
Fevralın 17-də baş tutan məhkəmə iclasında Ermənistan vətəndaşı Ruben Vardanyanla bağlı cinayət işinə baxılıb. Nəticədə o, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silah dövriyyəsi, cinayətkar təşkilat yaratmaq və digər ağır cinayət maddələri ilə təqsirli bilinib. Beləliklə məhkəmə Vardanyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Cəzanın ilk 10 ilinin həbsxanada, qalan hissəsinin isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.
Azərbaycan hüquq sistemi çərçivəsində hər bir məhkəmə prosesi, o cümlədən Vardanyanla bağlı cinayət işi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılıb. Qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilib, bütün sübutlar açıq məhkəmə iclaslarında təqdim olunub, prosesin hər mərhələsi şəffaf şəkildə sənədləşdirilib.
Azərbaycanın prosesi yüksək həsslıq və dəqqiliklə aparmasına baxmayaraq, “Amnesty International” (AI) təşkilatı qərəzli açıqlamalar səsləndirib. Xüsusi ilə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Marie Struthers Vardanyan və digər erməni separatçılarının məhkəmə prosesinin formal, ədalətsiz və saxta olduğunu iddia edib. Halbuki prosedur qanuni əsaslara tam uyğun keçirilib və təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin olunub. Bir daha qeyd edim ki, məhkəmə qərarı həm milli, həm də beynəlxalq hüquq normalarına uyğun olaraq çıxarılıb, o cümlədən Vardanyanın törətdiyi ağır cinayətlər tam sənədləşdirilib.
Ümumiyyətlə, Ruben Vardanyanın törətdiyi cinayətlər açıq və çoxşaxəlidir. Belə ki, o, təcavüzkar müharibəni planlaşdırmaq və aparmaq, mülki əhalini məcburi köçürmək, zorakılıq yolu ilə insanları yox etmək, beynəlxalq humanitar hüquq normalarını pozmaq, qanunsuz silah dövriyyəsi və terrorçuluq fəaliyyəti, cinayətkar təşkilat yaratmaq, dövlətin konstitusiya quruluşunu zorla dəyişməyə cəhd və digər qanun pozuntularına yol verib. Sadalanan əməllərin hər biri Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq baxımından ağır cinayət kateqoriyasına daxildir, bu istiqamətdə məhkəmə tərəfindən ciddi hüquqi qiymətləndirmə aparılıb. Cəzanın ölçüsü, həbsxana və ciddi rejimli müəssisədə çəkilməsi isə törədilmiş cinayətin ağır xarakterinə uyğun olaraq seçilib.
Təşkilatın açıq ikili yanaşması
“Amnesty International”ın qərəzli yanaşması ilk deyil. Məsələn, təşkilat 2020-ci ilin oktyabrında mülki əhaliyə qarşı kassetli sursatlardan istifadə iddialarını qabardaraq geniş beynəlxalq kampaniya aparmışdı. Halbuki həmin dövrdə Ermənistan tərəfinin Azərbaycanın müxtəlif şəhərlərinə raket hücumları nəticəsində həlak olan mülki əhali barədə heç bir açıqlama verməmişdi. Bu selektiv yanaşma beynəlxalq hüquq prinsiplərinə ziddir, çünki hüquq müdafiəsi və insan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar obyektiv və balanslı məlumat verməli, qurbanları etnik mənşəyə görə fərqləndirməməlidir. Məsələn, Azərbaycan tərəfi faktların yerində yoxlanması üçün beynəlxalq təşkilatları dəvət etmiş və prosedurların şəffaf aparılmasına çalışmışdı.
“Amnesty International” əslində məsələni fərd əsasa endirir. Yəni sanki Azərbaycanın Ruben Vardanyan və ya digər separatçılar ilə şəxsi ədavəti var. Halbuki Azərbaycan hüquq sistemi tərəfindən görülmüş tədbirlər və məhkəmə qərarları dövlətin suverenliyini və milli maraqlarını qorumağa xidmət edir. Vardanyanın törətdiyi cinayətlər beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq qiymətləndirilib. Əgər məhkəmə yalnız milli qanunvericiliyə əsasən aparılsaydı, o zaman hardasa haqq vermək olardı. Halbuki proses beynəlxalq hüquq prinsipləri və insan haqları normaları baxımından əsaslandırılıb.
“Amnesty International”ın Ruben Vardanyan və digər separatçılar üçün əl-ayağa düşməsi ilə yanaşı, Qərbi azərbaycanlıların işinə baxmaması da onun qərəzli mövqeyini sübut edir. Halbuki Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına kömək edilməsi xahişi ilə müraciət olunub, lakin təşkilat olduqca mücərrəd cavab verərək ədaləti dəstəkləməkdən boyun qaçırıb.
Təəssüf ki, özünü insan haqları təşkilatı kimi təqdim edən “Amnesty International” bütün beynəxlaq hüquq normaları əsasında aparılan prosesi “qərəzli” adalandıraraq 34-cü ildönümü anılacaq Xocalı soyqırımını törədən canilərin yanında olduğunu, insan haqlarına, insan iztirablarına, humanitar fəlakətlərə yalnız siyasi prizmadan yanaşdığını nümayiş etdirdi.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.