətini Elçin Babayevin əməllərinə yönəltmək cəhdlərimiz uğursuz alınır. Göründüyü kimi, bu ciddi məsələyə hər hansı səviyyədə reaksiya verilməsinə nail olmaq çox çətindir. Bu isə, ictimaiyyət arasında da ciddi suallar, böyük narahatlıqlar doğurur. Göstərilənlər üzrə çox danışılsa da, problemi həll edəcək cavablar hələ tapılmayıb” –– ekspert təhlil yazısında deyilir.

Məlumatlı mənbəmizin dediklərinə görə, göstərilən faktlar universitetin üzləşdiyi problemlər fonunda diqqət çəkir. Belə bir məsul vəzifə sahibinin bayağı hərəkətlər sahibi olması da, diqqətçəkəndir.

“Guya, islahatçı rektordur və özünü həmişə ucuz, bayağı, primitiv yollarla  cəmiyyətə təqdim etmək istəyib. Hətta belə bayağı səhnələri sosial şəbəkələrdəki trol dəstələri bəh-bəhlə cəmiyyətə sırımaq istəyiblər. Özünüz deyin, rektorun ad günündə tələbə qızın alnından öpməsi, ona şokolad bağışlaması nə dərəcədə düzgündür?! Bir də ki, o, rəhbər kimi qəbul ediləsi olsaydı, öz doğum gününü üfunət iyi verən yataqxanada tələbələrlə qeyd etməz, Novruz bayramında tələbə oğlanla yumurta döyüşdürməzdi.

Elçin Babayev bilmir ki, artıq adamları belə səhnələrlə aldatmaq mümkün deyil. Bu cür saxta tərənnüm, mədahhlıq səhnələri daha işləmir. Yəni, indi vəsf zamanı deyil, işləmək, millət, xalq yolunda külüng çalmaq lazımdır”, — deyə şikayətçilər bildirirlər.

Qeyd edirlər ki, Elçin Babayev rektor təyin olunan kimi BDU-nun həyətində iki dönərxana açdırıb. Universitetin yeməkxanasını Bakının ən bahalı məkanlarından biri olan “Demirchi Tower”dəki “Gate 25” restoranının sahibi Eldar Daşdıyevə icarəyə verib. BDU-da ümumi şöbənin müdiri olan Ləman Hüseynbəyli ilə birgə tez-tez getdikləri həmin restoranın sahibi də, burada şəxsi hesabından etdiyi təmir işlərinin pulunu “ağına-bozuna baxmadan” tələbələrdən çıxarıb.

Bu barədə əksər media vasitələri də yazıb. Üstəlik, onu da yazıblar ki, o, bu vəzifədə bismillah edən kimi Bulvar İdarəsinin müdirini BDU-nun Tarix Muzeyinə direktor təyin edib. Axı, bulvar hara, Tarix Muzeyi hara?

Universiteti idarə edən xanımın da onun yaxını olduğunu hamı bilib. Yaxını və adaşı Elçin də burada söz sahibi kimi tanınıb. Adaşının yaxını Ləman xanımın sürücüsünün BDU-da nə oyunlardan çıxdığını hamı hər addımda görüb. İkinci həyat yoldaşının bacısını özünə köməkçi, üstəlik, Ümumi şöbəyə müdir təyin edəndə də, heç nəyi nəzərə almayıb. Qınaqlar vecinə olmayıb deyə, bundan sonra, birinci həyat yoldaşının qardaşını müşavir təyin edib. Daha sonra bacısının həyat yoldaşını, Naxçıvan aeroportunda polis nəfəri kimi çalışan, davranışları heç də xoş təəssürat yaratmayan Fikrət Heydərov kimi adamı özünə müşavir gətirib. Bir sözlə, az vaxtda BDU-nu qohum-əqrəbasıyla doldurub. Özünüz deyin, rektorun öz tayfa-törəmələrindən olan neçə müşaviri olar?

Araşdırmalara əısasən bildiririk ki, Elçin Babayevin BDU-ya gətirdiyi kadrların heç birinin elmi dərəcəsi, elmi adı, təhsillə əlaqəsi yoxdur.

“Akademiklərin, professorların can qoyduğu bu elm məbədgahının günahı nədir ki, Elçin Babayevin yaxınları, alayarımçıq ali təhsil diplomu olan, ya olmayan Fikrət Heydərov (polis işçisi), Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Mirzə Mirzəyev (Qaradağ Rayon Maliyyə İdarəsinin rəisi), Elçin Məmmədov (Metropoliten əməkdaşı), Rəşad Cabbarov (Azərsell-də telefon meneceri), Ləman Hüseynbəyli (Elm Fondunda mütəxəssis) kimi adamlar başına oyun açsınlar?

Xatırlamaq vacibdir ki, hələ universitet yarananda ona rektorluq etməyə Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olsun. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların rektorluq etdiyi bir məbədgaha XXI əsrdə elmlər namizədinin rəhbərlik etməsi nə dərəcədə düzgündür? Onlar sanki başda Elçin Babayev olmaqla, dövlətin bu böyük elm müəssisəsinin bütün funksiyasını öz adlarına dəyişməyi planlaşdırırlar. Belə qohumbazlıq, tayfabazlıq, müasir dillə desək, traybalizm olmaz axı!” –– şikayətçilər bu sarıdan narahatlıqlarını isə belə ifadə edirlər.

Deyirlər ki, BDU-nun tarixində heç bir rektor belə əməllər sahibi olmayıb. Bir müddət Şamaxı Rəsədxanasında elmi işlər üzrə direktor müavini olan, lakin bu sahəyə aid hansısa bir elmi işindən söhbət getməyən Elçin Babayev isə, sözün əsl mənasında, “qəhrəman”dır.

Etibarlı mənbəmiz BDU-nun rektoru haqda daha bir məlumatı da öz əsasları ilə təsdiq edir. İsrarla bildirir ki, Elçin Babayev iri həcmli daşınmaz əmlak portfelinə sahibdir. Bunun həqiqət olduğuna apardığımız bu istiqamətli araşdırmalarımızın son nəticəsi də şübhə yeri qoymayıb. Məlum olub ki, paytaxt Bakının və ətraf yaşayış məntəqələrinin, eləcə də, Şamaxının ən bahalı ərazilərində yerləşən bir-neçə dəbdəbəli malikanə və obyekt onun külli miqdarda pulları hesabına alınıb. Elçin Babayev bu bahalı mülklərini rektorluq illəri ərzində mərhələli şəkildə alıb. Lakin bu mülklərin hamısı rəsmi sənədlərdə rektorun özünün yox, doğma və yaxınlarının adlarına rəsmiləşdirilib və qeydiyyata düşüb. Sözügedən bu mülklərin ümumi dəyəri 2 milyon manatdan xeyli artıqdır və əsasən elit yaşayış zonalarında yerləşir. Bu bahalı mülk və obyektlərin bir hissəsi klassik viktorian üslubun, digərləri isə, müasir lüks memarlığının nümunələridir.

Sonda diqqətinizə çatdırırıq ki, Arazpress.com-un ötən yazısının əsas mövzusu da Elçin Babayevin maliyyə maxinasiyaları barəsində idi. Redaksiyamıza ötürdüyü məlumatlardakı faktların dəqiqliyinə şübhə etmədiyimiz etibarlı mənbənin dedikləri əsasında hazırlanan həmin yazıda xüsusi olaraq onu qeyd etmişdik ki, rektor özünü təcrübəli maxinasiya ustası kimi tanıdıb və bardağa çevirdiyi universitetin maliyyəsini kortəbii şəkildə dağıdır. Bunun təsdiqi kimi, yazıda göstərilən bəzi faktlara bir daha diqqət yetirmək kifayətdir:

— 2024-cü il üçün BDU-nun tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üçün “Gesco” ASC-yə 717 min 274 manat ayrılıb. Çox qəribədir ki, mühafizə üçün eyni şirkətə ötən illə müqayisədə 200 min manat artıq vəsait ödənilib;

— Yeni tikiləcək qazanxana üçün “A.E.S – Trading” MMC -yə 2 milyon 498 min manat ödəniləcəyi nəzərdə tutulub. Qazanxana tenderinin maliyyə pozuntusuna görə məhkəmə tərəfindən cərimələnən həmin şirkətə yeni vəsait verilməsi kifayət qədər ciddi suallar yaradır. Necə ki, yeni təmirdən çıxmış I korpusda və ötən il istiliyi üçün 78 min manat pul xərclənən II korpusda qış aylarında istiliyin olmaması da, ciddi suallar doğurur;

— Təhsil nazirinin də 2019-cu ilin avqust ayında açılışında iştirak etdiyi (Həmin tarixdə televiziya kanalında bu açılış göstərilib — red.) “Tələbə Evi”nin tender sənədləri 2020-ci ildə elan edilərək, 4 milyon manat müəyyən olunub. 2023-cü ildə isə, bu rəqəm, təsərrüfat hissəsinin genişləndirilməsi istiqaməti adı altında 20 milyon manata çatdırılıb. Beləcə, bu qədər külli miqdarda vəsait də, şişirdilmiş qiymətlər adı altında universitetin hesabından silinib. Halbuki, bu qədər vəsait əvvəlki rektorun dövrü ilə müqayisədə dəfələrlə çoxdur və 5 — 6 ilə zorla xərclənirdi;

— Elmin İnkişafı Fondunda “əllinin əlliyə” prinsipi əsasında tenderlər keçirən Elçin Babayevin bu sahədə də təcrübəsi az deyil. Elə bu məqsədlə 1 saylı tədris binasını da tender üçün hazırlatdırıb. Çünki tenderdə iştirakına icazə verilməyən təcrübəli inşaatçılardan adının çəkilməsini istəməyən birininin dediyinə görə, bu əsaslı təmirin qiymətlər xərci 7 milyon manatdan çox ola bilməzdi. Hər bir kvadratmetr üçün əsaslı təmir xərcləri 350 manat və bu qədər də, avadanlıq xərcləri nəzərdə tutularsa, 9000 kvadratmetrlik bina üçün bu xərclər 700 x 9000 = 6.300 000 manat təşkil edə bilərdi;

— Artıq ikinci 5 illiyə də təyinatını sığortalayan rektor, universitetin 2 saylı tədris binasının əsaslı təmirinə 13 milyon xərclətdirdikdən sonra, “əlinin bala batdığını” düşünərək, həcm və ölçü etibarı ilə, ondan daha kiçik olan 1 saylı tədris binasınının əsaslı təmirini 25,0699 milyon manat tenderə çıxartdırıb…

…Heç şübhəsiz, göstərilən faktlar və detallar, sual doğuran məqamlar Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin qanunsuz fəaliyyətini göz önünə gətirir.

Ən maraqlısı odur k, rektor indiyədək yayılan iddialarla bağlı rəsmi açıqlama verməyib, yazılanlara münasibət bildirməyib, bu xəbərləri nə təkzib, nə də təsdiq edib, Çünki elə bilir ki, bura da onun ata-babadan qalma mülkiyyətidir.

Bu qədər müraciətə baxmayaraq, Təhsil Nazirliyinin bu məsələyə susqunluq nümayiş etdirməsini Bakı Dövlət Universitetinin əməkdaşları başa düşmədiklərini bildirirlər. Sual edirlər ki, görəsən, Təhsil Nazirliyi kimdən qorxur və bu ciddi məsələyə niyə reaksiya vermir?

Arazpress.com olaraq, yazıda adları hallanan hər kəsin və tərəflərin cavab haqqını tanıyırıq.

Məhi ELSEVƏR

araz.az xəbər portalı.