
II Qarabağ müharibəsindən sonra Azərbaycan 4 böyük ölkə ilə strateji sənədə imza atıb. 2021-ci il iyun ayının 15-də Türkiyə (dövlətlərarası – Şuşa Bəyannaməsi), 2022-ci il fevral ayının 23-də Rusiya ilə (dövlətlərarası – Moskva Bəyannaməsi) strateji müttəfiqliklə bağlı müqavilə bağlanıb. 2025-ci il aprel ayının 23-də Çinlə strateji tərəfdaşlıq əlaqələrinin (dövlətlərarası) qurulması haqqında bəyanat, 2026-cı il fevralın 10-da isə ABŞ və Azərbaycan (hökumətlərarası) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb.
Diqqət ediriksə, bu 4 sənədin hər birində “strateji” sözü işlənir. Amma hüquqi statusu, öhdəlikləri və siyasi məzmunu eyni deyil. Bu sənədlərin hər hansı birini epizodik və yaxud əhəmiyyətsiz hesab etmək də doğru deyil, lakin mühüm məqamları qeyd etmək də yerinə düşər.
— TÜRKİYƏ ilə imzalanan sənəd müttəfiqlik münasibətlərii təsbit edir, hərbi əməkdaşlıq, təhlükəsizlik sahəsində qarşılıqlı dəstək, siyasi, iqtisadi və müdafiə sənayesi sahələrində dərin inteqrasiya açıq qeyd olunur. Yəni, praktiki olaraq hərbi-siyasi müttəfiqlikdən söhbət gedir.
— RUSİYA ilə imzalanan sənəd də müttəfiqliklə bağlı mühüm əhəmiyyət kəsb edir. Düzdür, Azərbaycan KTMT-nin üzvü deyil, eləcə də Rusiya ilə bağlanan bu müqavilə NATO formatında hərbi müttəfiqliyi də nəzərdə tutmur. Amma sənəddə qarşılıqlı təhlükəsizlik, koordinasiya, hərbi-texniki əməkdaşlıq və regional sabitlik məsələləri xüsusi yer tutur.
— ÇİNLƏ imzalanan sənəddə “hərtərəfli strateji tərəfdaşlıq” ifadəsi işlədilir – hərbi müdafiə öhdəliyi yoxdur, daha çox iqtisadiyyat, nəqliyyat (Orta Dəhliz), enerji, investisiya, texnologiya, qlobal siyasi koordinasiya məsələlərini özündə ehtiva edir. amma təhlükəsizlik ittifaqı deyil. Sənəd daha çox güclü iqtisadi-siyasi tərəfdaşlığı nəzərdə tutur.
— ABŞ-la imzalanan xartiya isə çərçivə sənədidir. Şübhəsiz ki, əhəmiyyətli sənəddir. Lakin daha çox əməkdaşlıq istiqamətlərini müəyyən edir, enerji təhlükəsizliyi, regional sabitlik kimi sahələr vurğulanır, müttəfiqlik müqaviləsi olmadığına görə, hüquqi baxımdan bağlayıcılığı məhdud xarakter daşıyır.
Bu sənədlərin hər birinin təhlili göstərir ki, Azərbaycan kifayət qədər ağıllı və praqmatik addım atıb, xarici siyasətin koordinatları zərgər dəqiqliyi ilə həyata keçirilir. Nə üçün?
Birincisi, Azərbaycan hansı ölkə ilə hərbi-siyasi öhdəlikləri real olan və praktiki əhəmiyyət daşıyan müqavilə bağlaya bilərdisə (Türkiyə), ona nail olub,
ikincisi, regional təhlükəsizliyin arxitekturasını düzgün qiymətləndirərək Rusiya ilə belə bir müqaviləni imzalayıb,
üçüncüsü, böyük imkanlar vəd edən logistika, iqtisadiyyat, geosiyasi maraqların təminatı məqsədilə Çinlə bəyanata qol atıb,
dördüncüsü, Qərb istiqamətli maraqların təminatını hədəfləyən ABŞ-la çərçivə sənədi (xartiya) bağlayıb.
Bir daha qeyd edirəm, tərəf kimi Azərbaycan üçün bu sənədin imzalanması sıradan hadisə deyil, amma amerikapərəst və “liboş” xəstəliyinə tutulan adamların az qala möcüzə kimi təqdim etdikləri kimi də hərbi-strateji əhəmiyyət daşımır. Yəni, bu sənəd bizi hər hansı təhlükəli qonşunun caynağından xilas etmək öhdəliyinə sahib deyil.
İndi sual olunur, ABŞ özü bu sənədə nə dərəcədə ağıllı addım kimi yanaşır? İndi qayıdaq bu xartiyanın ABŞ üçün əhəmiyyətinə…
ABŞ hüquq sistemində beynəlxalq sənədlər üç əsas kateqoriyaya bölünür: senatın təsdiqlədiyi sənədlər, konqresin təsdiqlədiyi sənədlər, prezident və administrasiya səviyyəsində bağlanan sənədlər. Xartiyalar üçüncü kateqoriya sənədlərə daxidir. Bu o deməkdir ki, ABŞ üçün bu sənəd niyyət və əməkdaşlıq məqsədi daşıyır.
Şübhəsiz ki, ABŞ-ın Cənubi Qafqazdakı maraqlarını nəzərə alsaq, bu sənəd Vaşinqton üçün strateji istiqamət siqnalıdır, amma təhlükəsizlik öhdəliyi də deyil. Sabah ABŞ-ın regindakı fəallığı azalarsa, yaxud təhlükə altına düşərsə, sənədin fəallığı da azalmış olacaq.
Tarixə nəzər salsaq görərik ki, müqayisə üçün geniş materiallar əldə edə bilərik. Məsələn, 1918-ci ildə ABŞ Prezidenti Vudro Vilson “millətlərin öz müqəddəratını təyinetmə” prinsipini irəli sürdü, Cənubi Qafqaz respublikaları, eləcə də Azərbaycan beynəxalq dəstək axtarışında idi. ABŞ siyasi dəstək mesajları verirdi, amma hərbi təminat vermədi, regionda faktiki qüvvə yerləşdirməkdən imtina etdi və bolşeviklər irəliləyəndə müdaxilə etməməyi üstün tutdu, regionu Rusiyaya təhvil verib geri çəkildi. ABŞ 2014 və 2022-ci illədə Ukraynaya da strateji siyasi dəstək verdi (və silah satıb borclandırdı), amma müttəfiqlik öhdəliyi götürmədi. Bu gün ABŞ Cənubi Qafqazda enerji təhlükəsizliyi, Orta Dəhliz və Rusiya, İran amillərinə görə mövcudluğu uğrunda döyüşür. ABŞ-a torpaq yox, imperialist təhlükəsizlik maraqları lazımdır və bu maraqların da mərhələli təminatına uyğun şəkildə davranır.

Samir FEYRUZOV
araz.az xəbər portalı.